“Görəsən, Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama və s. qatarlar nə zaman işə düşəcək? “Azərbaycan Dəmir Yolları” QSC (ADY) açıqlama yayıb ki, cari il ərzində neçəsə milyon sərnişin daşıyıb, artım olub və s. Maraqlıdır ki, ADY bu rəqəmləri bütün daxili reyslərin işlədiyi bir neçə il əvvəlki dövrlə deyil, pandemiyadan sonrakı dövrlə müqayisə edib. Yəni “Azərbaycan Dəmir Yolları” QSC cəmiyyətin gözləntisini doğrultmur”. DİA.AZ-ın məlumatına görə, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran sual budur ki, nə zaman bütün ölkə üzrə sərnişindaşıma bərpa olunacaq, nə zaman 4 il əvvəlki rəqəmlərə çata biləcəyik, nə zaman 4 il ərzində işləməyən Bakı-Balakən, Bakı-Astara, Bakı-Yalama və s. qatarlar işə düşəcək?
Forum prezidenti bildirib ki, son zamanlar ADY rəhbərliyinin Bakı-Gəncə və bu xətt üzrə bir neçə digər bölgələrə, Bakı-Qəbələ, Bakıətrafı istiqamətlərə sərnişindaşınma ilə bağlı səyləri təqdirəlayiqdir: "Təəssüf edirəm ki, hələlik ADY-nin yeni rəhbərliyi digər bir neçə vacib daxili istiqamətlər üzrə açıqlamalar verməkdə maraqlı görünmür. Hələ də ölkədaxili qatarların hərəkətinin nə zaman bərpa ediləcəyi qeyri-müəyyəndir.
Əvvəllər deyirdilər ki, qatar yoxdur, gah deyirlər, dəyişən cərəyanı sabit cərəyana çeviririk, gah da deyirlər, dəmir yollar bərpa olunur. Ağlabatan bir açıqlama verilmir. İndi isə görünən budur ki, bu tip nağılları yeni rəhbərlik təkrarlamaq istəmir, amma ağlabatan bir açıqlama da ortada yoxdur”.
O. Gündüz əlavə edib ki, təbii inhisar subyekti hesab olunan qurumun ağlabatan bir əsas olmadan daxili istiqamətlərin çox hissəsi üzrə fəaliyyətini dayandırması antiinhisar qurumunu da narahat etmir: “Hətta Antiinhisar Xidmətinin bu qurumda apardığı yoxlamaların da nəticəsi məlum olmadı. Eyni zamanda, gözlənilirdi ki, yeni rəhbərlik Azərbaycan prezidentinin ADY-nin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı 7 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq hökumətdən subsidiya alacaq və gələn ilin əvvəli daxili istiqamətlərdə qatarlar işləyəcək. Görəsən, hökumətdən yardım ayrıldımı, qatarlar alındımı, yaxud alınırmı, baxımsız vəziyyətdə olan dəmir yolları və stansiyalar bərpa olunurmu, adıçəkilən istiqamətlərə sərnişindaşımanın nə vaxt bərpa olunacağı nəzərdə tutulur?”.
Forum prezidenti haqlı olaraq sual verir ki, vətəndaşlar biznes, turizm sektoru işlərini necə nizamlasınlar?
O, cəmiyyətin ADY-dən məhz bu istiqamətdə açıqlamalar gözlədiyini deyib və ümid edir ki, ADY-nin yeni rəhbərliyi də bunların fərqindədir.
İddia olunanlarla bağlı Siam.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...