Zibilinə yiyə duran yoxdur

Problemin həllinə kim cavabdehdir?
Kortəbii zibilliklər ölkəmiz üçün problem olaraq qalır. Şəhəri tərk edən kimi yol boyu bir çox yerlərdə zibil dağlarını görmək olar. Boş plastik şüşələr, plastik torbalar, məişət və tikinti tullantıları. Çox vaxt zibil yataqlarına meşələrdə və çimərliklərdə rast gəlmək olar və bu, antisanitariyadır, ətraf mühitə zərərlidir.
Problemi kompleks şəkildə həll etmək, o cümlədən zibilin miqdarını azaltmaq, mümkün olan yerlərdə birdəfəlik istehlak üçün nəzərdə tutulmuş əşyaların istifadəsini azaltmaq lazımdır. Sadə bir misal plastik torba əvəzinə parça çantadır. Daha çox zibil qutuları və konteynerlər də lazımdır. Təbii ki, qanunu pozanları cərimələmək lazımdır, amma bu, o qədər də sadə deyil.
Zibillənmiş əraziyə hansı strukturlar cavabdeh olmalıdır? Son vaxtlar ölkədə sanitar-gigiyenik rejim normalarının təmin edilməsi istiqamətində tədbirlər həyata keçirilir. Nəticədə, Daxili İşlər Nazirliyi ərazilərində zibilliklər aşkarlanan bələdiyyələri fəal şəkildə divara qısnayıb. İstehsalat və məişət tullantılarının saxlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl olunmaması ilə bağlı bir sıra faktlar müəyyən edilib. Nəticədə Quba, Kürdəmir, Saatlı, İsmayıllı rayonlarında kənd bələdiyyələrinin sədrləri cərimələnib.
Vəkillər Kollegiyasının üzvü, ADA Universitetinin inzibati hüquq üzrə müəllimi Eldar Məcidov AYNA-ya açıqlamasında deyib ki, bütün mövcud cərimələr İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub, xüsusən də torpaq və meşə fondunu çirkləndirməyə görə cəza nəzərdə tutan 244-cü maddə var: “Poliqon kortəbii yaranmır, qanunvericiliyin tələblərinə uyğun təşkil olunubsa, lakin bələdiyyə tərəfindən zibillərin düzgün daşınılması təmin edilməyibsə, o zaman İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi əsasında onu cərimələmək üçün bütün əsaslar var. Məsələn, bəzən zibil müvafiq əraziyə aparılmaq əvəzinə, elə yerindəcə yandırılır”.
İcazəsiz zibilliklərə gəlincə, həmsöhbtimizin sözlərinə görə, ilk növbədə onları təşkil edənləri cərimələmək lazımdır: “Problemi başqalarının üzərinə atmaq olmaz. Məncə, bələdiyyənin ərazisində icazəsiz zibillik varsa, o zaman bu problemin qarşısını almağa yalnız onun borclu olduğunu düşünmək o qədər də düzgün yanaşma deyil. Əgər bunun qarşısını almayıbsa, o, günahkardır və cərimələnməlidir”.
“Əgər, deyək ki, bələdiyyə özü belə bir zibillik təşkil edibsə və zibil qutularından tullantılar poliqona, tullantıların emalı üçün yerlərə aparılmaq əvəzinə ora aparılırsa, təbii ki, bələdiyyələrin günahı var. Yaxud zibil bələdiyyələrə tabe olan strukturlar tərəfindən atılırsa, o zaman məsuliyyəti bələdiyyələr daşımalıdır. Amma icazəsiz zibilxananı vətəndaşlar və ya hansısa tikinti şirkətləri təşkil edibsə, o zaman birmənalı olaraq bələdiyyənin günahı barədə danışmaq çətindir”, - deyə Məcidov bildirib.
Əlavə edib, hazırda bələdiyyə strukturlarının o qədər də səlahiyyəti yoxdur: “Bəli, onların işçiləri belə zibilləri bir-iki dəfə çıxara bilirlər, amma elə olur ki, insanlar hələ də zibil atmaqda davam edirlər. O zaman bələdiyyə qanunu pozanları məsuliyyətə cəlb edəcək orqanlara, məsələn, tullantıları kortəbii zibilliklərə aparan tikinti şirkətlərinə müraciət etməlidir. Bələdiyyə müəyyən iş görməlidir, deyək ki, zibil atılan avtomobillərin sayını müəyyənləşdirib lazımi orqanlara məlumat verməlidir. Bununla əlaqədar onun funksiyaları məhduddur”.
“Qeyd edim ki, bələdiyyə öz gördüyü işlər barədə ilk növbədə vətəndaşlara hesabat verməlidir. Bu, vətəndaşlar tərəfindən seçilən, hər beş ildən bir yenidən formalaşan orqandır və əgər bələdiyyənin ərazisində kortəbii zibillik yaranıbsa, vətəndaşların ondan tələb etmək hüququ var. Əgər bələdiyyə orqanı bu müraciətlərə heç bir reaksiya vermirsə, deməli, onu seçən vətəndaşlarla heç bir əlaqəsi yoxdur və faktiki olaraq onlara hesabat vermir. Onların fikrinə az əhəmiyyət verir. Və bu, nəzəri olaraq, vətəndaşları qəzəbləndirməli və onları ədliyyə orqanlarına şikayət etməyə, hərəkətsizliyə görə məhkəməyə verməyə sövq etməlidir, bəlkə, bundan sonra vəziyyət yaxşılığa doğru dəyişəcək”, - deyə ekspert vurğulayıb.
Hüquqşünas diqqətə çatdırıb ki, son illər bələdiyyələrin acınacaqlı vəziyyətindən çox danışırlar: “Pul və resurs yoxdur - bu, doğrudur. Əslində, bütün yerli bələdiyyələr müflisdir, lakin mənim səsləndirdiyim vəzifələrin həlli üçün xüsusi maliyyə vəsaitinə ehtiyac yoxdur. Qayda pozanları müəyyənləşdirmək üçün kortəbii zibillik ərazisində müşahidə aparmaq üçün bir neçə nəfər ayırmaq kifayətdir, şəkil çəkdirmək və ya video çəkmək, müraciət yazmaq məsləhətdir. Bələdiyyə bu barədə aidiyyəti orqanlara məlumat verməsə, günahkar ola bilər. Əgər o, məlumat veribsə, lakin bu qurumlar fəaliyyətsizdirsə, deməli, artıq suallar onlaradır. Çimərliklərə, meşələrə gəlincə, anlamaq lazımdır ki, onlar kimin - hansısa bələdiyyələrin, yerli icra hakimiyyəti və ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətindədir və onların vəziyyətinə də məhz bu strukturlar cavabdeh olmalıdır”.
Tarix: 22-07-2023, 11:06
Xəbəri paylaş





Xəbər lenti