Bütün Azərbaycanın yeganə QURU SƏRHƏD QAPISI... - O DA BELƏ...


Vətənə qayıtmaq istəyən Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bir müddətdir ki, yeganə açıq quru sərhəd yolu olan Sədərək gömrüyündən istifadə edir. Bunun üçün onlar uzun yol qət edərək Gürcüstana, oradan Türkiyəyə, sonra isə Naxçıvana çatırlar.
Bakıya getməyi hədəfləyən həmvətənlilərn əsas problemlər isə elə, Naxçıvandakı Sədərək gömrüyündən başlayır. Onlar öncə gömrükdə saatlarla növbə gözləməli, daha sonra isə Bakıya uçmaq üçün, son vaxtlar qəhətə çıxan təyyarə bileti axtarmalı olurlar. Bu səbəbdən müvəqqəti qonaqlar bəzən günlərlə Naxçıvanda qalmalı olurlar.
Lakin, bəzi işbazlara artıq pul verməklə, bütün bu problemlərdən yan keçmək də mümkündür. Gömrük işçiləri və aviakassalarla əlbir olan bu işbazlar bütün problemləri göz qırpımında həll edib, bir gen ərzində öz müştərilərini Bakıya yola sala bilirlər.
Əslən Qusar rayonundan olan Rauf Qədimov deyir ki, bilet tapa bilmədiyindən, ailə ilə birlikdə bir neçə gün Naxçıvan aeroportunda gecələməli olub:
„Bu yol çətin olsa da çox sərfəlidir. Rusiyadan Bakıya təyyarə bileti ən ucuz 800 manatadır, əgər tapa bilsən. Biz 5 nəfərik. Bu yolu seçməklə ən azı 3 min manata qənaət etmiş olduq. Yol uzun və yorucudur, ancaq ən böyük çətinliyi Naxçıvanda yaşadıq. İşbazlar artıq öz işlərini qurublar. Müştəri ilə əvvəldən əlaqə yaradıb, hələ Naxçıvana çatmamış, qrup yaradırlar. Çatdıqdan sonra isə, həmin qrupu rahatca gömrükdən keçirib, biletlə təmin edirlər. Təbii ki, bunun müqabilində xeyli pul alırlar. Pul verməyənlər isə, bizim kimi öncə gömrükdə, sonra aeroportda süründürülürlər. Ancaq, bütün hallarda sərfəlidir bu yol. Bir nəfərin təyyarə biletinə verəcəyim pulla beş nəfər gəlib Bakıya çıxmışıq. Körpə uşaqlı ailələr üçün bu istidə yolu gəlmək daha da çətindir. Yaxşı olar ki, Azərbaycanın quru sərhədləri açılsın. Orada yaşayan milyonlarla azərbaycanlı daha rahat və daha az xərc çəkərək istədikləri zaman vətənə gəlib, qayıda bilsinlər”.
Rusiyadan gələn azərbaycanlıların gömrükdə uzun növbələrə səbəb olması yerli əhalini də narazı salıb. Müalicə üçün getdiyi Türkiyədən qayıdan Şərur rayon sakini deyir ki, sərhədi keçmək üçün xeyli gözləməli olub:
“Əslində biz sevinirik ki, həmvətənlər üçün qapı açılıb, Azərbaycana gələ bilirlər. Lakin, gömrükdə elə şərait yaratmaq olar ki, növbələr yaranmasın. Son illər ərzində ilk dəfədir ki, bu cür uzun növbə görürdüm gömrükdə. Bu vəziyyəti qəsdən yaradırlar ki, işbazlar vasitəsi ilə pul qazansınlar. Pul verənləri qurup şəklində qabağa salırlar. Mənim qabağımca iki belə qurup keçirdilər, bizi gözlətdilər buna görə. Onlar sərhədi keçən kimi qrup halında mikroavtobuslarla hava limanına aparılır, oradan isə ilk reyslə Bakıya yola salınırlar. Hər birinə əvvəlcədən bilet alınır. Görünən odur ki, bu işlə də hansısa şəbəkə məşğul olaraq, pul qazanır. Ümid edirik ki, bu problemə tezliklə əncam çəkiləcək”.
Sədərk gömrüyünə yeni axın Rusiya ilə Gürcüstan arasındakı quru sərhədlər açıldıqdan sonra başlayıb.
//Gündəlik Naxçıvan//
Tarix: 21-07-2023, 14:37
Xəbəri paylaş





Xəbər lenti