“Bir jurnalist bu hadisəyə laqeyd yanaşardısa...” - Tıxacda çəkdiyi video ilə gündəm olan aparıcı Səidə Bəkirqızı

“Bir jurnalist bu hadisəyə laqeyd yanaşardısa...” - Tıxacda çəkdiyi video ilə gündəm olan aparıcı Səidə Bəkirqızı
Bir neçə gün öncə 65 nömrəli marşrutda tıxac zamanı çəkdiyi emosional videosu ilə gündəm olan aparıcı Səidə Bəkirqızı Moderator.az saytına müsahibə verib. 
Aparıcı qeyd edib ki, həmin gecə avtobusda yaşanan gərginlik onun illərlə tıxaclarda sərgilədiyi səbrin son nöqtəsi olub. Ana və balanın halının pisləşməsini onun emosialarına sahib çıxa bilməməsinə səbəb olub və nəticədə o, Bakı-Sumqayıt yolunda hər axşam yaşanan sıxlıq və gərginliyi əks etdirən video çəkərək, tiktok sosial şəbəkəsində paylaşıb. 

“65 nömrəli marşrutdan mütəmadi istifadə edirəm, bilirsiniz ki, saat 18 radələrində metroya girmək çətin məsələdir. Həmin gün işdən çıxanda gördüm ki, İçərişəhər metrostansiyasının qarşısı adəti üzrə böyük növbə var. Düşündüm ki, metroya girmək üçün 20 dəqiqə gözləməliyəm. Ona görə gəldim 65 nömrəli marşrutun dayanacağına. Bilirdim ki, tıxaca düşəcək, amma ən azından ayaqüstə qalmayacaqdım. Mənim ardımca bir ana-bala da mindi avtobusa. Biz artıq Tbilisi prospekti ilə 20 Yanvar tərəfə qalxdıqda saat 8-ə işləyirdi. Bir saatdan artıq idi ki, biz yolda idik. Bir də gördüm, uşaq qışqırır ki, ana məni çıxart çölə. Ona qədər sərnişinlər sürücüdən xahiş etmişdi ki, havalandırmanı qoşsun. Amma əməl olunmamışdı. Su uzatdım anaya. Görünürdü ki, ana düşmək istəmir avtobusdan. Çünki düşsə ən azı 20-25 dəqiqə növbəti 65-in gəlişini gözləməli idi. O baxımdan düşmək istəmirdi. Nəhayət, endilər avtobusdan. Amma avtobus dayandığından bir neçə dəqiqə sonra onlar təkrar avtobusa mindilər. Bu dəfə hay-kük eşidiləndə isə məlum oldu ki, ananın halı pisləşib. Onda uşaq qışqırdı ki, “ana, qurban olum, məni qorxutma, ölmə”.. Bu sözlər mənə çox pis təsir elədi, artıq emosiyalarıma hakim ola bilmədim. Məncə, bir jurnalist bu hadisəyə laqeyd yanaşardısa, onda qələmini yerə qoysa, daha yaxşıdır. Hər kəs qadına kömək üçün ona tərəf getdi, onu çölə çıxartdılar, mən isə sürücüyə tərəf getdim. Dedim, sizə neçə dəfə deyilməlidir ki, havalandırmanı qoşasınız? Uşağın halı pisləşdi, ananın ürəyi getdi, bu havalandırma çoxmu çətin məsələdir? Siz nə düşünürsünüz? Sona qədər sürücü mənə sübut etməyə çalışdı ki, havalandırma sistemini kəsiblər.”
 
Səidə Bəkirqızı əlavə edib ki, video qısa zamanda böyük səs-küyə səbəb olub, yüz minlərlə baxış sayı toplayıb. Hətta aidiyyatı qurumlar problemin həlli istiqamətində göstəriş veriblər.  
 
 “Ən çox tıxacda qalan insanlar biri elə mənəm. Gündəlik Bakı-Sumqayıt yolundan istifadə edirəm və düşünün ki, mən hər gün Sumqayıtdan İçərişəhərə gəlirəm. Eyni qayda ilə də axşam evə qayıdıram. Səhər tıxaca düşməmək üçün saat 7-nin yarısı evdən çıxıram, ən yaxşı halda, ki saata işəı çatıram. Axşam işdən qayıdanda isə tıxacda 3 saat zaman itirirəm. Mən artıq başa düşdüm ki, elə bu an bu vəziyyəti videoya çəkməliyəm, hər gün yaşadığımız bu həlli olmayan problemi izah etməliyəm. O videoda mənim iç səsim idi eşidilən. 
 
Sonra videonu öz tiktok sosial şəbəkəsindəki hesabımda yerləşdirdim. Mənim tiktokda izləyicim çoxdu, 40 dəqiqə ərzində 230 min baxış gəldi. Heç xəbərim olmayıb ki, mənim çıxışımı ayrı-ayrı səhifələr götürüb paylaşıb, geniş müzakirələrə səbəb olub. Həmin hadisəni evə çatanda ailə üzvlərimə başıma gəlmiş bir xoşagəlməzlik kimi danışdım, gileyləndim. Amma düşünməzdim ki, sosial platformalarda bu qədər səs-küy yaradacaq. Xəbər səhifələrindən birində bu videoya 1 milyondan çox baxış sayı gəldi. Ən yaxşı tərəfi odur ki, bu videoda dediklərim aidiyyatı qurumlara da gedib çatıb. Dərhal araşdırma başlanılıb, “Hansı marşrutda yaşanıb hadisə, sürücü kim olub?” hər biri araşdırılıb. Sürücü ilə də danışıb, maraqlanıblar. Sürücü də hadisəni təsdiq edib. AYNA- Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi də məlum hadisəyə reaksiya verib. Mənim İctimai Televiziyaya bu hadisə ilə bağlı qonaq qismində dəvət olunanda, verilişdə bildim ki, artıq aidiyyatı qurumlar məsələdən xəbərdardır. Və hər biri də mənə dedi ki, sizin yerində etdiyiniz bu addım sanki, SOS siqnalı oldu. Mən qeyd etdim ki, həmin axşam o avtobusda ölən olmadı, çox şükür. Amma ölən olsaydı, heç Təcili Tibbi Yardım maşını da o tıxacla gəlib çata bilməyəcəkdi. Özüm də bilmədən, bir çıxışla bir neçə problemi qabartmış və həm də lazımi ünvanlara çatdırmış oldum. Avtobus zolaqları məsələsi gündəmə gəlid- aidiyyatı qurumlar avtobus zolaqlarının artırılması ilə bağlı göstəriş veriblər.”
 

 

 
Tarix: 26-11-2023, 11:40
Xəbəri paylaş





Xəbər lenti