Kənd təsərrüfatı eksperti: “Oliqarx məmurlar örüş sahələrini ələ keçirir, fermerləri su problemi ilə üz-üzə qoyurlar”

“Oliqarx məmurlar örüş sahələrini ələ keçirir, fermerləri su problemi ilə üz-üzə qoyurlar”
Azərbaycanda təsərrüfatların 80 faizi quraq və ya yarımquraq ərazilərdə yerləşir, suvarılan bitkilər isə ümumi kənd təsərrüfatı məhsullarının 80 faizinədək hissəsini əhatə edir. Yəni kənd təsərrüfatı ciddi su təhlükəsizliyi problemi yaşayır.

Bu, Dünya Bankının Azərbaycanla bağlı açıqladığı hesabatda öz əksini tapıb. Qeyd olunub ki, əlavə buxarlanma səviyyəsi və suya olan tələbatla əlaqədar ölkədə istiləşmə dərəcəsi orta hesabla 0,7 ° C olsa da, yay-yaz vaxtlarında və quraq illərdə vəziyyət daha da kəskinləşir: “Gələcək yağıntı meyllərinin qeyri-müəyyənliyi su sektoruna investisiyalar və bu sektorla bağlı siyasət üçün problemlər yaradır”.

Fermerlər bildirirlər ki, susuzluqdan torpaqları şoranlaşıb. Onların sözlərinə görə, nəinki torpaqları vaxtı-vaxtında suvara, hətta içməli suya olan tələbatını da ödəyə bilmirlər və su problemi səbəbindən kəndlərin çoxu boşalır.

Qeyd edək ki, regionlarda yaşayan əhali əsasən əkinçiliklə məşğul olur ki, suvarma sistemlərinin işlək olmaması onların məhsul becərməsinə mane olur. Müraciət etdikləri aiddiyyəti qurumların isə problemə vaxtında və lazımi reaksiya vermədiyi, bu səbəbdən mövsümi məhsullarla bağlı bahalığın və qıtlığın hökm sürdüyü bildirilir.

Daha bir iddia isə oliqarx-məmurların özlərinə aid ərazilərə suyun verilməsini təmin etməsi, digər əhali qrupunun bundan məhrum olması ilə bağlıdır. Nəzərə alanda ki, ərzaq təhlükəsizliyi kənd təsərrüfatının inkişafından bilavasitə asılıdır, baş verənlər diqqətdən kənarda qala bilməz.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli AYNA-ya şərhində deyib ki, təkcə ölkəmizdə deyil, dünyanın bir çox dövlətlərində su qıtlığı yaşanır: “Bunun da əsas səbəbi dünyada iqlim dəyişikliyinin baş verməsidir. Suya olan ehtiyacımızın 70 faizi Kür və Araz çayları hesabına ödənilir. Son illərdə bu resurslar dəfələrlə azalıb. Qarın az yağması, dağlarda qalmaması, Türkiyə və Gürcüstanın Kürün başlanğıcında su tələbatını ödəmək üçün anbarlar yaratması da su qıtlığına təsirsiz ötüşmür”.

“Buna paralel olaraq əhalinin sayında da artım baş verir. Bu da öz növbəsində ərzağa olan tələbatı çoxaldır. Bu tələbatın nəticəsində əkin əraziləri genişləndirilir. Son 20 il ərzində əkin sahələri 400 min hektar artıb. Əkinçilərin əksəriyyəti suvarma sistemlərinin olmamasından əziyyət çəkir. Buna görə də məhsullar itkiyə gedir. Nəticədə bazarda bahalıq və qıtlıq hökm sürür. Ərzaq təhlükəsizliyi üçün ciddi risklər yaranır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, oliqarx məmurlar örüş sahələri yaradır, fermerləri su problemi ilə üz-üzə qoyurlar: “Açıq şəkildə söyləmək olar ki, oliqarx məmurlar ölkəmizin müxtəlif regionlarında - hansı ki, həmin bölgələr əkin üçün münbit ərazilər hesab olunur - özləri üçün örüş sahələri yaradıblar. Bununla da kəndliləri faktiki olaraq susuz qoyublar”.

“Unutmaq lazım deyil ki, düşən dolu, yağan yağış su mənbəyidir. SSRİ dövründə bu suları bir anbara yığıb suvarmada istifadə edirdilər. Bu gün də yağış yağırsa, o su yığılmalıdır. Dolu düşməməsi üçün xüsusi toplar vasitəsilə dolunu neytrallaşdırıb yağış halına salmaq olar. Nəticədə dolu təsərrüfata ziyan yox, fayda verər. Çox təəssüf ki, bunu da həyata keçirmirlər. Nəticədə fermerlər ciddi itkilərə məruz qalır və çıxış yolunu paytaxta üz tutmaqda görürlər. Hesab edirəm ki, aidiyyəti qurumlar bu məsələyə xüsusi diqqət ayırmalıdır”, - deyə Məhərrəmli vurğulayıb.

Ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov da eyni fikirdədir. O, AYNA-ya açıqlamasında söyləyib ki, kənd təsərrüfatında mövcud olan suvarma problemini aradan qaldırmaq üçün su anbarları intensiv olaraq doldurulmalıdır: “Gürcüstandan gələn su Mingəçevir Su Anbarında tutulub saxlanılır. Şübhəsiz ki, Mingəçevir Su Anbarı Qarabağ və Yuxarı Şirvan, Yuxarı Qarabağ kanalını su ilə təmin edir. Yay aylarında bu kanalları su ilə təmin etmək, ümumiyyətlə, həm də Kürün aşağı axınında məcranı su ilə təmin etmək üçün su ehtiyatı yığılır”.

“Bəlkə də, aidiyyəti orqanlar yayda baş verməsi gözlənilən quraqlıq riskini nəzərə alaraq belə bir addım atır. Bu mənada onları başa düşmək olar. Lakin bütün hallarda bu, sərt tədbirdir. Qənaətim və təklifim ondan ibarətdir ki, Kürün aşağı hissəsinə də su buraxılsın. Çünki Kürün aşağı hissəsində çox qiymətli ekosistemlər var, orada balıqlar yaşayır və bunlar su ilə təmin olunmalıdır”, - deyə müsahibimiz təklifini verib.

Abbasov əlavə edib ki, ərzaq təhlükəsizliyin və inflyasiyanın hökm sürdüyü bir şəraitdə kənd təsərrüfatının inkişafına xüsusi diqqət ayrılmalıdır: “Koronavirus pandemiyasından sonra, eləcə beynəlxalq münasibətlər sisteminin gərignləşdiyi, müharibələrin artdığı bir şəraitdə dünya dövlətləri yerli istehsalı artırmağın, kənd təsərrüfatını inkişaf etdirməyin yolları və mexanizmləri üzərində işləyir. Yalnız daxili istehsalı artırmaqla mümkün iqtisadi risklərdən qorunmaq olar. Əgər biz aqrar sektoru inkişaf etdirmək istəyiriksə, atacağımız əsas addımlardan biri də suvarma sistemini normal vəziyyətə gətirmək olmalıdır”.

Ayna.az
Tarix: 12-12-2023, 09:01
Xəbəri paylaş





Xəbər lenti