80 manat- savaş veteranlarına Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət yox... - ETİRAZ
Son günlərin ən çox diqqətə çatdırılan “diqqət və qayğısı” Qarabağ savaşı veteranlarına ayrılan 80 manatın artırılması “mexanizmi” ilə bağlıdır. Gerçəkdə bu mövzu spekulyasiya predmetinə çevrilib. Hətta “sosial-iqtisadi” deputatlar bu 80 manatın kommunal xidmətlərə görə ödənilən sosial müavinət olduğunu, artan xidmət haqlarına uyğun arta biləcəyini topluma sırıyırlar. Halbuki 80 manat- Qarabağ savaşı veteranlarına verilən Prezident təqaüdüdür, kommunal xidmətlərə görə sosial müavinət deyil. 2019-cu ilin aprelinə kimi işləməyən, əmək pensiyaçısı olmayan müharibə veteranlarına kommunal xidmətlərə görə sosial müavinət ayrılırdı. Prezident 15.04.2019-cu il tarixli “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi” haqqında fərman imzalayıb və təqaüdün aylıq məbləğini 80 manat müəyyən edib. Fərmanla müəyyən edilib ki, Prezident təqaüdü 2019-cu ilin aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alanlara həmin müavinətin ƏVƏZİNƏ, əmək pensiyası alan və döyüşən ordunun tərkibində iştirak etmiş müharibə iştirakçılarına ( Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla)- onların təqaüdləri 4-5 dəfə çox olduğuna görə- M.B.), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir; dövlət büdcəsində ƏƏSMN-ə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Yəni 2019-cu il aprelin 1-dən qüvvəyə minən 80 manatlıq təqaüdün məbləğinin artırılmasını yalnız Prezident qərara ala bilər. Nədən fərman onun fərmanıdır, artırıb-azaltmaq da onun müstəsna səlahiyyətindədir. Kiminsə bu barədə speklyasiya-manipulyasiya etməsi savaş veteranlarının başını nağıllarla qatmaqdan özgə bir şey deyil. Qarabağ savaşı əlillərinə Prezidentin 26.01.2001 tarixli fərmanla ayırdığı kommunal , nəqliyyat və digər xidmətlər əvəzi 26 manatlıq aylıq müavinətin məbləği isə 22 ildir dəyişməz qalıb. Pensiya orqanı fərmanı cibinə uyğun izah və tətbiq edib qazi- əlillərin müavinətini yeyir. Cibə uyğun izaha baxın, guya Prezident 22 il qabaq savaş əlillərinə kommunal xidmətlərə görə sosial müavinət müəyyən edib. Halbuki 22 il qabaq, ümumiyyətlə, “sosial müavinət” anlayışı yox idi, “sosial pensiya” dövriyyədə idi. Və Prezidentin 26.12.2001 tarixli fərmanında sosial pensiyaçılara 6 manat müavinət ayrılması doğrulanıb. Sosial müdafiə orqanlarının mənimsəmə məntiqindən belə çıxır ki, Prezident sosial pensiyaçılara 6 manat sosial müavinət müəyyən edib?! Biz hələ digər qərəzli məntiqləri demirik. Sadəcə, onu deyirik ki, Maliyyə Nazirliyi 17.01.2017 tarixli arayışla bildirib ki, Qarabağ əlillərinə ayrılan 26 manatın verilməsi davam edir, pensiyanın sığorta hissəsinə əlavə edildiyindən “görsənmir”. Baxın, Maliyyə Nazirliyi 26 manatın verildiyini , DSMF-in pensiya verməli olanları isə 26 manatı “sosial müavinət” kimi qəbul edib, əmək pensiyasına əlavə etməyin mümkünsüz olduğunu rəsmi məktublarla bildirirlər. Prezident aktlarının, qanunların bilərəkdən yanlış izah və tətbiq edil(mə)məsi savaş əlillərinin cibinə ziyan olsa da, qeyri -rəsmi “təfsirçilərin” cibini doldurur. Qanunların düzgün tətbiq edilməsini təmin etməli olan prokurorluq , digər nəzarətedici orqanların “nəzarəti” isə qazilərin haqqından pay almaqla susmaqdan ibarətdir. Hamısı yeyintidə ortaqdır, şübhəlidir, susmaq “hüquqları” qanunla qorunur.
Müəllif: Məğrur Bədəlsoy Təqdim etdi: Siam.az
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...