LAÇININ ŞƏHİD ADINA MƏKTƏBİ BAĞLANIB, BÜTÜN HEYƏT İŞSİZ QALIB – FOTO
Laçın rayon Aşağı Fərəcan kənd orta məktəbi bu ilin mayından heç bir səbəb göstərilmədən bağlanıb. Şəhid Ələkbərov Zöhrab Cəlal oğlunun adını daşıyan həmin təhsil ocağı Bərdənin Qaradəmirçi kəndində fəaliyyət göstərirdi. Lakin hazırda məktəbin ikisi şəhid ailəsi, ikisi Xocalı sakini olmaqla 30-a yaxın müəllim və texniki işçi heyəti maydan bəri işsiz qalıblar. Bu barədə Tribunainfo.az-a məktəbin işçi heyəti məlumat verib. Məlumatda deyilir ki, məktəbin direktoru Etibar Nəbiyev bu ilin yayında şagirdlərin valideynlərini çağıraraq onlara xəbərdarlıq edib. Direktor məktəbin bağlanacağını deyərək, valideynlərə övladlarını ayrı-ayrı məktəblərə yerləşdirmələrini məsləhət görüb və sənədlərini təqdim edib. Məktəbin müəllim və texniki işçi heyəti bildirir ki, belə də olub, şagirdlər müxtəlif məktəblərə bölüşdürülüb, lakin bu barədə onların xəbəri olmayıb. Yəni direktor kollektivi məktəbin bağlanacağından məlumatlandırmayıb. Onların sözlərinə görə, faktiki olaraq, məktəbin qapısı bağlıdır, 30-a yaxın təhsil işçisi işsiz qalıb və maaş ala bilmirlər. Bu problemin səbəbini aydınlaşdırmaq istəyən məktəbin işçisi, şəhid xanımı Yasəmən İsmayılova direktora üz tutub. Amma direktor E.Nəbiyev şəhid xanımını da, narazılıq edən işçiləri də təhdid edib ki, şikayətçi olmaqdan əl çəkməsələr, polis çağırıb hamını içəri saldıracaq. Y.İsmayılova məktəbin adını daşıdığı şəhid Z.Ələkbərovun həyat yoldaşıdır. Onlar Laçın təhsil şöbəsi rəhbəri Nicat Həsənova, icra başçısı Aqil Nəzərliyə müraciət ediblər. Amma heç bir nəticəsi olmayıb. İşsiz qalan məktəb kollektivi Elm və Təhsil Nazirliyindən yaranmış problemə diqqət ayırmağı xahiş edirlər. Belə görünür ki, məktəbin bağlanmasına səbəb üzə çıxan maliyyə yeyintilərini ört-basdırmaq olub.