Zaur müəllimin Saatlı və Sabirabaddakı `MİNİ YEZİDLƏRİ`... - NARAZILIQ VAR!
İllərdir ki, susuzluqdan danışılanda hamımız bir ağızdan "Yezidə lənət" oxuyuruq ki, susuzluqdan yanan peyğəmbər ailəsinin üzvlərinə bir içim su verməyib. Hamımız da lap uşaqlıqdan düşünürdük ki, "İlahı sudan bol nə var ki, onu Yezid onu imamlardan əsirgəyib"...
Amma , sən demə su da tükənən nemət imiş. Qurban olduğum Rəbbim bəlkə də elə bizi - bütün insanları bir-birinə tanıtmaq üçün su qıtlığı siqnalını verdi. Bir balaca su azalan kimi içimizdəki "Yezidlər"i tanımağa başladıq.
Ömrü boyu özləri də "Yezidə lənət" deyən, "müəllim" deyə hörmətlə müraciət etdiyimiz, məclislərdə, tədbirlərdə sayıb, yuxarı başa keçirdiyimiz "Yezid müəllim"lərlə yavaş-yavaş aramız dəyməyə başladı.
Müasir dövrün "Yezid müəllim"lərinin inanıb, itaət etdikləri isə nə bir daşdır, nə də taxta parçası. Onların bir inancı, "səcdəgəh"ı var, o da pul - rüşvət. Hər halda, bunu son 4-5 ilin şikayətçisi olan fermerlər deyirlər. Doğrusu inanılması mümkünsüz iddia da deyil.
Əlqərəz...
Bir yandan deyirik mövzunu çox uzatmayaq, digər yandan da hər il əkin vaxtı su ola-ola susuzluqdan təsərrüfatı məhv olan, xərci və zəhməti hədər gedən kəndlilərin fəryadı ilə sızıldayan vicdanımız bu sahədəki səlahiyyətli şəxslərin layiq olduqları ifadələri qələmə almağa məcbur edir.
Bir müddət əvvəl Saatlı rayon sakinlərinin su tələbi ilə aksiya keçirdiklərini yəqin ki, çoxunuz xatırlayır. Amma, görünür Saatlı rayon Suvarma Sistemləri idarəsinin müdiri Tahir Rzayev, Su Təsərrüfatı birliyinin sədri olduğu deyilən Fərahim Qurbanov, 4 nömrəli Regional Sukanal İdarəsinin Saatlı Sukanal Sahəsinin rəisi olduğu deyilən Əlirza adlı şəxs və Tahir Rzayevin Bəylik kəndinə işçi təyin etdiyi 85 yaşlı ağsaqqal Səfdər kişi çoxdan unudub..
Bəli, biz bu adları təsadüfi çəkmədik.
Ötən həftənin şənbə günü "DogruXeber.az" informasiya agentliyinin tabeliyində fəaliyyət göstərən "Kanal14"ün canlı efirində "Kamalın zamanı" proqramına bağlanan Saatlı rayon Bəylik kənd sakini Əlimirzə Kazımov özünün və onun kimi bir neçə kənd sakinlərinin təsərrüfatının susuzluqdan məhv olmasında məhz bu adları çəkib və onları günahlandırıb.
Əlimirzə Kazımov bildirir ki, Saatlı rayon Suvarma Sistemləri idarəsi işini düzgün aparmır. 70-80 ha torpaq sahəsi əkən sahibkarlar var ki, o qədər torpaq sahəsini 1-2 günə tamamilə suvarıb bitirir, mənim kimi 2-3 ha əkin sahələri olanlar isə günlərlə sürünsək də çox zaman su əldə edə bilmirik, nəticədə əkin sahələrimiz susuzluqdan yanır. Həmkəndlimə dərdimi danışıram, deyir, "hamı pulunu verib suvarır, sən də ver". Deyirəm, mən də hər ha üçün 8 manat pul ödəyirəm, deyir, "biz hər ha üçün 10-20 manat veririk, bizə su verirlər."
