Paytaxtda qanunsuz tikintilərlə bağlı bir neçə il öncə müşahidə olunan tendensiya səngisə də, Bakının ucqar rayonlarında belə hallar hələ də davam edir. Necə deyərlər, bəzi məmurlar “dərə xəlvət, tülkü bəy” deyib, qanunsuz tikintilərə rəvac verirlər. Heç şübhəsiz ki, bunun müqabiləndə də öz maraqlarını təmin edirlər.Belə hallardan biri haqqında “Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumatda bəhs edilir.
Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Nazim İsmaylov küçəsinin sakini İlyas Mustafa oğlu Daşdəmirov evinin sol tərəfində, Neftçilər kücəsi 137/1 ünvanındakı torpaq sahəsində həyata keçirilən qanunsuz tikintinin dayandırılması üçün Azərbaycan qanunlarına əsaslanaraq apardığı mübarizəsində haqlı olsa da, məmurların himayəsi altında həyata keçirlən tikintinin qarşısını almaq mümkün olmur. Neftçilər kücəsi 137/1 ünvanındakı torpaq sahəsində həyata keçirilən qanunsuz tikintinin sahibi kimi isə rəsmi sənədlərdə Tahir Hökümalı oğlu Mirzəyevin adı keçir. Bu şəxs qanunvericiliyin tələblərini pozaraq Neftçilər kücəsi 137/1 ünvanındakı torpaq sahəsində yaşayış evi əvəzinə, hündürmərtəbəli apartman tipli bina tikir. İlyas Daşdəmirovun müraciəti əsasında bu qanunsuzluğun qarşısı alınsa da, bir müddət sonra tikinti yenidən başlayıb.
Adil VəliyevBununla bağlı rəsmi qurumlar da məlumatlıdır. Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edən Read Qasımovun Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevə ünvanladığı 23 iyun 2023-cü il tarixli 3-35-1/-D-1070-36-376/2023 saylı məktubdan aydın görünür ki, Tahir Mirzəyevin həyata keçirdiyi qanunsuz tikinti ilə bağlı rəsmi qurumlar və vəzifəli şəxslər xəbərdardır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları” rəsmi qurumların və məmurların üzərinə bu fərmanın icrası ilə bağlı vəzifələr qoysa da, reallıqda buna əməl olunması problemə çevrilir. Vətədaşın müraciəti belə, məmurları hərəkətə gətirmir. Onlar sadəcə bir-birinə məktub göndərməklə vəzifələrini bitmiş hesab edirlər.
Belə görünür ki, Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi 137/1 ünvanında həyata keçirilən tikinti ilə bağlı qətiyyətli tədbir görməyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin fəaliyyətinə Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizova qiymət verməli, münasibət bildirməlidir. Bunun üçün “Yeni Sözçü” qəzeti Bakı şəhər İcra Hakimiyətinin başçısı Eldar Əzizova məktub göndərərək, bu hadisə ilə bağlı mövqe bildirməsini istəyib.
Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi 137/1 ünvanında tikintinin həyata keçirilməsində Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun adı hallanır. Tahir Mirzəyev məhz Cəbrayıl Xanlarovun himayəsi ilə tikinti həyata keçirdiyinin görüntüsünü yaradır. Bunun nəticəsində qəsəbədə belə rəy yaranıb ki, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisinin Bakıxanov qəsəbəsi, Neftçilər küçəsi 137/1 ünvanındakı tikinti ilə bağlılığı var.
Cəbrayıl XanlarovDövlət məmurlarının belə qanunsuz əməllərdə adlarının hallanması çox mənfi haldır və bütövlükdə dövlət orqanlarının imicinə zərər vurur. Buna görə də məmurlar onların adlarının hallandığı halların qarşısının alınmasında, qanunçuluğun və həqiqətlərin bərqərar olmaısnda maraqlı olmalıdırlar. Əgər maraqlı deyillərsə, deməli, şaiyələr əsassız deyil. Buna görə də Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun bu məsələyə aydınlıq gətirəcəyinə ümid edirik.
İlyas Daşdəmirov qanunsuluğun qarşısını almaq üçün sona kimi mübarizə aparmaqda israrlıdır. Biz də “Yeni Sözçü” qəzeti olaraq prosesi izləməyə çalışacağıq. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Hurriyyet.az
Tarix: 20-07-2023, 17:14