Yolumuz beton, yoxsa asfalt olsun? - ARAŞDIRMA

bitmap-img6

Təxminən üç il öncə 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan bu gün həmin azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq, bərpa işləri aparır. Bu baxımdan nəinki ölkənin, hətta dünyanın gözü azad torpaqlarımızdadır, desək, yanılmarıq.

Məhz son üç ildə bu regionun dirçəlişi üçün təxminən yeddi milyard manatdan çox vəsait xərclənib ki, onun da böyük bir qismi yol infrastrukturunun qurulmasına ayrılıb. Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışlarında bu faktı təsdiq edərək bildirib ki, hazırda azad edilmiş ərazilərimizdə təxmini uzunluğu 513 km olan 10-dan artıq yol layihəsi icra edilir.

Belə bir məqamda həm azad edilmiş ərazilərdə, həm də ölkənin digər regionlarında həyata keçirilən yol layihələrinin səmərəli və davamlı olması üçün müxtəlif addımların atılmasına gərək var. Hesab edirəm ki, bu addımlardan biri də daha müasir, keyfiyyətli, uzunömürlü və xərcləri az olan məhsullardan istifadə edilməsidir.

Bəzi iddialara görə, bütün bu tələblərə beton yollar cavab verir. Belə ki, bəzi beynəlxalq araşdırmalar da beton yolların asfalt yola nisbətən daha dayanıqlı olduğunu sübut edir. Təəssüf ki, ölkəmizin beton yollarla bağlı uğursuz təcrübəsi var. Amma başqa ölkələrdə tamamilə başqa praktika mövcuddur. Bu tipli yolların salınması ilə bağlı ABŞ təcrübəsi 100, Avropa təcrübəsi isə 75 ilə çatır. Həmin ölkələrdə bir beton yolun istismar müddəti ortalama olaraq 30-40 il arasında müəyyən edilib ki, bu göstərici asfalt yolda 6-12 il civarında olur. Hazırda ABŞ-də 125 ildir istifadə edilən beton yollara rast gəlmək mümkündür.

Sual yarana bilər ki, niyə ölkəmizdə beton yollar daha çox olmalıdır? Əslində yuxarıda çəkilən misal bu suala veriləcək cavablardan biridir. İkinci bir məsələ ondan ibarətdir ki, beton yol üçün lazım olan bütün xammalı yerli resurslardan təmin etmək olar. Bu gün ölkədə bir neçə iri sement istehsalçısı var ki, onların real və potensial istehsal gücü üzrə göstəriciləri işlərin sürətli və davamlı həyata keçirilməsinə inanmağa əsas verir.



Nəqliyyat və infrastruktur məsələləri üzrə ekspert Yasin Mustafayev də hesab edir ki, Azərbaycanda beton yolların salınması infrastruktur layihələrini daha sürətli icra etməyə imkan verəcək. Onu da əlavə edək ki, Y. Mustafayev yol inşaatı sahəsində 10 ildən çox təcrübəyə malikdir. Hazırda isə həm azad edilmiş ərazilərdə, həm də ölkənin bir sıra yerlərində yol sahəsində geodeziya və konsaltinq xidmətləri göstərir.

“Azərbaycan neft ölkəsi olduğu üçün bitum tərkibli asfalt yolların çox olması daha təbiidir. Amma eyni zamanda betondan da yol tikmək Azərbaycan üçün sərfəlidir. Çünki ölkəmizdə üç böyük sement istehsalçısı var və onların da potensialından istifadə etmək mümkündür. İndiyə qədər Azərbaycan tarixində bir neçə beton yol çəkilib. Çəkilən beton yollar müvəqqəti, daimi və konstruksiyası fərqli olanlara bölünür. Asfalt və beton yolun fərqinə gəlincə isə deyə bilərəm ki, bütün norma və qaydalara uyğun beton yol çəkmək daha sürətli və sərfəlidir. Bir sözlə, beton yol daha sürətli və ucuz başa gəlir.

Yolların ömürlərinə gəldikdə isə hər iki yol standartlara uyğun çəkilsə, beton yol 50, asfalt yol isə 10 il müddətində istismara yararlı olur. 10 illik müddət bitdikdən sonra isə mütləq asfalt yolun üst qatı yenilənməlidir.

Digər müqayisəli məqam ondan ibarətdir ki, asfalt yol beton yola nisbətən daha təhlükəlidir. Belə ki, sutkanın qaranlıq vaxtı və yağışlı havada bitum tərkibli bu yollar daha da qaralır. Nəticədə isə avtomobillərin işıq şüaları udulur və hərəkət təhlükəli həddə gəlir. Beton yollar isə əksinə, işığı əks etdirən effekt verir. Nəticədə yollar daha da işıqlı olur.

Digər əhəmiyyətli məsələ yanacaq sərfiyyatı və büdcəyə qənaətlə bağlıdır. Praktika göstərir ki, beton yollar daha sərt olduğu üçün bu da yanacaq istifadəsini azaldır”, - ekspert bildirib. (“Report” )
Tarix: 18-11-2023, 10:21
Xəbəri paylaş





Xəbər lenti