Yeri gəlmişkən, Əlimirzə Kazımov onu da bildirdi ki, - "Mən ələ pul verməyə narazılıq etdim, dedim kodlarımı (ödəniş üçün hesab nömrəsi) verin, özüm terminaldan ödəyəcəm. Mənə kodu göndərib, dedilər hər ha üçün 8 manat ödəyəcəksən. Deyirəm, suyun kubu 2.70 manatdır, 8 niyə ödəyirəm? Mən nazirliyə müraciət edəcəm, mənə deyirlər nazirlik bilmir, onu biz özümüz hesablayırıq."
Baxın, Əlimirzə Kazımovun sözlərinə görə onlar su tapmasalar belə, hər suvarma vaxtı ödəniş edirlər. Özü də su bəndlərinə nəzarət edən (camaat arasında suyu bölüşdürən) 85 yaşlı Səfdər kişi necə hesablayırsa hər ha üçün 8 manat düşür.
Əlimirzə bəyin iddiasına görə heç kimin əkin sahəsinin yanında su sayğacı yoxdur, amma onlardan müəyyən kub hesabı ödəniş tələb olunur.
Qeyd edək ki, Əlimirzə Kazımovun müraciətində adı çəkilən şəxslərin də mövqeyini dinləmək məqsədilə elə canlı yayımdaca ilk növbədə Suvarma Sistemləri İdarəsinin müdiri Tahir Rzayevə zəng etdik, zəng çatmadı. Ardından Su Təsərrüfatı Birliyinin rəisi olduğu deyilən Fərahim Qurbanova zəng etdik, o da dəstəyi qaldırmadı. Onun ardından da adı çəkilən digər səlahiyyətli şəxslə - Saatlı rayon Sukanal İdarəsinin müdiri Əlirza adlı şəxslə telefon əlaqəsi saxladıq.
Düzdür, Əlirza bəy telefona cavab verdi, amma kaş ki, verməsəydi...
Bizim hörmətlə "müəllim" deyə xitab etdiyimiz şəxs, sən demə heç mətbuat nümayəndəsi ilə necə danışmalı olduğunu belə bilmirmiş, o ki, qaldı sıravi sakinlər ola...
Tələm-tələsik məsələni Su Təsərrüfatı Birliyinin rəisi Fərahim Qurbanovun üzərinə yönləndirib, telefonu söndürdü.
Əlimirzə Kazımovun sözlərinə görə idarə müdiri Əlirza onun telefon nömrəsini bloklayıb ki, ümumiyyətlə ondan zəng gəlməsin.
Kiçik - böyük səlahiyyət sahiblərinin özlərini bu qədər "əlçatmaz" hesab etmələri, hamıya yuxarıdan aşağı baxmaları, vətəndaşlarla kobud davranışları onu deməyə əsas verir ki, qəsdən vətəndaşlarda dövlətə-dövlətçiliyə qarşı narazılıq yaratmağa, onları kütləvi aksiyalara qaldırmağa çalışırlar.
Gördüyünüz kimi Bəylik kənd sakini adlarını çəkdiyi şəxslərin, eləcə də Su idarəsinin işçisi kimi tanıdıqları, lakin rəsmi işçi olub-olmadığını bilmədikləri 85 yaşlı Səfdər kişinin də vəzifələrindən, eləcə də vətəndaşlardan necə istifadə etdiklərindən bəhs edir.
Amma, bildirmək istəyirik ki, bu hələ hamısı deyil. Necə deyərlər, bu hələ "jurnalın üz qabığıdır".
Saatlı rayon sakini Asim Əliyev az müddət əvvəl bir neçə müstəqil saytların elektron ünvanlarına Tahir Rzayevin digər "gəlir yerləri" haqqında geniş tərkibli müraciət məktubu və videomateriallar göndərmişdi.
Sözügedən müraciətdə Saatlı rayon Suvarma Sistemləri İdarəsinin bağladığı tender müqavilələrindən və idarənin texnikalarının sahibkarlara günlük icarəyə verilməsindən bəhs edilib.
