“Mənə deyirlər ki, adamın olmasa bu iş düzələn deyil” – AĞDAŞ SAKİNİ PENSİYA VERİLMƏMƏSİNDƏN ŞİKAYƏTÇİDİR
Ağdaş rayonu, Pirəyir kənd sakini Abdullayev İslam Ağali oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, ağır xəstə olmasına baxmayaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona pensiya verilməsindən imtina edir:“Mən 2001-ci ilin mart ayında beyin infaktı keçirmişəm. Danışıq qabiliyyətim itib. Bir tərəfim, yəni bir qolum və bir ayağım işləmir. Respublika Xəstəxanasında, Kürdəmir Mərkəzi Xəstəxanasında müalicə almışam, amma heç bir xeyrini görməmişəm.
İş qabiliyyətim yoxdur, amma pensiya ala bilmirəm. “Forma 88”-i hazırlayıb, Bakıya göndərmişik, imtina cavabı veriblər. Sənədlərin heç birində problem olmayıb. Niyə, nəyə görə imtina veriblər, bilmirik. Mənə deyirlər ki, adamın olmasa bu iş düzələn deyil.
Həyat yoldaşım 220 manat pensiya alır. 220 manat indiki vaxtda heç nəyə bəs etmir. Dəfələrlə sosial yardım üçün müraciət etmişəm, mənə deyirlər ki, iş yerin olmalıdır. Səhhətimlə bağlı kimdir mənə iş verən?!
Dövlət Məşğulluq Agentliyinə müraciət etmişəm. Mənə deyirlər ki, 61 yaşın var, sənə hardan iş tapaq?!
Ürək fəaliyyətim 48 faizdir, mən bu xəstələliklə gedim harda işləyim və yaxud da mənə kim iş verər?!
Çox xahiş edirəm, problemimi ictimailəşdirin. Mənim kimi çarəsiz insanlar çoxdur, dolanmaq çətindir”.
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Tarix: 27-11-2023, 16:28