Diqqət: Əlinizdəki zibil sizi maddi cəhətdən zibilə sala bilər

Diqqət: Əlinizdəki zibil sizi maddi cəhətdən zibilə sala bilər

Son günlər məişət tullantılarının qalaqlanması, daşınmaması, yandırıması və s. hallarla bağlı müxtəlif vəzifəli, hüquqi və fiziki şəxslər inzibati tənbeh və yaxud cərimə edilir. Eyni zamanda parklarda, yollarda məişət tullantılarının urnalardan kənara atılması da, məsuliyyət tələb edir. Yəni əlindəki zibil səni sözün əsl mənasında zibilə sala bilər. Odur ki, zibillə diqqətli olmaq lazımdır...

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün bütün dünyanın ekofəallarının ekologiyaya vurulmuş zərərlə bağlı, tullantıların düzgün idarə olunmasıyla bağlı müxtəlif vaxtlarda təşkil etdikləri tədbirlər, görünür Azərbaycanda hələ də, bəzi şəxslər tərəfindən o cümlədən hökümətin apardığı ekoloji siyasətin əksinə olaraq, bəzi məmurlar tərəfindən düzgün icra olunmur.

"Ümumiyyətlə, tullantıların idarə olunması ilə bağlı qanunvericilik və bu qanunvericiliyin pozulmasına görə, inzibati tənbeh, İnzibati Xətalar Məcəlləsinə görə, nəzərdə tutulub. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh bir məsuliyyət təşkil edir və inzibati xətanı törədən şəxsi qanunlara riayət etmək ruhunda tərbiyələndirmək xarekteri daşıyır. Digər şəxslər tərəfindən yeni inzibati xətaların törədilməsinin qarşısını almaq məqsədi daşıyır.
Qeyd edim ki, inzibati xəta törədildiyi zaman mütləq qaydada fiziki şəxslərin şəxsiyyətini xarekterizə edən hallar, əmlak vəziyyəti inzibati tənbehə səbəb olmuş nəticəni yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hüquqi şəxslərdə isə bu daha çox hüquqi şəxsin bu əməli törətdiyi zaman əldə etdiyi xeyri, onun maraqlarının xarakteri və digər bu qəbildən olan hallar mütləq qaydada nəzərə alınır" - deyə Ramil Süleymanov qeyd edib.
Hüquqşünas bildirib ki, konkret olaraq atmosfer havasının mühafizəsi səhəsində qanunvericiliyin pozulması ilə İnzibati Xətalar Məcəlləsinin 234.0.5 maddəsinə görə, sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan və onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və bu qaydaların pozulması nəticəsində atmosfer havasının çirklənməsinə görə, fiziki şəxslər 300 manatdan – 700 manata qədər,vəzifəli şəxslər 2500 manatdan – 4000 manata, hüquqi şəxslər isə 7500 manatdan -10000 manata qədər cərimə edilirlər.
İstehsalat və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi zamanı isə fiziki şəxslər 500 manatdan- 800 manata qədər, vəzifəli şəxslər 2000 manatdan- 3000 manata, hüquqi şəxslər isə 6500 manatdan – 8000 manata qədər cərimə edilirlər.
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.3 maddəsinə görə, vətəndaşlarımız əgər məişət tullantılarını müvafiq yerlərə, yəni tutumlara - urnalara deyil, kənar yerlərə atdığı halda isə 50 manat məbləğində cərimə olunurlar. Lakin həm fiziki şəxslər, həm hüquqi şəxslər bir şeyi anlamalıdırlar ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.5 maddəsinə görə, cərimənin ödənilməsi şəxsləri, yəni həm fiziki şəxsləri, həm hüquqi şəxsləri hüquq pozmanın aradan qaldırılması öhdəliyindən azad etmir.
Eyni zamanda bir şeyi bilmək lazımdır ki, hüquqların pozulması nəticəsində vurulmuş zərər əgər mülkü məsuliyyətə səbəb olursa, vətəndaşlar düşünməməlidirlər ki, onlar vurduqları zərərə görə, sadəcə olaraq, dövlətin müvafiq qurumları tərəfindən inzibati qaydada cəriməni ödəyirlər və bununla da onların vurduğu zərər aradan qalxmış olur. Onlar dövlətə vurulmuş zərərə görə həm də maddi məsuliyyət, yəni mülki məsuliyyət daşıyırlar. Bununla bağlı da, onlara qarşı mülki prosessual məcəllənin tələblərinə uyğun olaraq, mülki qaydada iddialar qaldırılır və hesablanmış zərər həmin şəxslərdən tələb olunur.
Tarix: 31-07-2023, 08:38
Xəbəri paylaş





Xəbər lenti