Bir müddət əvvəl Ağsu rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarının icrasını həyata keçirmədiyi haqda xəbər verilmişdi.Qeyd olunurdu ki, zərərçəkmiş Rəşad Cəbrayılovun vəkili Azər Tağıyevin sözlərinə görə, Ağsu Rayon Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Ömərov Sübhan Osman oğlundan 14800 (on dörd min səkkiz yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq Rəşad Cəbrayılov Tələt oğluna ödənilməsi qət edilsə də, qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri təmin edilməyib və qətnamə icraya yönəldilib.
Azər Tağıyevin dediyinə görə, qətnamənin icrası Ağsu rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib:"Artıq bir neçə ay müddətdir ki, borclu Sübhan Ömərov barəsində bir sıra icra tədbirləri yerinə yetirilsə də, o, bu günə kimi qətnamənin icrası üçün heç bir addım atmayıb, qətnaməni qərəzli olaraq icra etməkdən yayınır.
Ağsu rayon İcra və Probasiya Şöbəsi ona görə də borclu Sübhan Ömərovun barəsində cinayət işi başlanması üçün icra sənədlərini bir neçə ay əvvəl Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərib. Lakin, hazırda nə qətnamə icra olunmayıb və bizə icra işinin hansı vəziyyətdə olması barədə məlumat vedrilməyib".
Məsələ ilə bağlı Ağsu rayon İcra və Probasiya Şöbəsinin ikinci dərəcəli ədliyyə qulluqçusu Rasif Vəliyevlə əlaqə saxladıq.O, açıqlamasında bildirib ki, Sübhan Ömərovun əmlak vəziyyəti ilə bağlı sorğular verilib:"Onun heç bir əmlakı aşkarlanmayıb. Eyni zamanda, ölkədən giriş-çıxışına məhdudiyyət qoyulub. Heç bir nəticə olmadıqdan sonra, onunla bağlı inzibati xəta haqqında protokol tərtib olunub. Məhkəmə iddiası qaldırmışıq, Sübhan Ömərov həbs olunub. Daha sonra Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət işi başlanıb, Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilib. İstintaq İdarəsindən bildiriblər ki, Avropa Məhkəməsindən pul tələbləri ilə bağlı cinayət işləri başlanmasının dayandırılması tövsiyə edilib. Çünki vətəndaşlar pul tələbləri ilə bağlı Avropa Məhkəməsinə müraciət ediblər və həmin tələblər təmin edildiyi üçün, prokurorluq cinayət işinin başlamasını rədd edib. Ona görə də rəhbərlik tərəfindən qərar verilib ki, həmin cinayət işinin başlamasını dayandırın”.
Məsələnin bir ildən çox davam etdiyini deyən R.Vəliyev qeyd edib ki, yeganə yol S.Ömərovun yenidən inzibati məsuliyyətə cəlb olunmasıdır:“Onun Rəşad Cəbrayılovla yanaşı daha 5 nəfərə borcu var. Rəşad Cəbrayılovla danışmışam, izah etmişəm. Bu, Baş İdarədən asılı olan bir məsələdir. Cinayət işinin açılması məndən asılı deyil. Mənim vəzifə borcum cinayət işini açıb, istintaqa göndərməkdir. Mən də yazıb göndərmişəm, bildirilib ki, Avropa Məhkəməsi tərəfindən qəbul edilmir. Eyni zamanda, prokurorluq cinayət işi açmır, buna görə də geri qaytarılır. Bu adamla bağlı cinayət işinin aparılmasına qədər təşəbbüs etmişəm. Bu iş təkrar icraatıma qayıdıb. Hazırda həmin işlə bağlı yenidən inzibati məsuliyyətə cəlb edilmə məsələsi gündəmdədir, inzibati qaydada protokol tərtib edilib, yenidən məhkəməyə aparılacaq”.
Ədliyyə qulluqçusu S.Ömərovun bizneslə məşğul olması haqda deyilənlərə də aydınlıq gətirib:“Sübhan Ömərovun həyat yoldaşı Ağsu rayon İlxıçı kənd bələdiyyəsinin sədridir, onun işlərini aparır. Yəni, rəsmi iş yeri yoxdur ki, əməkhaqqısını, gəlirlərinin tutulmasını edək. Qərarda həyat yoldaşının adı yoxdur. Ona görə də məhkəmə qərarını onun üzərindən icra edə bilmirik”.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət etsək də, cavab olmadı.Bakupost.az
Tarix: 24-11-2023, 22:51