Abdin Fərzəliyevin icazə verdiyi apartman tikintisi niyə dayandırıldı?!
Abşeron Rayon İcra Hakimiyyətində “susmaq qızıldır” prinsipi hansı səbəblərdən qaynaqlanır?
Son illər Abşeron rayonunda, xüsusi ilə də Xırdalan şəhərində apartman biznesi “çiçəklənməkdədir”. Təəssüf ki, “çiçəklənən” biznesin nümunələri olan apartman binaların hamısından “çiçək qoxusu gəlmir”. Zəlzələ kimi təhlükəsizlik amillər baxımından ilk baxışdan təqdir olunan apartman tipli binalar bəzən əksinə, daha təhlükəli olur və müxtəlif narazılıqları stimullaşdırır. Nə isə,…
Abdin Fərzəliyevin icazə verdiyi apartman tikintisi niyə dayandırıldı?!
Xatırlatma: Bu ölkədə, hələ-hələ rəhbəri Abdin Fərzəliyev olan Abşeron rayonunda “icazəsiz” nəinki bir apartman, nəinki birmərtəbəli ev, heç həyətdə ayaqyolu tikintisinin mümkünsüzlüyü A-dan Z-yə qədər hər kəsə məlumdur….
Elə isə Xirdalan şəhəri H. Əliyev prospektində – keçmiş Təcili Tibbi Yardım Stansiyasının qarşısındakı təxminən 1200 m2 sahədə apartman tikintisi necə başlanıldı və niyə dayandırıldı? Bu ünvanda apartman tikintisi ilə bağlı Yenixeber.org-a daxil olan məlumatda deyilir ki, tikinti “Əliyev İlham Yaşar oğlu” kimi müvafiq adla qeydiyyatdan keçmiş fərdi sahibkara məxsusudur, məlum icazələr olmamaqla qanunsuzdur, tikinti norma və standartlarına uyğun deyil. Məlumatda o da yer alır ki, bu kimi səbəblərdən də, ətrafda yaşayan sakinlərin obrazlı desək “günləri qara, yeyib-içdikləri zəhər olub”…
Bəlli qayda və prinsiplərə uyğun olaraq sözügedən ünvanda olduq: müşahidələrimizi aparıb, qonşuluqda yaşayanlarla söhbətləşdik… Binanın hələ birinci mərtəbəsi tamamlanmayıb, qonşuların narazılığı da əsaslı görünür: binanın bünövrəsi bəzi yaşayış evlərində çat yaranmasına da səbəb olub, tikinti normasına uyğun məsafə həddi yox dərəcəsindədir və s. Tikinti sahibləri kimi tanınan Əliyev İlham Yaşar oğlu və Murad adlı şəxs ərazidə deyildi… Telefonla əlaqə saxlaya bilsək də, aidiyyatı olmayan “cavablar” eşidirdik. Heç bir sualımıza cavab ala bilmədik. (Red: Verdikləri “cavabları” yazmağı uyğun bilmirik.)
Biz Yenixeber.org olaraq 17.11. 2023-cü il tarixdə problemlə bağlı aidiyyatı üzrə Abşeron Rayon İcra Hakimiyyətinə və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə rəsmi məktub ünvanladıq. Abşeron Rayon İcra Hakimiyyətindən hələ ki, rəsmi cavab ala bilməsək də, öyrəndik ki, məktub RİH-nin Memarlıq və Tikinti Şöbəsində araşdırılır. Şöbənin əməkdaşı bizimlə telefon danışığında bildirdi ki, məlum tikinti apartman bina deyil, qeyri-yaşayış binasıdır(?) Vəssalam… Və başqa heç bir sualımızı cavablandırmadı, əlavə etdi ki, məktubunuza rəsmi cavab veriləcək. Amma, nə karədirsə Abşeron Rayon İcra Hakimiyyətindən hələ də cavab məktubu ala bilmirik.
Abşeron Rayon İcra Hakimiyyətində “susmaq qızıldır” prinsipinin hansı səbəblərdən qaynaqlandığı da az maraq kəsb etmir…
Digər tərəf -Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə fərqli-daha operativ və həssas yanaşma müşahidə etdik: Komitədən aldığımız cavab bütün qaranlıqlara aydınlıq gətirə biləcək qədər mükəmməl oldu…
Cavab olduğu kimi:
Sizin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən yaşayış binasının tikintisi ilə bağlı 17.11. 2023-cü il tarixli sorğunuza Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində aidiyyatı üzrə baxılmışdır.
Diqqətinizə çatdırırıq ki, Komitə əməkdaşları tərəfindən 16 oktyabr 2023-cü il tarixində həyata keçirilən monitorinq zamanı qeyd olunan ünvanda özbaşına tikinti işlərinin aparılması faktı aşkar edilərək müvafiq akt tərtib edilmiş, qanunauyğun tədbirlərin görülməsi məqsədilə Abşeron Rayon İcra Hakimiyyətinə və Fövqəladə Hallar NazirliyininTikinintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə 17.10.2023-cü il tarixli 3-35/2-6971/2023 nömrəli və 25.10.2023-cü il tarixli 3-35/2-7244/2023 nömrəli məktubalar ünvanlanmışdır.
Bildiririk ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müraciəti əsasında aidiyyəti qurumlar tərəfindən özbaşına tikinti cəhdinin qarşısı alınmışdır.
Bu da, bu…
Beləliklə də, dövlətin bu sahəyə sorumlu olduğu qurumunun cavabından belə məlum olur ki, sözügedən tikinti özbaşına olub, bu tikintiyə icazə verənlər də özbaşınalığa yol verib. Abşeron Rayon İcra Hakimiyyəti də, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də sevimli dövlətimizin çoxsaylı qurumlarındandır… Amma və lakin, həm də təəssüf ki, iki dövlət qurumunun bir məsələ ilə bağlı yanaşmaları yumşaq desək kəsişir… Abşeron Rayon İcra Hakimiyyətinin icazə verdiyi tikintini, digər dövlət qurumu olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qanunsuz hesab edib, dayandırır(?)
Hansı qurum hansı dərəcədə, hansı formada və s. haqlıdır…? Biz bir media orqanı olaraq hələ ki, bura qədər araşdıra bildik. Gerisini araşdırıb, gərəkən hüquqi ölçü götürmək isə məlum hüquq-mühafizə orqanlarımızın müqəddəs vəzifələrindən biridir. Buyursunlar!/yenixeber.org