“Toylarda boyat yeməklər verilir” iddiası - fərqli rəylər

Toy-nişan mövsümü davam edir. Demək, mərasimlərdə verilən qidaların, ərzaq məhsullarının bahalaşması fonunda onların keyfiyyəti məsələsi də öz aktuallığını saxlamaqdadır.
Belə iddialar var ki, toylarda bəzi qidalar hətta fərqli günlərdəki bir neçə məclisdə təklif olunur. Xezerxeber.az-ın məlumatına görə, axşamdan qalan qidalar növbəti gün keçirilən toy məclisində təzəymiş kimi süfrəyə qoyulur.
Öz növbəsində bəzi vətəndaşlar restoranlarda verilən yeməklərin keyfiyyətsiz olduğunu bildiriblər.
Qida eksperti Məhsəti Hüseynova görə, bəzi qidalar hətta bir neçə toyda təklif olunur: “Bununla yanaşı, bişirilən yeməklərin keyfiyyəti də bir çox hallarda sual altında olur. Yemək ucuz başa gəlsin deyə ona əlavə qatqılar qatılır”.
Ekspert habelə qeyd edib ki, kütləvi məclislərdə salat yemək, ümumiyyətlə, tövsiyə edilmir. Onun sözlərinə görə, insanların kütləvi olduğu məclisləri aidiyyəti qurumlar yoxlamalıdır: “Bununla yanaşı, müəssisənin özünün keyfiyyətə və saxlanma şəraitinə nəzarət edə biləcək şöbəsi olmalıdır. Əks halda, zəhərlənmə halları baş verə bilər”.
Ümumiyyətlə, şadlıq evlərində verilən qidaların keyfiyyətinə necə əmin olmaq olar? Bunun üçün konkret standartlar mövcuddurmu?

Eyyub Hüseynov: “Heç kəsə bəlli deyil ki, toyxanalarda qalan yeməklərin sonrakı taleyi necə olur”
Mövzu ilə bağlı istehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, ölkəmizdə restoran və şadlıq saraylarının fəaliyyətindəki çatışmazlıqlar hər zaman müzakirə mövzusu olub: “Məhsəti xanımın fikirləri ilə tam razıyam. Bəzi şadlıq saraylarında bir neçə gün əvvəldən hazırlanan yeməklərin  müştərilərə verilməsi biabırçılıqdır. Azərbaycanda restoranlarda çox sayda qanun pozuntusu aşkarlanmasına baxmayaraq, onlar niyə bağlanmır. İnsanlar bilməlidirlər ki, toyda məqsəd toyun tez bitməsi, yeməklərin çox qalmasıdır. Səsin gücləndirilməsinin səbəbi də budur. Əslində sifarişçi bunu hiss etmir. Salatlar var ki, onun saxlanma müddəti 4-5 saatdır. Heç kəsə bəlli deyil ki, toyxanalarda qalan yeməklərin sonrakı taleyi necə olur. Bütün bunların nəticəsidir ki, həkimlərdə, apteklərdə növbələrin ardı-arası kəsilmir. Ona görə zəhərlənmələrin statistikası üzrə ümumdünya göstəricisindən yeddi dəfə az, insan ölümlərinin sayı 70 dəfədən az göstərilir. Bunu gizlətməkdə maraqlı olan kimdir bilmirəm. Ümumiyyətlə, bəzi ictimai iaşə obyektləri istər xidmət keyfiyyətinə, istərsə də qiymətlərinə görə istehlakçıların narazılığına səbəb olur. Əksər restoran və şadlıq evlərində zalların görünüşü ilə mətbəxləri üst-üstə düşmür. Bakının mərkəzində olan restoranların birində evdə bişirilib gətirilən yeməklərin qızdırılıb müştərilərə verildiyini də görmüşük. İnsanlar mətbəxini gizlədən restoranlar barədə müvafiq dövlət qurumlarına müraciət etməlidirlər”.

