Sənədsiz evlərdə yaşayanlara ŞAD XƏBƏR - Proses BAŞLADI
Uzun illərdir, ölkəmizdə sənədsiz evlərlə bağlı müzakirələr getsə də, təəssüf ki, ortada əməli iş yoxdur. Sənədsiz evlər problemi bugünədək hələ də öz həllini tapmayıb. Hesablamalara görə, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayı 450-600 min arasındadır. Vətəndaşların belə mənzillərə "Çıxarış" ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir.2023-cü ilin 10 ayında mülkiyyət hüququ qeydiyyata alınan daşınmaz əmlakların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,1% çoxdur. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xəbərinə görə, qurum tərəfindən həyata keçirilən daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində müsbət dinamika müşahidə olunur.
AR ərazisində xüsusi mülkiyyətində tikililər və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq su və hava nəqliyyatı (o cümlədən mühərriki olmayan) vasitələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.
Bəs maraqlıdır sənədsiz evdə yaşadığına görə vətəndaş əmlak vergisi ödəməlidirmi və ümumiyyətlə sənədsiz evlər məsələsi həll olunurmu?Məsələ ilə bağlı danışan
əmlak məsələləri üzrə ekspert Elnur Azadov Referans.Az-a bildirib ki, əmlak vergisinin yaranması onun üzərində mülkiyyət hüquqlarının əldə olunmasından sonra qanunverciliyin tələblərinə uyğun tələb oluna bilər:
“Sənədsiz evlərin artıq qeydiyyata alınması ilə bağlı biz ilin əvvəlində açıqlama vermişdik. Proses davam edir. Müxtəlif dövlət qurumları bu məsələyə diqqət ayırıb. Proses bitəndən sonra artıq bəlli olacaq. Düşünürük ki, 2024-cü ildə bu bitəcək və daha sonra qeydiyyata alınma prosesi başlayacaq. Amma 2019-cu ildə prezidentin binaların istismara sadələşmiş şəkildə qəbul olunması ilə bağlı fərmanı olmuşdu. Bu yalnız hündürmərtəbəli binalara tətbiq olunurdu. O zaman fərman veriləndən sonra ölkədə 400-ə yaxın hətta 500 də ola bilərdi, çoxmənzilli bina sadələşmiş şəkildə istismara qəbuldan keçdi. Daha sonra bu fərmana əsasən Dövlət Əmlak Komitəsinə müraciət etdik”.
Ekspert qeyd edib ki, sənədsiz evlərlə bağlı konsept 2019-cu ildə hazırlanıb və hökumətə təqdim olunub. Onun sözlərinə görə, bundan sonra rayon icra hakimiyyətləri öz ərazilərində olan bu kimi qanunsuz evlərin qeydiyyatına başlayıb: “Daha sonra pandemiaya görə qeydiyyat dayandırıldı, lakin təqdim olunmuş məlumatlat müxtəlif xarakterli olduğuna görə onların ərsəyə gəlməsi prosesi baş tutmadı. Hazırda bu məsələ açıq qalıb. Hər hansısa bir tələb forması hazır olmalıdır və tapşırıq verilməlidir ki, bununla bağlı proses ya yenilənsin ya da davam etsin”.
Hüquqşünas Şamil Paşayev isə bildirir ki, bələdiyyə ərazisində yerləşən əmlaka görə aidiyyəti üzrə bələdiyyəyə əmlak vergisi ödənməlidir:
“Buna görə mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə etdikdən sonra fiziki şəxs 1 ay ərzində əmlakın yerləşdiyi bələdiyyənin vergi xidməti orqanında uçota durmalıdır. Belə olan halda ümumiyyətlə nəzərə almaq lazımdır ki, bələdiyyə ərazisində yerləşən əmlaka görə əmlak vergisinin ödəmək üçün şəxsimn gərək mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Mülkiyyət hüququnu təsdiq edən sənəd isə Azərbaycan Respublikası ərazisində müvafiq çıxarışdır. Əgər çıxarış yoxdursa, həmin əmlak onun mülkiyyətində olmuş hesab olunmur və buna görə də o həmin əmlak vergisinin ödəyicisi olamamlıdır”.
Tarix: 27-11-2023, 22:58