Futbol klublarına sponsorluq edən SOCAR-ın işçiləri işə qəzalı helikopterlərdə getdiklərini deyirlər


Mirvari Qəhrəmanlı: “Neft Daşlarındakı avtomobil parki çox bərbad gundədir və heç bir standartlara cavab vermir”
“Hər ay əlcək, sabun alırıq. İşçilərin qidalanması keyfiyyətli deyil. Mərhum Natiq Əliyevdən sonra neftçilərin sosial problemlərini həll edən rəhbər işçi ilə rastlaşmamışıq”.
Bunu Meydan TV-yə adının açıqlanmasını istəməyən neftçilər məlumat verib. Şikayətçilərin sözlərinə görə, SOCAR-ın əvvəlki prezidentləri istehsalat sahələrində işləyiblər və neftçilərin çəkdiyi əziyyətlərdən xəbərdar olublar.
Onlar deyir ki, uzun müddətdir ki, fəhlələrə əlcək, yuyucu vasitələr verilmir. Ən böyük problem isə daşınma ilə bağlıdır. Helikopter qəzalı vəziyyətdədir. Məsələn, iyunda helikopter 5 dəfə xarab olub. Bu ayın əvvəlində isə neftçilər Pirallahı adasına güclə çatdırılıblar.
“Təsəvvür edin, sevinirik ki, vaxtında işə çata bildik, gün itirmədik, aylıq maaşı tam ala biləcəyik. Helikopterdən düşəndə isə şükür edirik ki, bu gün sağ qalmışıq. Mətbuatdan isə oxuyuruq ki, SOCAR futbol klublarına sponsorluq edir, milyonlarla vəsait ayrılır. Ondansa yüzlərlə neftçinin işə təhlükəsiz vəziyyətdə gedib-gəlməsini təmin etsinlər. Ölkədə işsizlik o vəziyyətə çatıb ki, pis şəraitdə çalışırıq, işə qəzalı nəqliyyat vasitəsilə gedib-gəlirik. Amma işdən çıxarılma qorxusundan şikayət edə bilmirik ki, bir bəhanə ilə qovsalar, uşaqlarımız ac qalacaqlar”-neftçilər deyib. 

Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da şikayətləri haqlı sayır. Deyir ki, rəhbərlik etdiyi təşkilata hər ay belə şikayətlər daxil olur:
“Neft Daşlarındakı avtomobil parki çox bərbad gundədir və heç bir standartlara cavab vermir.  Elə texnikalar var ki, heç dunyada analoqu yoxdur. “Qaz 54”-də qoyulan traktor motorundan tutmuş, Əfqanistan muharibəsindən gətirilən “Vilis”, “Zil”, “Qaz 66” maşınlarına kimi nə desəniz var”, -Qəhrəmanlı deyib.
Hüquq müdafiəçisi qeyd edib ki,  helikopter tez-tez xarab olur. Neftçilər haqlı olaraq çoxsaylı problemlərini səsləndirirlər ki,  bir çox yarışlara, futbol klubuna sponsorluq edən şirkətin rəhbərliyi bilsin.
Neftçilərin şikayəti ilə bağlı SOCAR -a sorğu göndərilsə də, hələ cavablandırılmayıb.
Tarix: 1-08-2023, 09:19
Xəbəri paylaş





Xəbər lenti