Bir neçə gün əvvəl Milli Məclis yolda sürət həddini aşmaya görə cərimələrin artırılmasına dair layihəni təsdiqləyib. Belə ki, bundan sonra yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq. Bundan əvvəl isə, bu məbləğlər yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində, 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilirdi. Siam.az-ın məlumatına görə, nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu qərar lahiyəsinin təsdiq olunması, yəni sürət hədlərinin müəyyən edilməsinə dair cərimələrin və inzibati xətanın sərtləşdirilməsi gözlənilən qərar idi. Onun sözlərinə görə, son vaxtlar yol nəqliyat hadisələrinin artması və digər qəzalar, xüsusən də, piyadavurma hallarının sayının çoxalması, o, cümlədən də dayanmış-durmuş maneəyə çırpılma və s. digər faktorları nəzərə alaraq, yollarda sürət həddinin aşılmamasına qarşı müəyyən tədbirlər həyata keçirilməli idi. Bu səbəbdən də, bu qərarlar qəbul edilib.
“Sürət həddinin seçilməsi və yüksək sürətlə hərəkət etmə nəqliyat vasitələrinin texniki göstəricilərinə uyğun olmalıdır. Bu və digər qanunların təsdiqi və tətbiqi avtoxuliqanların sayının azalmasına səbəb olacaq. Eyni zamanda qəzaların azalmasına gətirib çıxaracaq. Artıq sürücülər biləcək ki, sürət həddini aşarsa, onu yüksək məbləğdə cərimə gözləyir”- deyən ekspert hesab edir ki, nəqliyyatın hərəkətinin tənzimləməsində bu kimi qərarların böyük rolu var.