İstər rayon və kəndlərdə, istərsə Bakıətrafı ərazilərdə hələ də sərnişindaşıma ilə məşğul olan köhnə, günün tələblərinə cavab verməyən, yəni potensial təhlükə mənbəyi olan sınıq-salxaq avtobuslar mövcuddur.Bununla bağlı narazılıqlar müşahidə olunsa da, problem həllini tapmır. Məsələn, rayonlardan Göyçay, Ağdaş, Bərdə, Zərdab, Yevlax, Mingəçevir, Xaçmaz, Lerik, Lənkəran, Astara, Zaqatala, o cümlədən Bakıda 159, 157, 567, 561, 156 və s. nömrəli sərnişindaşıma ilə məşğul olan, tələblərə cavab verməyən avtobuslar hələ də fəaliyyətdir.
Nəqliyyat eksperti Aslan Əsədov TNS-ə bildirib ki, sərnişindaşımanın əsas problemlərindən biri də marşrutların yenilənməsinin sürət problemidir: "Çünki marşrut sistemi bahalıdır. Bu cür avtobusların ölkəyə gətirilməsi böyük xərclər tələb edir. İdxal olunan avtobus və marşrutların gömrük dəyəri, vergisi və s. yüksəkdir. Amma şəhərətrafı və yaxud digər avtobus xətlərində avtomobillərin köhnə olması o demək deyil ki, həmin xətlər ləğv olunmalıdır. Hər bir marşrutun öz xətti, öz intervalı var".
Ekspertin sözlərinə görə, ən effektiv üsul dövlət hesabına sahibkarlıq subyekti nəzərə alınmaqla müəyyən kreditin və şəraitin yaradılmasıdır ki, bununla da avtobuslar yenilənsin: “Bu, kredit, lizinq və ya dövlətlərarası müqavilə hesabına ola bilər. Müqavilə ilə bəlli sayda marşrutların gətirilməsi, ödənişlər edilməsi mümkündür. Hətta mənə görə, yeni marşrut xətlərinin açılmasına ehtiyac var. Çünki Bakıətrafı və digər ərazilərdə ciddi şəkildə marşrut problemi yaşanır. Qısa bir məsafəni getmək üçün saatlarla, dəqiqələrlə gözləmək məcburiyyətində qalırsan".
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat xidmətinin rəhbəri Tural Orucov isə TNS-in sorğusuna cavab olaraq bildirib ki, ictimai nəqliyyatda sərnişinlərə göstərilən xidmətlərin təhlükəsizlik və keyfiyyət baxımından yüksək standartlara çatdırılması məqsədilə avtobus parkının yenilənməsi diqqət mərkəzindədir: "Qeyd edək ki, avtobuslar müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı şirkətlərə məxsusdur. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi avtobus parkının yenilənməsi məqsədilə daim bu sektorda çalışan sahibkarlarla iş aparır. Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir".
Onun sözlərinə görə, müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.
“Müsabiqələrdə balanslarında müasir və saz vəziyyətdə avtobusları olan daşıyıcılar iştirak edir və qalib gələrək xətlərin istismarını həyata keçirir. Qeyd edək ki, bu proses mərhələli qaydada həyata keçirilir", - deyə qurum rəsmisi əlavə edib.
Mərahim Nəsib
Tarix: 11-12-2023, 11:33