Hansı zəhərləyir: dönər yoxsa AQTA... - "Bugünkü dönəri və qatqı maddələrini saxlayıb, sabah da satırlar"

Hansı zəhərləyir: dönər yoxsa AQTA... -
Vətəndaşlara satılan dönərlərin qiymətləri arasında satıldığı yerdən asılı olaraq çox böyük fərq var, amma bəzən bu qiymətin hətta bir manatadək endiyinin şahidi oluruq. Heyvan və toyuq ətinin baha olduğu indiki vaxtda dönərin belə ucuz qiymətə satılmasını necə şərh etmək olar? Bu ətlərin mənşəyi haqqında AQTA tərəfindən mütəmadi yoxlamalar aparılırmı? "Fastfood" qidalar arasında ən çox zəhərlənmənin baş vərdiyi sahələrdən biri də dönərdir, buna baxmayaraq, dönər sektorunda satışlar azalmaqdan daha da artır. İnsanlar dönərin təhlükəli yanlarını görsələr də, almağa davam edirlər. Bu, nə ilə əlaqədardır? Nəyə görə bir çox dönərxanalar sertifikat göstərməkdən imtina edirlər? Sertifikatı olmadığı halda fəaliyyət göstərən belə qida sahələri nəyə görə qanuniləşdirilmir?
Məsələ ilə əlaqədar Azad İstehlakçılar Birliyinin sədri, qida eksperti Eyyub Hüseynov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Azad İstehlakçılar Birliyi malların və xidmətlərin ucuz, lakin keyfiyyətli olmasının tərəfdarıdır. Lakin dönər sektoru bazarın liberal sektorudur. Burada qiymət tələb və təklif aksiomu ilə müəyyən olunur. Əlbəttə, tələb olan yerdə qiymət yuxarı, tələb olmayan yerdə isə aşağı olur. Bir də bilərəkdən qiyməti aşağı endirmə məsələsi var.

Azad İstehlakçılar Birliyinin aidiyyəti dövlət qurumları, hüquq-mühafizə orqanları və KİV ilə apardığı iş, sanki keyfiyyətsiz dönərin qiymətinin qaldırılmasına yönəlib ki, insanlar daha çox aldadılsın. Əlbəttə, mənim apardığım bu iş nəzəri cəhətdən səhvdir, lakin istehlakçılar qiymətin aşağı olması və qiymətin necə formalaşması haqda mənə hər gün zənglər edirlər.

Qeyd edim ki, dönərxanalarda təkcə ətdən yox, beşə qədər inqrediyent də istifadə olunur. Burada zəhərlənməyə ən çox rəvac verən amillər dönərdə istifadə edilən mayonezlərdir. Bu məhsulların saxlanma müddəti 4-5 saatdan artıq deyil. Biz görürük ki, həmin mayonezlər dönərxanalara qapalı qablarda yox, açıq şəkildə gətirilir, isti şəraitdə saxlanılır.

Qəfil zəhərlənməyə rəvac verən əsas səbəblərdən biri də bu günkü dönərin sabaha saxlanma məsələsidir. Dönər bişdikcə onun çölü qızarır, içərisinə yeni istilik keçir. İstilik içəri keçdikcə, heyvan və yaxud quş ətində olan zərərli maddələr axaraq altdakı dəmir siniyə tökülür. Dönərçi də qızarmış əti həmin dəmir sinidən yığaraq, istehlakçıya verir. Bu da qəfil və ya tədrici zəhərlənməyə səbəb olur.

Eyni zamanda, mənşəyi məlum olmayan ətlərin satılması da bazarda qiymətin aşağı düşməsinə səbəb olan amillərdən biridir. Biz 26 il mənşəyi məlum olmayan ətlərin, eyni zamanda at-eşşək ətinin Bakıya daşınmasını təqib etmişik. Dəfələrlə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bunları ifşa edib, cinayət işi qaldırıb, ekspertiza təşkil edib, həbslər həyata keçirib. Buna baxmayaraq, belə problemlərin kökü kəsilmək bilmir. Şübhəsiz ki, tələb olduğuna görə belə təklif ortaya çıxır. Bu cür ətlərin də dönərxanalara gəlməsi istisna olunmur. Ölkədə heç bir ətin satışına qadağa yoxdur, hər bir əti satmaq olar. Sadəcə olaraq mövcud qanunvericiliklə satdığın ətin nə əti olduğunu bildirməlisən. İstehlakçı aldanmamalıdır. Biz bu vəziyyətlə razı deyilik. Ölkədə mütləq satışı qadağan olunmuş ət məhsulları olmalıdır. Bu haqda müəyyən informasiya və dövlət sənədi olmalıdır. Biz bunun tərəfdarıyıq, təəssüf ki, belə bir şey yoxdur. Bu vəziyyətdən bir çox biznes qurumları, o cümlədən, dönərxanalar sui-istifadə edirlər və qeyd etdiyimiz məhsullar dönərxanalara gətirilir.

Qida Təhlükəsizliyi Agentliyi son vaxtlar ciddi yoxlamalar aparır. Bu yoxlamalar zəruri olsa da, kafi deyil. Bu, dəryada bir damladır və müəyyən işlər görür, lakin sabaha qalmış dönərlər və mayonezlər məsələsinə diqqət yetirilmir. Ən çox sanitar-gigiyenik normalara və ətin mənşəyinə fikir verilməli, daha geniştərkibli yoxlamalar aparılmalıdır.

Dönər olduqca effektli, gəlirli bir biznes mənbəyidir. Ona görə də insanlar bununla daha çox məşğul olurlar. AQTA-ya müraciətimizdə dəfələrlə bildirmişik ki, dönərxanaların fəaliyyətini yaxşılaşdırmaq üçün onlara fərqləndirici nişanlar vermək lazımdır.

İstehlakçı malların baytarlıq sənədini soruşanda ona sənəd göstərilir. Ancaq bilinmir ki, bu sənəd orda bişən dönərə aiddir, ya yox. Ümumiyyətlə AQTA-nın elə bir sənədi yoxdur ki, istehlakçı başqa mal sektorundan o sənədi tələb etməklə bunun qanuni olduğunu müəyyən edə bilsin. Sadəcə olaraq hər bir biznes qurumu, o cümlədən, dönərxanalar da AQTA tərəfindən qeydiyyata alınmalıdır. Təəssüf ki, hələ qeydiyyata alınmaq, məhsulların təhlükəsiz olacağı demək deyildir. Ümumiyyətlə belə vəziyyətlə rastlaşan istehlakçıların "1003" qaynar xəttinə müraciət etmələrini tövsiyə edirəm" - deyə, qida eksperti bildirib.

Qeyd edək ki, müsahibədə yer alan bəzi fikirlərlə bağlı AQTA-ya sorğu ünvanlanıb, cavabını növbəti yazılarda bölüşməyə hazırıq.
Tarix: 30-11-2023, 21:57
Xəbəri paylaş





Xəbər lenti