AAYDA “Cavanşir” körpüsü ilə bağlı narahatlığa əsas olmadığını deyir


Gecələr ağırtonnajlı maşınların körpünün vəziyyətini yoxlaması sakinləri narahat edib
Paytaxtın Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyov küçələrinin sakinləri bu küçələri birləşdirən “Cavanşir” körpüsünün söküləcəyindən narahatdır. Buna səbəb bir neçə gündür gecə saatlarında ağırtonnajlı maşınlarla körpünün vəziyyətinin yoxlanılmasıdır.
Afiyəddin Cəlilov küçəsinin bir neçə sakini Meydan TV-yə deyib ki, neçə illərdir körpünün söküləcəyi ilə bağlı xəbərlər dolaşır. Onlara ötən il Afiyəddin Cəlilov 6 ünvanda 34 ailənin yaşadığı onmərtəbəli bina sökülərkən körpünün də yaxın zamanlarda ləğv ediləcəyini bildiriblər.
Sakinlərdən Füzuli Əliyev bildirib ki, əvvəlcə binanın, ardınca körpünün, sonra isə Ali Məhkəmənin yaxınlığınadək yol kənarındakı bir neçə binanın söküləcəyini eşidiblər. Bu səbəbdən körpü ilə bağlı yoxlamalar narahatlıqlarını artırıb.
“Hamı bilir ki, körpü tıxacların aradan qaldırılması məqsədilə, yaxud qəzalı olduğuna görə sökülməyəcək. Sadəcə olaraq, “Port Baku 2” tikilir, binaya və binadakı ticarət mərkəzinə birbaşa giriş üçün körpünün sökülməsi lazımdır. Əksinə körpünün sökülməsi tıxacları artıracaq”,- sakin deyib.
Sakinlərdən biri isə bildirib ki, uzun illər yol istismar sahəsində çalışıb. Ona görə də əmindir, körpünün sökülməsi tıxacları azaltmayacaq, əksinə körpünün sağında, “Port Baku” ilə üzbəüz küçədə yeni çoxmərtəbəli binanın tikintisi yolu yükləyəcək:
“Afiyyəddin Cəlilov, Üzeyir Hacıbəyov küçələri o körpüyə çıxır. Hazırda bu körpüyə alternativ yol yoxdur. Bizim əsas qorxumuz isə odur ki, körpüdən sonra bizim binaları da sökə bilərlər. Bir də gördün, qəzalı adı yükləyib bizi köçürdülər. Heç kim sakinin sözünü eşitmir, etirazlar fayda vermir. Şəhərin mərkəzi olsa da, binalarımızın həyəti geniş və yaşıllıqdır. Hər yan qutu binalarla doldurulur”.
“Cavanşir” körpüsü 1962-ci ildə inşa olunub, daha çox “Qaqarin körpüsü” kimi tanınır. Əvvəllər körpünün altından qatarlar, üstündən isə avtomobillər hərəkət edib. Bir neçə il əvvəl dəmir yolu xətləri sökülüb.
Ərazi binalarla yükləndiyindən son günlərədək körpünün altından dayanacaq kimi istifadə edilirdi.
Hələ 2019-cu ildə hakimiyyətə bağlı “Report” agentliyi də körpünün yaxın zamanlarda söküləcəyni yazmışdı. Lakin agentlik bu xəbəri haradan aldığını, nəyə əsasən yazdığını qeyd etməyib, mənbə göstərməyib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli isə Meydan TV-yə narahatlıq üçün əsas olmadığını deyib:
Elə bir layihə yoxdur. Sadəcə vaxtaşırı körpülərdə bu cür testlər aparılır. Belə məsələlər olduqda, ictimaiyyətə öncədən məlumat verilir”.
Meydan TV
Tarix: 28-10-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti