“Azərişıq” ASC vətəndaşları necə " YÜKLƏYİR"?-FOTOFAKT
Məlum olduğu kimi, hazırda elektrik enerjisinin qiyməti əhali qrupu üzrə aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 qəpik, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 qəpik, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13,0 qəpikdir.Ancaq müşahidə olunmuşdur ki, “Azərişıq” ASC istər əhali, istərsə də qeyri-əhali qrupundan olan istehlakçılardan əlavə pul qoparmaq üçün min cür fırıldaqlara əl atır.
Mediatv.az-ı məlumatlandıran abonent Ə.Quliyev bildirir ki, onun elektrik sayğacı nəzarətçilər tərəfindən axırıncı dəfə 10.07.2023-cü il tarixdə, ondan əvvəl isə 12.05.2023-cü il tarixdə yoxlanılmışdır. İki göstərici arasında 1041 kilovat/saat fərq vardır. “Azərişıq” ASC-nin 10.07.2023-cü il tarixli bildiriş vərəqindən görünür ki, qurum bu kəmiyyətin 400 (200 x 2 ay) kilovat/saatını 8,0 qəpikdən hesablamaqla 32,0 manat, 200 ((300-200 =100) x 2 ay) kilovatını 9,0 qəpikdən hesablamaqla 18,0 manat, 441 kilovatını isə 13,0 qəpikdən hesablamaqla 57.33 manat, üst-üstə 107.33 manat borc yazıb.
Mediatv.az xəbər verir ki, 12.05.2023-cü il tarixə olan 74.89 AZN qalıq borc, 28.06.2023-cü il tarixdə abonent tərəfindən ödənilən 100 AZN nəzərə alınaraq istehlakçıdan 182.22 AZN pul tələb olunub.
Bundan başqa, abonent 24.07.2023-cü il tarixdə 70,0 manat istehlak haqqı ödəyib. Yəni, “Azərişıq” ASC-nin özünün hesabı ilə abonentin 112.22 AZN borcu olmalı idi. Di gəl, 01.08.2023-cü il tarixdə Ə.Quliyevin telefonuna gələn bildirişdə göstərilib ki, onun istifadə etdiyi kod üzrə guya 126.0 AZN borcu var. Abonent sual verir: 14 manat əlavə borc haradan çıxdı? “Azərişıq” ASC nəyə görə istehlak olunan elektrik enerjisini hər ay deyil, iki aydan bir yoxlamalıdır? Belə çıxır ki, “Azərişıq” ASC-nin bildiriş təqdim edən nəzarətçisi ortaq məxrəc çıxarmaqda humanistlik edibmiş, amma qurumun “beyin mərkəzi” sonradan fikirləşib iyun ayı üzrə yoxlamanı ötürdüyünə görə günahı özündə deyil, abonentdə görüb.“Azərişıq” ASC bu formada əhalini yükləmək təcrübəsini görəsən hardan öyrənib? Bütün bu sualları “Azərişıq” ASC-nin aidiyyatı qurumlarına ünvanladığını deyən Ə.Quliyev üç sutkadır ki, qurumdan ona cavab verilmədiyini bildirir. Görünür, fakt qarşısında aciz qalıblar.
Tarix: 4-08-2023, 10:31