1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən NARAZILIQ VAR


Bildiyimiz kimi, oktyabr ayının 6-da Masallı şəhərində 6 nəfərin zəhərlənməsi və 1 nəfərin xəsarət alması ilə nəticələnən yanğın baş verdi. Gözlənildiyi kimi, çox keçmədən, hətta yanğının baş vermə səbəbini araşdıran istintaq yekunlaşmadan bazarın yeri ayrı-ayrı sahibkarlara satılmağa başladı.
Xoşagəlməz hal budur ki, həndəvərdəki ağaclar tikintisinə başlanılan obyektin hörülməkdə olan divarları arasında qalıb. Masallıda ezamiyyətdə olarkən bu fakt diqqətimizi çəkdi və yerində foto-video çəkilişlər edərək maraqlandıq. Lakin obyektin sahibi və ətrafındakı adamlar bizim peşə fəaliyyətimizə mane olmağa çalışdılar. Ağacların aqibətini soruşanda sahibkar bildirdi ki, bütün işləri əlaqədar qurumlarla, o cümlədən, 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə razılaşdırıb, icazəsini alıb.
Görünür, bütün maneələri pulla dəf etməyə öyrənişmiş iş adamı “dil tapdığı” məmurlara, eləcə də Regional İdarənin rəisi Ceyhun Hüseynova arxalanaraq biz jurnalistləri təhdid etdi, güc tətbiqi ilə xidməti vəsiqəmizi əlimizdən aldırmağa, bizi ərazidən zorla uzaqlaşdırmağa çalışdı. Yalnız Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng vurduğumuzdan sonra bizi sakit buraxdılar.
Xatırladaq ki, Ceyhun Hüseynov bu ilin iyul ayında 1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəis təyin olunub. O, bu vəzifəyə qədər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəhbərliyində təmsil olunub və 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi olub və fəaliyyətində yetərincə qanunsuzluqlara yol verib. Ceyhun Həsənov 1 saylı RETSİ-də sabiq rəis Şakir Quliyevi əvəzləyib. Şakir Quliyev isə 11 saylı Bakı şəhəri üzrə Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət, ekoloji maarifləndirmə sektorunun, bioloji resurslar qrupunun baş məsləhətçi müfəttişi, qrup rəhbəri təyin olunub.

Lakin heç də təəccüblü olmadığı kimi, Ceyhun Hüseynovun 1 saylı TETSİ-nə rəis təyin olunmasından ötən bir neçə ay ərzində İdarənin nəzarət etdiyi ərazidə – Astara, Lerik, Lənkəran, Masallı, Yardımlı və Cəlilabad rayonlarında qanunsuzluq faktları intensiv şəkildə artıb. Onların sırasından bir çoxunu biz qeydə almışıq. Məsələn, bu ilin sentyabr ayının 27-si və 30-da Lerik rayonunun Piran kəndində Ləkərçay çayında aparılan qanunsuz qazıntı işlərini əks etdirən görüntüləri video-qeydə almışıq. Foto-qeydə aldığımız bir başqa görüntülər isə Vizəzəmin meşəbəyliyinin 23 saylı dolayında meşə ərazisində, ağacların qırılması hesabına açılmış ərazidə qanunsuz tikinti işlərinin aparıldığını göstərirdi. Belə düşünmək olar ki, Ceyhun Hüseynov İdarəni gözüyumulu idarə edir. O, regionda baş verən qanunsuzluqları “görmür”, amma qanunsuzluqlara imza atanlar onu “görürlər”.
Hərçənd, bu məqalədə məqsədimiz həmin faktları bir daha sadalamaq deyil. Ümid edirik ki, yazının əvvəlində bəhs etdiyimiz məsələyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi münasibət bildirəcəkdir.(Azerinfo.info)
DOSYE.ORG
Tarix: 14-11-2023, 09:53
Xəbəri paylaş





Xəbər lenti