"Hanı 200 min manat qrant alıb ayaqyolu problemini həll edən İctimai Şura?"
"Elm və Təhsil Nazirliyi təkcə elmi, təhsili məhv etmir, həm də korrupsiyaya bulaşmış bir sıra Regional Təhsil İdarələrini (RTİ) himayə edir".
TehsilMedia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib.
Onun sözlərinə görə, təhsil sisteminin sağlamlaşdırılması üçün yaradılan Regional Təhsil İdarələrinin bir çoxu nazirlikdəki dostları ilə yeni rüşvət yolu tapıblar:
"Misal üçün, şagird sayı 500-dən çox olan məktəblərə direktor təyinatları demək olar ki, şəffaf deyil. Yalnız RTİ-nin "xeyir-duasını" pulla almış şəxsləri bunlar öncədən komissiya üçün hazırlayaraq "uğur" qazanmasını təmin edirlər. İndi daha da iyrənclik edir Mil-Muğan Regional Təhsil İdarəsi. Deməli, bu regional idarə rəhbəri Rəşad Musayev Saatlı rayonunda yerləşən uşaq bağçasına kimdənsə pul alıb, hansı yolla olursa-olsun işə qəbul vədini verib.
Gənc bağça müdiri də qanunvericilik aktlarına uyğun olaraq yeni işçi götürməyib, iş saatlarını mövcud olan işçiləri arasında bölüb. Maraqlıdır ki, bağça müdiri öz problemlərini həll etmək üçün nazirlik, regional idarədə hamıya rəsmi məktub yazıb, qəbula yazılıb, amma Elm və Təhsil Nazirliyi, Regional Təhsil İdarəsi üçün qanunlar yox, təhsilin inkişafı yox, öz maddi maraqları üstün olub.
İndi də təmiz işləyən gənc bir baxça müdirini şərləyib işdən azad etmək istəyirlər. Hanı o 200 min manat qrantı alıb ayaqyolu problemini həll edən İctimai Şura? Ümumiyyətlə Elm və Təhsil Nazirliyi bütün heyəti ilə Azərbaycan xalqına düşməndir", - Kamran Əsədov qeyd edib.
Rəşad Musayev həmçinin saxta diplomlu Beyləqan təhsil sektorunun müdiri Elvin Abbasovun sənədlərini də Elm vəTəhsil Nazirliyindən qanunsuz üsullarla keçirdib.
Bu barədə aidiyyatı orqanlara müraciət olunub. Ümid edirik ki, tezliklə tədbir görüləcək.
TƏHSİL MEDİA
Tarix: 27-07-2023, 15:47