Mürvət Həsənli: “Qiymətlərlə toyun maya dəyəri arasındakı fərq çoxdursa, şübhələnməyə əsas var” 
“Xəmsə” restoranının sahibi Mürvət Həsənli mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirdi. O dedi ki, ümumiyyətlə, toylarda axşamdan qalan yeməyin səhərki toyda verilməsi qeyri-mümkündür: “Özəlliklə salatların saxlanması mümkün deyil. Amma belə faktlar varmı, yoxmu, bunu da demək çətindir. Bunu bilmək üçün ən azı şadlıq evlərindəki qiymətlər çox önəm daşıyır, bunlar nəzərdən keçirilməlidir. Misal üçün, bu gün adambaşına 25 manatdan hesablamaqla toy edilirsə, burada şübhələnmək lazımdır. Normal şadlıq yerlərində 25 manata etdiyi toyun maya dəyəri 28-32 manatdırsa, deməli, burada nə isə şübhəli məqam var. Şübhəli məqam nədən ibarətdir? Aldığı ətdən, salatları sabaha saxlamasından, işçilərin nəzarətsizliyi, daha ucuz işçi cəlb etməsi ilə bu mümkündür. Amma ümumilikdə AQTA tərəfindən  o qədər ciddi yoxlamalar keçirilir ki. Demək olar ki, gündəlik olaraq yoxlamalar aparılır. Problem varsa, onların müəssisələri bağlamağa səlahiyyətləri var. Neçə müəssisə bağlandı, cərimə yazıldı. Bunların hamısı problemlərin aradan qalxması üçün idi. Ona görə də qüsurların olması mümkün deyil.  Bununla belə, toy edənlər əvvəldə dediyim kimi, qiymətlərə diqqət etsinlər. 20-25-30 manata etdiyi toyun maya dəyərinə baxılmalıdır, bunu necə edir? Ucuz ətin şorbasının dadı olmadığı kimi problemi də var. Ucuz toy etməkdənsə, az adam çağırıb, daha bahalı restoranlarda xeyir iş etmək daha yaxşıdır. Mən təcrübəmdə rast gəlməmişəm ki, dünənki yemək, salatlar sabahkı toya verilsin. Misal üçün bizdə, qalan yeməkləri əməkdaşlar - qabyuyan, ofisiantlar, xadimələr evlərinə aparırlar. Hər səhər saat 4-5-də gəlib işləyirlər, axşam ağır çantalarla evlərinə dönürlər, bunu görə bilərsiniz”. 
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 28 mart tarixində ölkə ərazisində qida sahəsində fəaliyyət göstərən 15 ticarət müəssisəsi və 14 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 19 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 9, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 11, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 6, Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 2, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkar olunub.
Nöqsan aşkarlanan şadlıq sarayları arasında məşhur olanlar da var. Bunlar arasında Nizami rayonunda yerləşən “Oskar” şadlıq sarayını göstərmək olar. Belə ki, obyektdə sanitar norma və qaydaların, etiketlənməyə dair tələblərin pozulması, mal qonşuluğuna və temperatur rejiminə əməl edilməməsi üzə çıxıb. Şadlıq sarayının sahibi Fərhad Qüdrətli barəsində inzibati protokol tərtib olunub.
Eləcə də H.Əliyev küçəsi, 3024-cü məhəllədə fəaliyyət göstərən fiziki şəxs Əliyev Təmkin Rəhim oğluna məxsus “Yeganə Palace”  şadlıq sarayında da keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub. Belə ki, yoxlama zamanı müəssisədə müvafiq sənədləri olmayan, üzərində aşkar saxtakarlıq əlamətləri olan 27 ədəd 0,7 litrlik “Kremlin” əmtəə nişanlı, 4 ədəd 0,7 litrlik “Severnaə stoliüa” əmtəə nişanlı, 5 ədəd 1 litrlik “Beluga” əmtəə nişanlı, 14 ədəd 0,7 litrlik “Bulbaşj” əmtəə nişanlı, 79 ədəd 0,7 litrlik “Mjnskj” əmtəə nişanlı, 21 ədəd 0,7 litrlik “Boss” əmtəə nişanlı, 32 ədəd 0,7 litrlik “Almaz” əmtəə nişanlı, 7 ədəd 0,7 litrlik “Chivas Regal” və 12 ədəd 0,5 litrlik “Chivas  Regal” əmtəə nişanlı spirtli içkilər aşkar edilib. Eyni zamanda mənşəyi məlum olmayan, orqanoleptik görünüşündə qaralma və istehlaka yararsız 24 kq sub məhsulu (qaraciyər, bağırsaq və s.), 19,8 kq balıq məhsulu, 80 kq piy və 250 kq ət, həmçinin çəkisi 20 kq olan son istifadə tarixi bitmiş “kartof fri” məhsulu aşkar edilib. Bundan əlavə, müəssisənin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətinin qənaətbəxş olmadığı, dondurucularda istifadə müddəti bitmiş məhsullarla istehlaka yararlı məhsulların bir arada saxlanıldığı, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi  müəyyən edilib. 
Tarix: 14-11-2023, 10:13
Xəbəri paylaş





Xəbər lenti