Sovxoz sakinlərinin su problemi: deputat səbrli olmağa çağırır, qurum vəd verir - ARAŞDIRMA

Sovxoz sakinlərinin su problemi: deputat səbrli olmağa çağırır, qurum vəd verir - ARAŞDIRMA
Bakının Xəzər rayonu Binə qəsəbəsinin Sovxoz kimi tanınan ərazisində içməli su problemi qalmaqda davam edir. Paytaxt üzrə ən çox məskunlaşmanın olduğu bu yaşayış massivində içməli su xəttinin olmaması sakinlər arasında narazılıqla qarşılanıb. Sovxoz sakinləri burada məskunlaşandan bəri içməli suya həsrət qalıblar. Onlar suyu ya xüsusi su daşıyan avtomobillər vasitəsilə alır, ya da qəsəbənin mərkəzindəki şəhid bulağından və ya digər qonşu qəsəbələrdən bidonlara doldurub taksi ilə gətirirlər. Aldıqları içməli suyu kimi həyətində quraşdırdıqları çəndə, kimi isə bidonlarda saxlayır. Yaşayış massivi mövcud olandan bəri su xəttinin çəkilməməsi əhalini həm iki qat xərcə, həm də əməlli-başlı əziyyətə salıb. Bəs görəsən, Sovxoz sakinlərinin su problemi nə vaxt həll olunacaq?
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı İqtisadiyyat.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov deyib ki, su və kanalizasiya xidmətlərinin müasirləşdirilməsi və yenidən qurulması dövlət proqramına uyğun mərhələli şəkildə həyata keçirilir.
Onun sözlərinə görə, bu fonda Binənin Sovxoz yaşayış massivinin də içməli su ilə təminatı məsələsi rayonun sosial-iqtisadi inkişaf proqramına uyğun həll olunacaq: "Son illər Bakı və ətraf qəsəbələrin çoxunda, o cümlədən bütün şəhərlərin su və kanalizasiya xidmətləri yenidən qurulub, bu inzibati ərazilərin əhalisi fasiləsiz xidmətlə təmin olunub. Lakin yenə də su təchizatının yaxşılaşdırılmasına ehtiyac olan kifayət qədər yaşayış məntəqələrimiz qalmaqdadır. Həmin ərazilərdə sosial-iqtisadi inkişaf proqramına uyğun su xətlərinin tikintisi icra olunaq. Dövlətin məqsədi hər bir vətəndaşın rifahının təmin edilməsidir. Sadəcə ölkənin bütün ərazilərində eyni vaxtda lahiyələrin icrası mümkün deyil".
Deputat buna görə də Sovxoz sakinlərini mövcud çətinliyin müvəqqəti olduğunu qəbul etməyə və səbrli olmağa çağırıb.

Sosioloq Elçin Bayramlı isə İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Sovxoz ərazisinin su probleminin həlli "Azərsu"yun üzərinə düşür.
Onun sözlərinə görə, bu problemin həll olunmas üçün onun xüsusi dövlət proqramına salınmasına ehtiyac yoxdur: "Azərsu" yaxınlıqdan keçən magistral su kəmərlərindən boru xətti çəkə bilər. Uzun müddətdir ki, Sovxoz ərazisi yaşayış massivinə çevrilib. Su təchizatının qazdan və elektrikdən vacib olduğunu nəzərə alsaq, sözügedən ərazi mütləq şəkildə su ilə təmin olunmalıdır. Təəssüf ki, hələ də bir çox yaşayış massivləri susuzluqdan əziyyət çəkir. Bu, biabırçılıqdır. Ölkədə ən çox maliyyələşən təşkilatlardan biri olan "Azərsu" su təminatı üçün ciddi işlər görməlidir".

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı isə İqtisadiyyat.az-a açıqlamasında bu gün Binə qəsəbəsinin təxminən 2/3 hissəsində suyun olmadığını söyləyib. O xatırladıb ki, 2014-cü ilə qədər Binə qəsəbəsində ümumiyyətlə mərkəzləşdirilmiş şəbəkə olmayıb:
"Ceyranbatan-Zirə xətti çəkilənə qədər Pirallahı, Türkan, Qala və Zirədə ümumiyyətlə mərkəzləşdirilmiş su xətti yox idi. İnsanlar ya quyu sularından istifadə edirdilər, ya da maşınla su daşıyırdılar. Ceyranbatan-Zirə xətti çəkiləndən sonra Binəyə bir magistral su xətti ayrıldı. Həmin xəttin imkanlarından istifadə edərək Binə qəsəbəsinin təxminən 1/3 hissəsi içməli su ilə təmin olunub. Bu gün artıq Türkan və Qalanın 30 faizi, Pirallahı isə 24 saat su ilə təmin olunur. Bu işlər dövlət investisiya vəsaiti hesabına mərhələli şəkildə həyata keçirilir".
A.Cəbrayıllının sözlərinə görə, ölkədə hər il mərhələli şəkildə yeni su xəttləri çəkilir və yaşayış evləri su ilə təmin olunur: "Bütövlükdə Binə, Türkan, Zirə, Qala və Şüvəlan istiqamətində su olmayan ərazilərin su ilə təmin olunması üçün artıq layihənin icrasına başlanılıb. Bu layihə Ceyranbatandan sözügedən istiqamət üzrə yeni magistral kəmərin çəkilməsidir. Artıq büdcədən maliyyə ayrılıb. Hazırda anbarların və xəttlərin tikintisi həyata keçirilir. Qarşıdakı dövrdə bu işlər başa çatacaq. Bundan sonra şəhərin şərq hissəsində yaşayan insanlarımız içməli su ilə təmin olunacaq. Paralel olaraq şəbəkə qurulacaq və su olmayan ərazilərdə su olacaq".
Tarix: 20-11-2023, 14:47
Xəbəri paylaş





Xəbər lenti