FHN-dən Naxçıvandakı müəmmalı şirkətin fəaliyyəti ilə bağlı AÇIQLAMA - FOTO

FHN-dən Naxçıvandakı müəmmalı şirkətin fəaliyyəti ilə bağlı AÇIQLAMA - FOTO

“Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində tikilən hər hansı bir obyektdə tikinti işləri qanunsuz olaraq dayandırılmayıb. Həmçinin nazirlik tərəfindən hər hansısa bir obyektin söküntüsü həyata keçirilməyib”.
Bu barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən TNS-in sorğusuna cavab olaraq bildirilib.
Məlumatda qeyd olunub ki, tikinti və yenidənqurma işlərinə 2022-ci ildə başlanılan Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusu (əvvəlki hərbi hospital) binasında tikinti və yenidənqurma işlərinin planlaşdırılması zamanı tikintinin subyektləri tərəfindən qüvvədə olan normativ sənədlərin tələblərinə əməl olunmayıb.
“Belə ki, mövcud binanın şəhərsalma və tikintiyə dair normativ sənədlərlə nəzərdə tutulan qaydada tədqiqinin aparılması, tikinti layihəsinin normativ sənədlərin tələblərinə uyğun hazırlanması və binanın gələcəkdə təhlükəsiz istismarının təmin edilməsi məqsədi ilə binada kompleks instrumental müayinə işləri aparılmayıb, binanın tikinti layihələrinin, texniki-iqtisadi əsaslandırması və smeta sənədlərinin ekspertizadan keçirilməsi, eləcə də tikintiyə icazənin alınması obyektin sifarişçisi olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən təmin edilməyib. Binada kompleks instrumental müayinə işləri aparılmadan, binanın mühəndisi-müayinəsi və texniki vəziyyəti haqqında rəy olmadan, obyektin layihəçisi olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihə Smeta Qrupu tərəfindən şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olmayan mövcud 2 mərtəbəli köhnə binanın üzərinə 1 mərtəbə əlavə olunmaqla layihələndirilib (baxmayaraq ki, buna görə layihəçi cavabdehlik daşıyır) və ekspertiza rəyi olmadan obyektin podratçısı olan Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsi tərəfindən tikinti işləri aparılıb. Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusunun yenidən qurulmasında tikintinin subyektləri tərəfindən yol verilən pozuntuların və tikintinin aparılmasına əsas verən sənədlərin olmadığını nəzərə alaraq, nazirliyin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 14 mart 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib. Binanın mövcud vəziyyətininin və yükdaşıyıcı konstruksiyalarının müayinə olunması məqsədilə 2023-cü ilin may ayında “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu və S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun mütəxəssisləri tərəfindən binaya kompleks baxış keçirilib və instrumental müayinə işləri aparılaraq binanın texniki vəziyyəti haqqında rəy tərtib olunub. Tərtib olunan texniki rəyə əsasən binanın texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu məlum olub. Hətta Naxçıvan Dövlət Universitetinin Rektorluq korpusu üçün yenidən qurulan köhnə binanın mövcud yükdaşıyıcı konstruksiyalarında instrumental müayinə işlərinin aparılması və nəticəsi barədə ictimaiyyətə məlumat verilib”, - nazirlikdən bildirilib.
Göründüyü kimi, binanın sökülməsindən söhbət getmir. Qüsurlar aradan qaldırıla, bina təhvilə hazırlana bilər. Bundan başqa, binanın sökülməsinə zərurət olsa belə, bu iş dövlət orqanları tərəfindən icra edilməlidir. Naxçıvanda fəaliyyət göstərən “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin bu binanın sökülməsi ilə bağlı qəbul etdiyi qərar tamamilə qanunsuz və absurddur.
Əldə etdiyimiz məlumatlara görə, binada təkcə möhkəmləndirmə işlərinə 2 milyon manata yaxın vəsait sərf edilib. Burada daha geniş araşdırma və yoxlama işlərinin aparılmasına ehtiyac var.
Başqa bir məsələ isə ondan ibarətdir ki, bina söküləcəyi təqdirdə dövlətə vurulucaq ziyan ödənilməlidir. Faktlar təsdiqini taparsa, bu işin günahkarları müəyyənləşdirilməli və məsuliyyətə cəlb edilməlidir.
