Mehriban Əliyeva tapşırdı, Saleh Məmmədov əməl etmədi - FAKT

Paytaxtın Yeni Günəşli ərazisində yerləşən "Sahil - S İnşaat" tikinti şirkətindən mənzil alanların sanki alnına yazılıb ki, onların problemləri qurtarmayacaq.
Əvvəlcə mənzil dələduzluğu ilə üzləşdilər, çoxsaylı müraciət və şikayətlərdən sonra şirkətin sahibləri nəhayət həbs edildi, bir müddət keçəndən sonra möhür-ştamp, sənəd-sünəd, hüquqi çətinliklər meydana gəldi, ardınca yarımçıq binanı öz gücünə tikən sakinlər müxtəlif maneələr, sosial problemlər, kommunal infrastrukturun qurulması üçün əngəllərlə qarşılaşdılar. Lakin bu qədər yükü öz çiyinlərində daşıyan şirkətin qurbanları apardıqları mübarizə nəticəsində bir çox məsələlərin həllinə nail ola bildilər. İndisə sakinlər yaşadıqları ərazidə yol problemi, asfalt yoxluğu ilə üzləşiblər. Bakı kimi bir zəngin şəhərdə yol problemi artıq gülməli səslənməlidir. Amma görünür ki, hələ də paytaxtın asfalt üzünə həsrət yerləri var. Üstəlik, çox uzaqda, hansısa ucqarda yerləşmir, Yeni Günəşli ərazisidir. Anaxeber.info məlumat verir ki, sakinlər bu problemin həlli üçün I Vitse - Prezident Mehriban Əliyevaya müraciət edib, köməklik göstərilməsini xahiş ediblər. Müraciətə verilən cavab məktubunda qeyd olunub ki, məsələ aidiyyatı üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə yönləndirilib, onlara həvalə olunub. AAYDA isə sakinlərə cavabında bildirib ki, həmin ərazinin yol problemini həll etmək onlara aid deyil. Halbuki qurumun adı qışqırır - Azərbaycan Avtomobil Yolları...Yəni bütün ölkə üzrə yol infrastrukturuna cavabdehdir, onun da yol istismar idarələri var ki, bu işi yerinə yetirirlər. Eyni zamanda, dövlət Agentliyidir, hər hansı səhmdar cəmiyyət, özəl təşkilat deyil. Dövlət büdcəsindən maliyyələşən, vətəndaşın vergisi ilə saxlanan agentlik isə cavab verir ki,  sakinlərin yol problemini həll edə bilməzlər. O zaman bu məsələ hansı qurumun səlahiyyətindədir? Bəlkə Kənd Təsərrüfatı Nazirliyi yol çəkməlidir? Hər halda, AAYDA rəhbərliyi, idarə heyətinin sədri Saleh Məmmədov üçün bir binanın sakinlərinin yolunu düzəltmək çətin olmamalıdır. Respublika yollarına ayrılan vəsaitləri həzm-rabedən keçirən, milyonluq layihələri mənimsəyən, Laçında belə tikdiyi yol çökərə korrupsiya əməli üzə çıxan AAYDA-nın bir binanın camaatına asfalt çəkməyə pulu yoxdurmu?
Sakinlər Mehriban xanıma edilən müraciətdən sonra məsələnin sözügedən quruma yönləndirilməsi ilə ümid edirdilər ki, müsbət nəticəsi olacaq. Amma görünən odur ki, Vitse-Prezidentlikdən AAYDA-ya gedən müraciətə səhlənkar münasibət olub. Qurumun sədri Saleh Məmmədovun başı o qədər pul silməyə qarışıb ki, vətəndaşların problemlərini həll etmək heç yadına düşmür. Xarici ölkələrə daşınan sərvətlər vasitəsilə Saleh Məmmədov və oğlu Sübhan Qərb ölkələrində şirkətlər yaradıblar, onları sadə camaatın dərdi maraqlandırmır. Avstriyada yaşayan Sübhan Məmmədli nə hikmətdirsə, 21 yaşında həm Avstriyada, həm də Böyük Britaniyada şirkət açıb. Londonda fəaliyyət göstərən şirkətinin hissələrini alaraq şəriklik hüququ əldə edib. Mediada yaylan sənədlərə görə, AAYDA rəhbəri S.Məmmədovun oğlu Sübhan Londonun zənginləri sırasında ən gənc milyonçu kimi tanınır. Bütün bunlar məhz çəkilməyən yolların pulunu yemək, yaxud çəkilən yollara xərclənən vəsaitlərdə yeyintilərə yol vermək nəticəsində əldə olunub. Yoxsa, Sübhan Avropada necə şirkətlər aça bilərdi...

Sənədlərdə Saleh Məmmədovun oğlunun Londonda, Camellia House, Queenstown Road 338 ünvanında daimi qeydiyyatda olduğu göstərilir. Camellia House Londonun ən elit və bahalı yaşayış ünvanlarından hesab olunur. Burda 1 otaqlı apartmanların qiyməti 1,5 miyon funt sterlinqdən, yaxud 2 milyon dollardan başlayır.

Saleh Məmmədovun Türkiyədə də bir neçə kommersiya şirkəti var. O, İstanbuldakı dəyəri 1 400 000 lirə olan villasının eyvanından Formula 1 yarışlarının keçirildiyi şüşətək hamar trekdə şütüyən avtomobilləri asanlıqla izləyə bilər. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İH sədri burada 300 kvadrat metrlik üçmərtəbəli (zirzəmisi və yeraltı avtoqarajı ilə birlikdə) villaya sahibdir.

Həmçinin “Pakville İstanbul” yaşayış və əyləncə kompleksində villa tipli 5 otaqlı mənzil alıb. Detallara varmadan S. Məmmədova və oğluna məxsus olan Türkiyədəki şirkətlərrin siyahısını da cumhuriyyet.az olaraq təqdim edirik:

“Saha İnvestment Dış Ticaret Limited”

“Subhan Dış Ticaret Limited”

“Emineller Metal Sanayi ve Dış Ticaret A.Ş.”

“Subhan Turizm Yatırımları ve Dış Ticaret Limited”

“Azerturk İnvestment Dış Ticaret Limited”


Saleh Məmmədovun oğlunun Avstriyada “AZSN Servis GmbH”, Londonda “Splento Ltd” şirkətləri də mövcuddur. Yəni bu varidata malik oliqarx məmurun nəyinə lazımdır ki, Yeni Günəşlidə yol var, ya yox...
Anaxeber.info
Tarix: 18-12-2023, 09:35
Xəbəri paylaş





Xəbər lenti