Bizimyol.info xəbər verir ki, iqtisadçı Rövşən Ağayev bir qrup ekspertlə birlikdə əlilliklə bağlı hesabat hazırlayıb. 2022-ci ilin iyulundan başlayaraq alternativ qiymətləndirmə aparılıb. Rövşən Ağayev ölkədə əlilliyin qiymətləndirilməsi mexanizminin çox səhv olması qənaətinə gəlib. Onun bildirdiyinə görə, köhnə mexanizmdən fərqli yeni qanunvericilik orqanizmin pozulmasına səbəb olan paralel xəstəliklər (yaxud funskional pozğunluqlar) olduqda ən yüksək pozulma faizini əsas götürməklə, onun üzərinə 10 faiz əlavə edir. Bu da çox yanlış yanaşmadır.
“Məsələn, (şərti olaraq) orqanizmdə onkoloji xəstəliyə görə 60, şəkər xəstəliyinə görə 40, astma xəstələyinə görə 35 faiz funskional pozğunluq qeydə alınıbsa, fərd üçün 70 faizlə əlillik təyinatı aparılacaq. Bu da köhnə sistemdəki 2 dərəcəyə uyğun gəlir. Yəni bizim qanunvericilikdə hətta paralel 3-4 xəstəlik olduğu halda ən yüksək olandan savayı yalnız 1-i götürülür.
Bir çox ölkələrdə, məsələn, elə qonşu Türkiyədə “Balthazard” adlanan metod əsasında bütün paralel xəstəliklər nəzərə alınır. Bu metoddan istifadə edildikdə yuxarıdakı nümunədə (60 faiz, 40 faiz, 35 faiz) 85 faizlik əlillik təyinatı aparılır. Yəni ənənəvi 1-ci dərəcəyə uyğun. Amma bizim hüquqi qaydalarda bu göstərici 70 faiz, 2-ci dərəcəyə uyğun alınır”.
Hesabatın ortaya çıxardığı nəticə budur ki, bizim ölkədə tətbiq olunan mexanizm fiziki məhdudiyyətləri olan şəxslərin hüquqlarını pozur. Orqanizmin fiziki məhdudiyyətlərinin və funksional pozğunluqlarının real göstərici əsasında əlillik təyinatına imkan verilmir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin zamanla prosesi gətirdiyi nöqtə budur. Qısaca yazsaq, fiziki məhdudiyyətləri olan şəxsləri əlil çıxarmamaq. Bu siyasətdən isə minlərlə çarəsiz insan əziyyət çəkir. İnsanların orqanizmində onsuz da funksional problemlər yaranıb, üstəlik, dövlətin dəstəyindən məhrum edilirlər.