Yerli turizmi niyə arzuolunan səviyyəyə çatdıra bilmirik? - rəylər
Gülnar Mustafayeva: “Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılması prosesində iştirak etmir”
İstirahət mövsümü başlayıb və insanlar ölkənin regionlarına, Bakıətrafı çimərliklərdəki istirahət mərkəzlərinə üz tuturlar. Sosial şəbəkələrdə yazılanlardan belə başa düşülür ki, insanlar istirahət obyektlərindəki xidmətlərdən, qiymətlərdən, natəmizlikdən ciddi şəkildə narazıdırlar. Hazırda quru sərhədlər bağlıdır və ona görə əhali yerli turizmin ümidinə qalıb. Uzun illərdir ölkədə turizmin inkişafı yönündə addımlar atılsa da, ortada real nəticə yoxdur.
Sahibkarlar dayanıqlı, davamlı turizmə yatırım etməklə daha uzunmüddətli gəlir əldə etmək əvəzinə, yüksək qiymətlər qarşılığında daha az, o qədər də qənaətbəxş olmayan xidmətlər təklif edirlər. Vətəndaşları da narazı salan budur.
Ceyhun Aşurov: “Orta və aşağı seqmentli istirahət məkanları, hotellər, gecələmə yerlərinə daha çox ehtiyac var”
Turizm eksperti Ceyhun Aşurov “Yeni Müsavat”a mövzunu şərh edərkən qeyd etdi ki, dünyada hər turistə görə xərc artıb. Ekspert xarici ölkələrə təklif edilən turpaketlərə diqqət çəkərək bildirdi ki, təxminən 50-60 faiz bahalaşma müşahidə olunur: “Bu da yerli vətəndaşları ölkə daxilində istirahətə yönəldib, bununla əlaqədar olaraq da tələbat artıb. Qiymətlər yüksək, xidmət aşağı olsa da, müşahidələr göstərir ki, əksər istirahət məkanlarında demək olar ki, yer yoxdur. Yerli məkanlarda imkanlar məhduddur. Xüsusilə orta və aşağı seqmentli istirahət məkanları, hotellər, gecələmə yerlərinə daha çox ehtiyac var. Belə məkanların sayı o qədər də çox deyil. Artan tələbatın qarşısında tələb-təklif əsasında formalaşan qiymətlər bizə baha görünür. Əgər alıcı varsa, dövlət bu məsələyə hər hansı müdaxilə edə bilməz, çünki müəssisələr özəldir və qiymətləri də bazar formalaşdırır”.
Ekspert təşviq siyasətinin aparılmasının tərəfdarıdır: “Rəqabət mühitinin formalaşdırılması, bazarda iştirakçıların sayının artırılması ilə bağlı təşfiqedici addımlar atmaq olar. Regionlarda hotellərin tikintisinə, baryerlərin aradan qaldırılmasına, daha çox sahibkarın cəlbinə, maliyyə resurslarının çıxışında asanlaşmaya dair müxtəlif qərarlar qəbul edilə bilər. Nəticədə qiymətlər daha əlçatan ola bilər. Eyni zamanda xidmətin keyfiyyətinin artırılması da mümkün ola bilər”.
Dövlət Turizm Agentliyinin (DTA) media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Gülnar Mustafayeva “Yeni Müsavat”ın sorğusuna cavab olaraq bildirib ki, DTA prosesə müdaxilə etmək səlahiyyətlərinə malik deyil. Qurum rəsmisi qeyd edib ki, bu sahədə birbaşa dövlətin qiymət tənzimləməsi mövcud deyil: “İqtisadiyyatın digər sahələri kimi turizmdə də tələb və təklif mütənasibliyi əsas rol oynadığından bu sahədə birbaşa dövlətin qiymət tənzimlənməsi mövcud deyil. Dövlətin bu istiqamətdə strategiyası bazarda təkliflərin həcminin artması üçün əlverişli şərait yaradaraq sağlam rəqabətlilik mühitinin formalaşmasına dəstək vermək, bununla da hər seqmentə və büdcəyə uyğun təkliflərin formalaşmasına dəstək verməkdir. Dövlət orqanı olaraq Dövlət Turizm Agentliyi qiymətlərin formalaşdırılması prosesində iştirak etmir və bu prosesdə iştirak və ya prosesə müdaxilə etmək səlahiyyətlərinə malik deyil. Ümumiyyətlə, turizm sahəsində qiymətlərin dövlət tənzimlənməsi, yəni qiymətlərin formalaşması və tətbiqi prosesinə qanunvericilik, inzibati və maliyyə-büdcə tədbirləri vasitəsilə təsir etmək mexanizmi mövcud deyil. Belə bir mexanizmin mövcudluğu turizm üzrə sahibkarlıq mühitində qeyri-sağlam rəqabətə və ya rəqabətin məhdudlaşdırılmasına yol aça bilər. Əlbəttə, dövlət orqanı olaraq tövsiyəmiz qiymətlərin daha münasib və əlçatan olması, bütün vətəndaşların büdcələrinə uyğun olmasıdır. Həmçinin önəmli məqamlardan biri də infrastrukturla təklif edilən xidmətlərin üst-üstə düşməsidir. Aydındır ki, xidmət səviyyəsinin keyfiyyəti hotellərin ulduz dərəcələri ilə birbaşa əlaqəlidir. Təəssüf ki, bir sıra hotellərin ulduz dərəcəsi ilə təklif etdikləri xidmətlər üst-üstə düşmür, bəzi hallarda ulduzlaşma ümumiyyətlə aparılmayıb. Bunları nəzərə alaraq beynəlxalq standartlar və meyarlar əsas götürülərək, yerli şərait nəzərə alınaraq milli ulduz sistemi yaradılıb. Bu yaxınlarda "Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları" da təsdiq olunub. Hazırda Azərbaycan Hotel Assosiasiyası tərəfindən hotellərə ulduz verilməsi prosesi davam edir. Bu, istehlakçıların real və etibarlı ulduz dərəcələrinə malik hotelləri seçərək ödədikləri məbləğə müvafiq xidmət almaqlarını təmin edəcək.
Qeyd etmək lazımdır ki, bazarda hər seqmentə uyğun qiymətlər və təkliflər formalaşıb. İnsanların asudə vaxtlarını səmərəli keçirməsi üçün bu təkliflərin həcminin artırılması istiqamətində tədbirlər görülür. Həmçinin onu da qeyd etmək lazımdır ki, hotel olmayan yerləşmə vasitələri, kənd evləri son dövrlərdə alternativ variant kimi çıxış edir".
Tarix: 13-07-2023, 09:27