Diqqət etdinizsə, Əlimirzə Kazımov da uzun müddətdir su kanallarının və kollektorların təmizlənmədiyini vurğuladı. Elə biz özümüz də məlumatı dərc etmədən əvvəl internet üzərindən bu barədə hər hansı bir yeni xəbərin olub-olmadığını araşdırdıq. Saatlı rayonunda kollektorların təmizlənməsi barəsində 2021-ci ildən bəri heç bir yeni məlumata rast gəlmədik.
Asim Əliyev mətbuat vasitəsilə ölkə başçısına və Birinci Vitse-prezidentə ünvanladığı müraciətində dəfələrlə bu barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılova və Azərbaycan Respublikasının Baş Prokurorluğuna məktub vasitəsilə müraciət etdiyini də qeyd etmişdi.
Bundan əlavə, "DogruXeber.az" informasiya portalında, eləcə də "Kanal14"ün canlı yayımında Zərdab rayon Suvarma Sistemləri İdarəsinin müdiri Əhliman Kərimovun da idarənin texnikalarını icarəyə verməsindən, "ölü canlar" saxlamasından, "tender oyunları"ndan dəfələrlə bəhs etmişdik. Üstəlik bütün bunlar barəsində redaksiyamız adından Azərbaycan Respublikasının Baş Prokurorluğuna da rəsmi müraciətlər ünvanlamışdıq.
Lakin, buvaxta qədər Baş Prokurorluq tərəfindən sözügedən idarənin rəhbəri barəsində hər hansı bir qanuni tədbirin görülməsinə dair heç bir məlumat almamışıq.
Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şafiq Heydərov də eyni "iş metodu" ilə çalışır ki, bunun da barəsində məlumatlar Sabirabad sakinləri tərəfindən "Kanal14" canlı efirində səsləndirilmişdi. Hətta, Sabirabad rayonunun ziyalı sakinlərindən biri olan Kazım (Cəbrayılov) Ağamikayıloğlu canlı yayımda Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin müdiri Şafiq Heydərovun oğlunun narkotik istifadəçisi kimi adının hallandırıldığını, eyni zamanda sözügedən idarənin rəhbərinin və məsul əməkdaşlarının içki düşkünü olduqlarını, iş saatlarında sərxoş olduqlarını, o idarənin də texnikalarının özəl şirkətlərə günlük icarəyə verildiyini bildirmişdi.
Bəlli ki, bütün bu qeyri-qanuni "ruzi"ni rayon Suvarma Sistemləri İdarələrinin müdirləri təkbaşına yemirlər. Elə olsaydı "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Zaur Mikayılovun buvaxta qədər gözü də görmüşdü, səsi də çoxdan çıxmışdı. Hələ onun maşın kolleksiyaları, ölkə xaricində (Londonda) villaları olan müavinlərini demirik.
Məlumdur ki, Zaur Mikayılovun Londonda 1 milyon manata yeni villa alması ilə media gündəmindən düşməyən müavini Rafiq Aslanov nə o villaları, nə də avtomobil kolleksiyasını "halalca maaşı" əldə etməyib.
Belə olan halda isə qurumun tez-tez bağladığı tender müqavilələrinin və bölgələrdə vətəndaşlardan alınan rüşvətlərin, "sahibsiz" maaş kartlarının, icarəyə verilən texnikaların, rüşvətə "satılan sular"ın kimlərə xidmət etdiyi barəsində qaranlıq sual qalmır.
Yeri gəlmişkən, Saatlı rayon sakini Asim Əliyev də bölgədə təxirə salınmış təmizləmənin səbəbinin texnikaların icarəyə verilməsi ilə Tahir Rzayevin özünə və özündən "yuxarıdakı adamı"na "çörək qazanması" olduğunu açıqlamışdı. (Bu barədə ətraflı məlumatlar sosial mediada)
Qeyd edək ki, Əlimirzə Kazımovun müraciətindən bəri başı "qazanc sezonu"na möhkəm qarışan Saatlı rayon Suya cavabdeh şəxslərindən heç biri redaksiyamızla əlaqə saxlayıb mövqe bildirməyiblər.
Biz yenə də öz adımızı və obyektivliyimizi qoruyaraq, adıçəkilən tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.