Nazirlikdən bildirilib ki, tikintisi 2021-ci ildə başlayan Naxçıvan Dövlət Universitetinin Texnologiyalar Parkının tikintiyə icazə sənədinin olmadığı, həmçinin layihə sənədlərinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 83-cü maddəsində tələb olunan tərkibdə, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 348 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”nın 4-cü bəndinə (ekspertiza müəssisəsinə təqdim edilən sənədlərin tərkibi və tikinti layihələrinin ekspertizadan keçirilməsi qaydasına) uyğun hazırlanmadığı üçün Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 92.4-cü maddəsi ilə 12 oktyabr 2023-cü il tarixdə tikinti işlərinin dayandırılması barədə qərar qəbul edilib.
“Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq olunan “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinə əsasən icra edilməsi üçün tikinti işlərinin dayandırılması haqqında qərar Naxçıvan Dövlət Universitetinə (sifarişçiyə), eləcə də tikinti ərazisinə nəzarətin təmin edilməsi üçün qərarın surəti Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Şəhər Polis İdarəsinə göndərilib”, - qurumdan qeyd olunub.
Maraqlıdır ki, 2021-ci ilin iyun ayında obyektə baxış keçirilib və akt tərtib olunub. Həmin aktda tikinti işlərinə başlamaq üçün tam şərait yaradıldığı bildirilib və heç bir qüsur qeyd olunmayıb. İndi sual yaranır? Əgər Fövqəladə Hallar Nazirliyinin bu gün əsas gətirdiyi nöqsanlar var idisə, o zaman tərtib olunan aktda niyə öz əksini tapmayıb? Yaxud nazirlik indiyə qədər nəyə görə bu qüsurları aşkarlayıb tikintini dayandırmırdı?
9ae35837-e853-453e-bbdd-9b27548bc282
Məlumdur ki, Naxçıvanda uzun illər bütün tikintilər bu qaydada aparılıb. Bu məntiqlə yanaşsaq, o zaman bütün tikintilər dayandırılmalı, bütün tikilənlər də sökülməlidir. Bu tikintinin dayandırılması qərarını verənlər bilməlidirlər ki, 50 nəfərə yaxın naxçıvanlını işsiz qoyublar, 50 ailə bu gün narazıdır. Və bu, muxtar rerspublika rəhbərliyinə heç də başucalığı gətirmir. Mövcud nöqsanları qısa müddətdə aradan qaldırmaq mümkündür. Amma məqsəd başqadır. Bu tikinti layihəsini kimlərsə indiki şirkətdən alıb öz yaxın adamlarına vermək istəyirlər. Və təəssüf ki, bu işin də arxasından İsmayıl Məmmədov çıxır.
Yenə o fikrə qayıdırıq. FHN qanuna əsaslanıb tikintini dayandırıb. Bəs “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri İsmayıl Məmmədovun Texnologiyalar Parkında nə işi var? Bu şəxs tikintinin dayandırlması məsələsinə niyə qarışır? Ona bu xüsusi səlahiyyəti kim verib? Bu suallar hələ ki açıq qalıb.
Fövqəladə Hallar Nazirliyindən o da bildirilib ki, Naxçıvan Dövlət Universitetinin futbol stadionunun Naxçıvan Muxtar Respublikasının Fövqələdə Hallar Nazirliyi tərəfindən sökülməsi və yaxud dayandırılması ilə bağlı iddialar həqiqəti əks etdirmir. Bu istiqamətdə heç bir tədbir həyata keçirilməyib.
O zaman başqa bir sual. Stadionu kim söküb və bu qanunsuz işə görə niyə heç kim məsuliyyətə cəlb edilməyib? Hesab edirik ki, muxtar respublikanın hüquq-mühafizə orqanları bu işi araşdırmalıdır.
Məlumatda qeyd edilib ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə heç bir bağlılığı yoxdur.
Sonuncu sual. O zaman Fövqəladə Hallar Nazirliyinin rəsmiləri bu MMC-nin rəhbərliyi ilə niyə tikinti obyektlərinə baxış keçirir? Və bu MMC istənilən tikinti obyektinin tikintisinin dayandırlmasına və tikililərin sökülməsinə necə nail olur?
Bu MMC Naxçıvanda əməlli başlı özbaşınalıq edir. Əgər muxtar respublikada bu özbaşınalığın qarşını alacaq qüvvə yoxdursa, paytaxt Bakıdan müdaxilə edilməli, muxtar respublikanın problemləri həll olunmalıdır.
Naxçıvanlılar əmindir ki, yenilməz Ali Baş Komandan, qüdrətli Prezident İlham Əliyev onların problemlərinin həlli üçün lazımi tapşırıqları verəcəkdir.
Maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Tarix: 8-11-2023, 18:02
Xəbəri paylaş





Xəbər lenti