Bakıda 20 illik parkı hasara alıb restoran tikirlər? – Foto


Paytaxtn Nizami rayonu, Elşən Süleymanov küçəsi 72 A ünvanında, bir neçə binanın və 220 saylı məktəbin əhatəsində yerləşən yaşıllıq ərazisi hasara alınaraq, tikinti işlərinə başlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “EcoKönüllü” səhifəsi məlumat yayıb.
Bildirilib ki, 220 nömrəli məktəbin qarşısında yerləşən 20 illik parkda restoran tikmək istəyirlər:

“Parkda ağac sıxlığı olduğundan bəzi ağacların dibinə zəhər töküblər ki, seyrəlsin, “kabinka” və masa qoymağa yer olsun”.

Yaxınlıqdakı binanın sakinlərdən Orxan Babayev Meydan TV-yə bildirib ki, yaşıllıq ərazisində hansısa obyektin tikiləcəyi gözlənilir. Çünki tikinti işlərinə bayram günlərində başlanılıb. Ərazidə hansısa obyektin tikintisi xüsusilə məktəblilərin gediş-gəlişinə mane olacaq.
Sakinlərin sözlərinə görə, yaxınlıqdakı yeni tikilidə ev alarkən onlara yaşıllıq ərazisində park salınacağı, sakinlərin həmin ərazidə istirahəti üçün şərait yaradılacağı vəd olunub.
“Dərs çıxışında məktəbin ətrafında sıxlıq yaranır, az qala yolun ortasında avtomobillər park edilir. Hansısa obyekt, kafe, yaxud restoran tikiləndən sonra ümumiyyətlə, saatlarla sıxlıq olacaq. Valideynlərin çoxu parkdan keçərək məktəbə uşaq yola salırlar”, – sakinlər bildiriblər.


Şikayətçilər ərazi polis bölməsinə və 102 xidmətinə şikayət edəndən sonra əraziyə gələn polislər tikintini dayandırıblar. Bundan sonra parkın girişinə uşaq parkı salınacağına dair elan yerləşdirilib. Lakin sakinlər bunun doğru olmadığına inanırlar:
“Nizami, Xətai rayon ərazisində yol kənarlarının, yol ayrıclarının, yaşıllıq ərazilərinin müxtəlif sosial layihə adına zəbt edilərək yerində kafe, restoran tikilməsinə dair onlarla faktlar var, mətbuat yazıb. Öz balkonunda tikinti aparmaq istəyən kimi yüz yerdən tökülüb gəlirlər. Necə olur ki, bu boyda tikinti gedir, maraqlanan yoxdur”.


Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən isə bildirilib ki, Nizami rayonu, Elşən Süleymanov 24 ünvanında şəhərsalma nəzarəti qaydasında monitorinq keçirilib, 5 və 16 mərtəbəli yaşayış binalarının ətrafında istifadədə olan parkın hasara alınması faktı aşkarlanıb. Baş idarə tərəfindən sözügedən tikinti işləri dərhal dayandırılıb.
Tarix: 12-11-2023, 17:39
Xəbəri paylaş





Xəbər lenti