Saxta məhsullarını reklam edənlərə STOP: Yeni qanunda daha nələr var?

bitmap-img6

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Reklam haqqında” qanunda dəyişikliklə bağlı qanun layihəsini hazırladıqları barədə məlumat yayıb.

Qurum bəyan edib ki, apardığı monitorinqlər çərçivəsində sosial şəbəkələr də daxil olmaqla internet informasiya ehtiyatlarında reklam qanunvericiliyinin pozulması halları aşkar edilib:

“Reklam haqqında” qanuna əsasən reklam fəaliyyətinə nəzarətin məqsədi reklam subyektlərinin maraqlarını və bu qanunun tələblərinin yerinə yetirilməsini təmin etmək, o cümlədən bu qanunun tələblərinə cavab verməyən reklamın yayımını dayandırmaq, reklam fəaliyyətinin subyektlərinə bu qanunun tələbləri ilə bağlı icrası məcburi olan göstərişlər verməkdir. Mövcud qanunvericiliyə əsasən, reklam (açıq məkanda reklam istisna olmaqla) fəaliyyətinə dövlət nəzarətini həyata keçirmək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin vəzifələrindən biridir”.

Bəs yeni qanun reklam siyasətində hansı əhəmiyyətə malik olacaq? Əsasən də sosial şəbəkələrdə yayılan yalan və doğru reklamlar necə tənzimlənəcək?

Bu barədə fikirlərini Bizim.media-ya açıqlayan e-ticarət və e-biznes mütəxəssisi, marketoloq Nicat Manafov da sözügedən qanunun təkmilləşməsini müsbət addım kimi qiymətləndirib:

“Biz əvvəllər reklamlarla bağlı şikayətlərə aydınlıq gətirmək üçün Azərbaycan Dövlət Reklam Agentliyinə (ADRA) müraciət edirdik. Ancaq qurumdan internet resurslarında və sosial şəbəkələrdə yayılan reklamlara baxmadıqları bildirilirdi.
Bu məsələ onların səlahiyyətlərindən kənar idi.

“Kütləvi informasiya vasitələri” haqqında Qanunda sosial media ilə bağlı müddəalar olsa da, praktikada bu sahəni KİV-dən ayrı tuturdular. Reklam qanunvericiliyində isə sosial media ilə bağlı heç nə olmadığı üçün reklam tənzimlənməsinə aid edə bilmirdik və bu qanunun təkmilləşməsinə ehtiyac vardı”.

Onun sözlərinə görə, Dövlət Xidmətinin hazırladığı yeni qanun layihəsində həm sosial, həm onlayn media, həm yeni trendə çevrilən bloqerlərlə bağlı müddəalar da yer alacaq:

“Bu qanun, paylaşılan reklamlara əhalinin təhlükəsizliyi və reklam qanunvericiliyi nəzərə alınmaqla, dövlətin müəyyən etdiyi siyasət çərçivəsində müvafiq tədbirlərin görülməsinə imkan verəcək. Bu günə qədər mərc oyunlarını və saxta məhsulları reklam etməklə insanlar aldadılırdı.

Ümid edirəm ki, qanunun hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə olunub. Bu qanundan sonra sosial media şəbəkələrində bloqerlər tərəfindən paylaşılan postların hansının reklam olduğu, hansının isə reklam olmadığı aşkar görünəcək.

Özlərinin istifadə etmədiyi saxta məhsulları reklam edən və yalan informasiya verən məşhurların qarşısı alınacaq. Üstəlik, onlar həmin postları nə məqsədlə paylaşdıqlarını, reklam xarakterli olub-olmadığını qeyd edəcəklər. Əks təqdirdə, onları böyük cərimələr və sanksiyalar gözləyəcək. Bu da həm ekosistemin, həm də reklam siyasətinin şəffaflaşmasında böyük rol oynayacaq”.
Tarix: 30-11-2023, 15:35
Xəbəri paylaş





Xəbər lenti