Azərbaycanda ölmək yaşamaqdan bahadır: - Məzar daşlarının qiyməti qalxdı
Azərbaycanda məzar daşlarının qiyməti bahalaşıb. Bunu Sputnik Azərbaycan-a məzar daşlarının hazırlanması ilə məşğul olan sexlərdən bildiriblər. Paytaxtın Masazır qəsəbəsində yerləşən məzar daşı sexinin əməkdaşı Loğman Hümbətov Sputnik Azərbaycan-a bildirib ki, Ukraynada münaqişə yaranandan mərmər daşların qiyməti kəskin bahalaşıb. Onun sözlərinə görə, əvvəl birinci növ qara mərmərdən hazırlanan bir məzar daşının qiyməti 2500-3000 manat təşkil edirdisə, hazırda bu qiymət 4000-5000 manatdır.
Sexdən onu da bildiriblər ki, hazırda ən bahalı mərmər Ukrayna istehsalı olan mərmərlərdir. Ən ucuz mərmərlər isə yerli və İran istehsalı olanlardır. L.Hümbətovun sözlərinə görə, insanlar daha çox doğması dünyasını dəyişəndə baş daşını qara mərmərdən sifariş verir: "Ukraynadan gələn mərmər yolun uzanması səbəbindən baha başa gəldiyindən, əsasən indi insanlar Hindistan mərmərlərinə üstünlük verirlər. Maddi imkanı olan daha aşağı olanlar isə İran mərmərlərini seçir. Hindistan mərməri ilə məzar daşları 2000-2500 manata başa gəlir. İran mərməri isə daha ucuz, 1500-1600 manatdır". O, deyib ki, Ukrayna mərməri illərlə yağış altında qalsa da rəngi dəyişmir. Hindistan istehsalı olan mərmərlərin isə bir neçə il günəş altında qaldıqdan sonra rəngi solur. Ona görə də, insanlar daha çox Ukrayna mərmərlərinə üstünlük verirlər.
Onu da öyrəndik ki, hazırda ən bahalı mərmər qırmızı mərmərdir. Sexin əməkdaşı hələ dünyasını dəyişməsə də, indidən özünə məzar daşı hazırlatdıran insanların az olmadığını bildirib. Bundan sonra hamının məzar daşı eyni cür olacaq Amma yaxın vaxtlarda Azərbaycanda kimliyindən asılı olmayaraq, hər kəsin qəbri eyni formada və vahid qiymətdə ola bilər. Bunu ötən gün Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib. Deputat deyib ki, bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunacaq. Qeyd edək ki, qəbir yerlərinin standart olması ilə bağlı dəfələrlə təkliflər səsləndirilsə də, buna məhəl qoyulmur. Həmçinin çoxsaylı tənqidlərə baxmayaraq, insanlar dünyasını dəyişən doğmalarına bahalı məzar daşı qoymaqda davam edirlər.
Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qəbir daşlarının eyni formada olması məsələsi qanunvericilikdə öz əksini tapmalıdır: "İndiyədək təbliğat aparılıb ki, bahalı qəbir daşları qoyulmasın, yas mərasimlərində israfa yol verilməsin. Amma göründüyü kimi bu təbliğat öz bəhrəsini vermir. İnsanlar yas mərasimlərində israfa yol verir, qəbirlərin üzərinə bahalı daşlar qoyurlar. Ona görə də, qəbirlərlə və yas mərasimlərinin təşkili ilə bağlı məsələnin qanunvericiliyə salınmasına ehtiyac var. Məzar daşlarının standartı hazırlanmalıdır ki, heç kəs bu standartdan kənara çıxmasın". Yalnız alimlə şəhidin məzarı seçilməlidir Qafqaz Müsəlmanları İdarəsinin qazisi, Əjdərbəy məscidinin axundu Hacı İlham Səlimov da Sputnik Azərbaycan-a bildirib ki, qəbir yerləri ilə bağlı standartların hazırlanmasına ehtiyac var:
"Qəbir yerlərinin içərisi hamıda eynidir. Təəssüf ki, insanlar qəbirin üzərinə bahalı məzar daşları, abidə qoyurlar. Müqəddəs kitabımız olan "Qurani Kərim"də məzar daşının qoyulması tövsiyə olunmur. Müsəlmanın qəbrinin yeri itməlidir. Yalnız hədislərdə göstərilib ki, alimlə şəhidin məzarı seçilməlidir". O, qeyd edib ki, insanların bu dəbdəbədən əl çəkməsi üçün qəbirlərin standartlarının qəbulu arzuolunandır.