Hökumət deputatın təklifini nəzərə alıb, qaz limitini aradan qaldıra bilərmi? - "Qızınmadıq istisinə..."

Hökumət deputatın təklifini nəzərə alıb, qaz limitini aradan qaldıra bilərmi?
Bir neçə ildir əhaliyə verilən təbii qaza limit qoyulur. Yəni qazdan istifadə həcminə görə müxtəlif tariflər tətbiq olunur. İki il əvvəl baş tutan son dəyişikliyə görə, hər abonentin illik istehlakının 1200 kubmetrədək olan hissəsi üçün bir kubmetrə 12 qəpik ödənilir. Bu limiti keçən istehlakçı 2500 kubmetrədək 20 qəpik məzənnəsi ilə razılaşmalıdır. 2500 həddi aşılanda hər kubmetrin dəyəri 25 qəpik olur.
Bizimyol.info xəbər verir ki, deputat Tahir Kərimli Milli Məclisdə büdcə müzakirələri zamanı qaz limitinin ləğvini təklif edib. Onun fikrincə, qaz hasilatçısı olan ölkənin vətəndaşları təbii sərvətdən bu şərtlərlə istifadə etmək məcburiyyətində qalmamalıdır: “Azərbaycanın kifayət qədər qazı var, limiti ləğv etməyə gücümüz çatar”.

Hökumət qaz limiti tətbiq edəndə, zamanla qiyməti artıranda daha çox bir arqument üzərində dayanır. Deyilir ki, dünyada təbii qaz qiymətləri yüksəkdir. Dünyada qiymətlər yüksəkdir deyə, əhalinin üzərinə ağır yük qoyulur. Qiymətlər düşür, amma hökumətin səsi çıxmır. Bircə dəfə dilə gətirilmir ki, qiymətlər aşağıdırsa, xalqın vəziyyəti də nəzərə alınsın. Hökumət əhali üçün qiymətləri o vaxt artıra, xüsusi limit tətbiq edə bilər ki, təbii qazın idxalçısı olsun. Qazı biz hasil edirik. Dünyada bir sıra ölkələr Azərbaycandan təbii qaz alır və ya bu niyyətdədir.

Başqalarına qaz satırıq, amma yerli əhaliyə limit tətbiq edirik. Əhalinin nəzərəçarpan hissəsi 1200 kubmetr həddini çoxdan aşıb. Adətən, Novruz bayramından sonra abonentlərin çoxunda limit geridə qalır. Payızda 2500 kubmetr həddini də aşmaq lazım gəlir. Qış özü ilə həm də təbii qaz dərdi gətirir. İndi havaların xoş keçməsi yalnız əhalinin xeyrinədir. Evləri isitmək hələ lazım deyil. Bəzən yay istisi müşahidə edilir. Vəziyyət o həddə çatıb ki, insanlar məhz qaz limitini keçməmək üçün havanın günəşli olmasına sevinir. Limiti qorumaq havanın ümidinə qalıb.

Yazırıq, amma vəziyyət ifadə etdiyimizdən də acınacaqlıdır. Xüsusilə, bölgələrdə insanlar təbii qaz qiymətləri ilə bacara bilmir. Həyət evlərini isitmək üçün böyük həcmə ehtiyac var. Bəzən aylıq qaz xərci 200 manatı aşır. Həmin sərvət xalqın rifahı üçün istifadə olunmayacaqsa, onda nəyimizə lazımdır?! Daim əhaliyə minnət qoyulur. İstisinə qızınmadığımız sərvətin tüstüsünə kor olmaq taleyindən qaça bilmirik.

Tarix: 6-11-2023, 21:49
Xəbəri paylaş





Xəbər lenti