AQTA-nın özü TƏHLÜKƏYƏ ÇEVRİLİB... - Ekspert danışır


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yağlarla bağlı yoxlama aparıb və nəticələrini açıqlayıb. Tribunainfo.az bildirir ki, nöqsan aşkarlanan müəssisələrin və markaların adlarını açıqlamayıb. Maraqlıdır, əgər ad açıqlanmayacaqsa, istehlakçılar hansı firmaların, hansı markaların zərərli məhsul satışa çıxardığını bilməyəcəksə, aparılan yoxlamaların nə əhəmiyyəti var? İstehlakçılar niyə bilməməlidir ki, hansı yağlar zərərlidir, keyfiyyətsizdir? Deməli, AQTA bu yoxlamaları apardıqdan sonra adları açıqlamamaqda maraqlıdır. Görünür ki, şirkətlərlə hansısa bazarlığa gedə bilər. Bu iddialar zaman-zaman da səslənib. Çünki adlar açıqlansa, həmin yağ məhsullarının alıcısı azalacaq. Şübhəsiz ki, firmaların imicinə zərər edəcək.

Ona görə AQTA-nın həmin müəssisələrlə sövdələşməsi istisna deyil. Bu mövzuda Tribunainfo.az saytına danışan Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Fuad Əliyevin sözlərinə görə, AQTA qida təhlükəsizliyinə nəzarət edən qurumdur və prezident tərəfindən qarşısında mühüm tapşırıqlar qoyulub. Hüquq müdafiəçisi hesab edir ki, adların açıqlanmaması istehlakçı hüquqlarının pozulmasıdır: “Biz tez-tez yağların keyfiyyətsiz olması haqda məlumatlar eşidirik, ekspertlər rəy bildirir. Sağlamlığımız üçün təhdid mənbəyi olan belə yağlar haqda cəmiyyətə dürüst məlumat verilməlidir. Əgər Qida Təhlükəsizliyi Agentliyi bu informasiyaları gizlədirsə, ictimaiyyətə məlumat vermirsə, deməli, böyük hüquq pozuntusu var”.
Ekspert AQTA-nı yoxlamaların nəticələri və yağ məhsullarının adları ilə xalqı tanış etməyə çağırıb: “Bu gün dünyada qida təhlükəsizliyi ən aktual mövzu və problemdir. Azərbaycanda isə bu məsələ ikiqat vacibdir. Bazarlarda, mağazalarda müxtəlif adlarda yağ məhsulları var. Ancaq onların hansı keyfiyyətdə olduğunu bilmirik. İndi bu qurum yoxlama aparıb ortaya faktlar çıxarıbsa, biz də məlumatlı olaq”.
Tarix: 28-07-2023, 08:28
Xəbəri paylaş





Xəbər lenti