Bakının Nərimanov rayonu, Ziya Bünyatov prospekti 64/68, mənzil 42 ünvanında - “Milyonerlər məhəlləsi” kimi tanınan məşhur ərazidə ümumi sahəsi 22 kv.metr olan qaraj qonşular arasında məhkəmə çəkişməsinə qədər uzanıb. Pravda.az xəbər verir ki, bu barədə qanuni əmlakı (qarajı) ələ keçirilən Tahir Məlikov Haqqın.az-a şikayətində deyib.
Tahir Məlikov Haqqin.az saytına müraciətində deyib ki, o, 2005-ci ildə Nərimanov rayon İcra Hakimiyyətinin sərəncamı əsasında 1995-ci ildən qaraj və anbar kimi istifadə etdiyi mülkünü özəlləşdirib: "2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mənim adıma bu qaraja texniki pasport verib. Lakin illər sonra, qonşu Nəsib Hacıyev mənə məxsus qarajı hasara alaraq zəbt edib. Daha doğrusu, ərazidə villa tikdirən qonşu mənə qarajımı ona satmağımı istədi. Açığı, əvvəlcə satmaq istəmədim, lakin uzun danışıqlardan sonra razılaşdım...".
Tahir Məlikovun sözlərinə görə, qonşu ilə arasındakı razılaşmadan demək olar ki, iki ilə yaxın vaxt keçib və bu müddət ərzində Nəsib Hacıyev vaxtaşırı ona zəng edərək, tezliklə qarajı alacağını, yəni, pulunu ödəyəcəyini təkrarlayıb: "Ancaq bir gün təsadüfən bildim ki, qonşum mənə məxsus qaraja hansısa qanunsuz yollarla çıxarış alıb. Bu barədə Nəsib Hacıyevdən soruşanda, kobudluqla qarşılaşdığım üçün hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qaldım".
Tahir Məlikov qeyd edir ki, özəl mülkinə qonşusunun necə çıxarış almasını öyrənmək üçün dəfələrlə Daşınmaz Əmlakın Reyestri Dövlət Xidmətinə müraciət edib: "Hər dəfə suallarıma anlaşılmaz cavablar verməklə məni yola verirdilər. Nəhayət, yuxarı instansiyalara çoxsaylı şikayətdən sonra məlum oldu ki, bu qərar Bakı İnzibati İqtisad Məhkəməsi tərəfindən mənim əsla xəbərim olmadan keçirilən gizli məhkəmə prosesində verilib. Belə ki, adıçəkilən məhkəmə orqanı Nəsib Hacıyevin qanuni olaraq 3,9 sot əraziyə sahib olmasını təsdiqləməklə yanaşı, yerində heç bir texniki ekspertiza aparmadan və mənim qarajımın da yerləşdiyi əlavə ərazi üzrə mülkiyyətçinin mövcudluğunu müəyyən etmədən, mənim də mülkümin olduğu ərazi daxil, ümumilikdə 5,25 sot ərazinin Nəsib Hacıyevin xeyrinə sənədləşdirilməsi haqda qərar çıxarıb. Çox maraqlıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti məhkəmənin bu qanunsuz qərarını yoxlamadan, araşdırmadan dərhal icra edib".
Şikayətçi deyib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı şəhəri Memarlıq və Şəhərsalma Baş İdarəsi adıçəkilə qarajın yerinin ona məxsus olmasını təsdiqlədikdən sonra o, Nəsib Hacıyevə verilən çıxarışın ləğvi ilə bağlı zərərçəkmiş şəxs qismində məhkəməyə üz tutub: "Hazırda mənim haqlı və qanuni iddiama Bakı İnzibati Məhkəməsində baxılır...".
Nərimanov Rayon İcra Hakimiyyətindən haqqin.az-a verilən məlumata görə, 2009-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Tahir Məlikova Nərimanov rayonu, Ziya Bünyatov prospekti, 64 B ünvanında yerləşən qarajına texniki pasport verilib: "Vəziyyətin təhlili zamanı məlum olub ki, 2018-ci ildə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qarajın yerləşdiyi ərazi fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi kimi Nəsib Hacıyevin mülkiyyətinə verilib. Həmin ərazinin mülkiyyətinə dair sənədlərdəki ziddiyyətlərin aradan qaldırılması üçün Tahir Məlikova İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməsi tövsiyə olunub. Hər iki vətəndaşın mülkiyyət hüququ ilə bağlı sənədləri olduğundan, həmçinin qonşular arasında yaranmış münaqişənin danışıqlar yolu ilə həlli mümkün olmadığından Tahir Məlikova məhkəmə orqanlarına müraciət etmək də məsləhət görülüb".
Maraqlıdır, qeyri-vaxti hər xırda nüası belə araşdıran Rayon İcra Hakimiyyəti, Dövlət Əmlak Xidməti, onun müvafiq idarəsi, həmçinin məhkəmə bu dəfə niyə məsələyə "biganə" yanaşıb?
Hər halda müvafiq qurumlar bu faktı dərindən araşdırmalı və məsuliyyətsiz davranan məsul şəxsləri cəzalandırmalıdır. Əlbəttə, hüquqi dövlətdə belə belə kobud qanunsizluq və ya özbaşınalıq, həmçinin məhkəmə sistenmindəki "gizlənpaç" oyunları"na mütləq hüquqi qiymət verilməlidir...
Tarix: 13-11-2023, 13:27