Su hövzələrini çirkləndirən restoranlar - kanalizasiya evimizə axıdılır!


Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəsmisi “İnci” restoranı ilə bağlı ittihamlara cavab verdi; Rövşən Abbasov: “İllərdir ki, buna göz yumublar, vaxtında tədbir görməyiblər”
Jurnalist, 7nevs.az saytının baş redaktoru Səbuhi Abbasov Mingəçevirdə Kür çayının üzərindəki restoranın kanalizasiyasının birbaşa Kür çayına axıdıldığını fiksə edib. Jurnalist yazır ki, “Sədərək Yusif” kimi tanınan iş adamına məxsus “İnci” restoranı qeyri-qanuni olaraq Kür çayının üzərində, dəmir konstruksiya üzərində qurulub. Gün ərzində restoranın tualetindən Kür çayına tonlarla çirkab axıdılır. Bu çirkab Kür çayını bataqlığa çevirir, eyni zamanda içməli suyu birbaşa zəhərləyir.
Məsələnin ciddiliyi odur ki, Kür çayı təkcə Mingəçeviri yox, ölkənin böyük bir hissəsini içməli su ilə təchiz edir. Yəni bu çirkab sular hər birimizin evinə qədər gəlib çıxır. İkinci ən böyük təhlükə odur ki, çirkab balıqlarla yanaşı, nadir quşların da kütləvi qırılmasına səbəb olur.
Kür çayı üzərində ölkə boyunca “İnci” kimi xeyli restoran var, hamısının kanlizasiyası su hövzəsinə axıdılır.
Eyni zamanda Xəzər dənizi hövzəsində yerləşən restoranların birmənalı olaraq hamısı kanalizasiya sularını dənizə axıdır. Bunu hər bir adam Bayılda, Novxanıda müşahidə edə bilər.
Bu restoranlarla bağlı ciddi tədbirlər görülməlidir. Suyunu içdiyimiz Kürə, əhalinin çimdiyi Xəzərə çirkab su axıtmaq cinayətdir. Dövlət qurumları hərəkətə keçməlidir. Konkret kim cavabdehdir? İcra hakimiyyətləri, yoxsa nazirlik?
Azərbaycanda su qıtlığı necə aradan qaldırılacaq…
Rövşən Abbasov
Xəzər Universiteti Coğrafiya və Ətraf mühit departamentinin müdiri, ekoloq Rövşən Abbasov mövzu ilə bağlı dedi ki, Azərbaycanda təkcə Kür çayında yox, əsas turizm zonalarında bu cür hallar davam etməkdədir: “Bizdə hansı turizm zonasında tikilmiş obyektin üzərində su təmizləmə qurğusu var ki?! Konkret halda həmin su təmizləmə qurğusu Mingəçevir şəhərinin çirkab sularının ümumi sisteminə qoşulmalı idi və o sistem vasitəsilə kanalizasiya suyu təmizləmə məntəqəsinə axmalı idi. Amma buradan görünür ki, sahibkar daha qısa yol tapıb. Burada ilk növbədə günahkar Mingəçevir Rayon İcra Hakimiyyətidir, eləcə də Mingəçevir bələdiyyəsidir. Bu iki təşkilat illərdir ki, buna göz yumublar, vaxtında tədbir görməyiblər. Daha bir problem da ondadır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi monitorinqlər edir, amma müəssisənin fəaliyyətinin dayandırılması nazirliyin səlahiyyətində deyil. İnanıram ki, nazirlik onu fiksə edib. Hər yerdə belədir. Misal üçün, Novxanıdan Xəzərə çirkli su axıdılır, bunu hamı bilir. Novxanıda olan turistik müəssisələr, evlər hamısı çirkab sularını təmizləmə sisteminə qoşulmalı idilər. Orada həmin qurğular yoxdur. Dağlıq regionlarda da bu yoxdur. Dağlıq regionlarda çirkab sularının təmizləmə sisteminin olmaması bu insanların əl-qol açmasına imkan verir. Amma hər bir müəssisədə belə bir sistem yoxdursa, bu çirkab sularını ən azı təmizləyib sonra yaxında olan su obyektinə yönəltməlidir. Bunu müxtəlif vasitələrlə etmək mümkündür. Azərbaycanın rayon yerlərində, hətta Abşeronun böyük bir hissəsində əksər ərazilər mərkəzləşdirilmiş su tənzimləmə sistemlərinə qoşulmayıb. Çünki bu sistemlərin özü yoxdur. Hətta elə rayon mərkəzləri var ki, onların kanalizasiyası yoxdur. Şəki kimi şəhərdə kanalizasiya şəbəkəsi hələ indi çəkilir. Təsəvvür edin, bu nə vəziyyətdir. Hesab edirəm ki, bunlar zamanla öz həllini tapacaq”.
“Mingəçevirdə Kür üzərində restoran tikən sahibkar onu ona görə tikib ki, orada bir gözəllik var”, deyən ekspert əlavə edib ki, bu obyekt çayın üzərində yerləşir: “Amma göründüyü kimi, onu çirkləndirir. Burada əsas günahkar o sahibkardır. Mən zibili yerə atıram, burada ETSN-i günahkar çıxarmaq doğru deyil, günahkar mənəm. Bu, faciəvi bir vəziyyətdir. İnkişaf etmiş ölkələrə gedin, heç bir yerdə zibil təmizləməyə ehtiyac yoxdur. Məsələ burasındadır ki, bizdə nə vaxt yüksək bir ictimai şüur olacaq, onda bu cür problemlər olmayacaq. Yaxud gedib meşədə kafe açırlar, hər tərəfi zibilləyirlər. Niyə meşədə açmırsan, gedin zibillikdə açın da!”
 
Məsələ ilə bağlı Mingəçevir Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra hakimiyyətinin nümayəndəsi Xanlar Qurbanov mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, bu ərazidə ekologiya idarəsi araşdırma aparıb: “Monitorinq aparılarkən biz də dəvət olunmuşduq. Müəyyən olundu ki, hazırda "İnci" restoranı fəaliyyət göstərmir, yəni təmirə görə işləmir. Onun yaxınlığında yerləşən “Liman” kafesi fəaliyyət göstərir. Onun üzəri və alt hissəsinə ekologiya idarəsinin rəsmiləri baxış keçirdilər. Orada axıntı yox, sızmanın olması müşahidə edildi. Bu səbəbdən həmin kafeyə cərimə tətbiq edildi, akt tərtib edildi. “İnci” restoranına da baxış keçirildi,  təmir olunduğuna görə orada hər hansı axıntı müşahidə edilmədi".
 O ki qaldı “İnci” restoranının təmirdən sonra fəaliyyət göstərib-göstərməyəcəyinə, icra nümayəndəsi dedi ki, bununla bağlı ekologiya idarəsi araşdırma aparır, onlar qərar verəcəklər". 

“Yeni Müsavat”
Tarix: 27-07-2023, 08:44
Xəbəri paylaş





Xəbər lenti