Deputat: “Xroniki xəstələrin istər ambulator, istərsə də stosionar müalicə xərcləri dövlət tərəfindən qarşılanır”
Gürcüstan hökuməti 2024-cü ildən xroniki xəstəlikləri olan təqaüdçülərin müalicəsi üçün pulsuz dərmanların verilməsi barədə qərar qəbul edib. Bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili Nazirlər Kabinetinin iclasında bildirib.“Gələn il xroniki xəstəliklərdən müalicə alan və dərmandan asılı olan pensiyaçılar ilboyu pulsuz dərman ala biləcəklər. Bu, təqribən 400 min nəfər təqaüdçüdür”, - Qaribaşvili qeyd edib.
Xatırladaq ki, Gürcüstan və Türkiyədə pandemiya dövründə vətəndaşlara kəsilən cərimələr də dövlət tərəfindən silinib. Azərbaycanda isə qalır. Azərbaycanda da pensiyaçılara belə güzəştlər mümkünmü?Musa QuliyevParlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Yeni Müsavat”a deyib ki, Azərbaycanda dövlət proqramı çərçivəsində xroniki xəstələrin istər ambulator, istərsə də stosionar müalicə xərcləri dövlət tərəfindən qarşılanır: “Şəkərli diabet, onkoloji xəstələr, psixoatrik xəstələr, vərəmli xəstələr, qan xəstələri, ümumilikdə 12-yə yaxın xəstəliklər var ki, müayinə və müalicəsi dövlət tərəfindən həyata keçirilir. İstədiyimiz odur ki, icbari sığortaya pul ödəyən bütün vətəndaşların ambulator xərcləri, müalicə xərcləri yavaş-yavaş icbari sığorta tərəfindən qarşılanması gerçəkləşir”.
Deputat pandemiya dövründə yazılan cərimələrlə bağlı deyib ki, dövlət dəfələrlə humanistlik nümayiş etdirib: “Biz də arzu edirik ki, belə bir qərar qəbul olunsun. Amma heç bir halda belə qərarlar vətəndaşlarda arxayınlıq yaratmamalıdır. Kimsə düşünməməlidir ki, istədiyim halda qanunları pozacağam və dövlətin humanistliyi nəticəsində cəzasız qalacağam. Bu da sosial bərabərsizliyə, ədalətsizliyə yol açan addımdır. Amma pandemiya dövrü ilk dəfə idi ki, yaşanırdı, insanlar qapalı şəraitə uyğunlaşa bilmirdilər. Hətta həmin zaman qapanmalardan gec xəbər tutanlar da olub. Telefonda lazım olan informasiya tətbiqini yükləyə bilməyənlər də olmuşdu. Hökumətin belə bir yanaşması humanist addım olardı. Amma o cərimələr heç də dövlət büdcəsini gücləndirmək, doldurmaq xarakteri daşımır. Sadəcə, pandemiya dövründə insanları nizam-intizama dəvət etmək xarakteri daşıyırdı. Pandemiya ilə mübarizə təkcə dövlətin işi deyildi, həm də cəmiyyətin vəzifəsi idi. İstənilən halda vətəndaşlarımız həmişə dövlətimizin humanist siyasətini görüblər və ümid edək ki, belə bir qərar da qəbul olunar”.