İki ildir ki, əlillik üçün müraciətləri geri qaytarılır... - GİLEY


Cəlilabadın Ocaqlı kənd sakini, 41 yaşlı Şəfa Nurəddin qızı İsmayılova əlillik ala bilmədiyindən şikayətlənir.

O, Meydan TV-yə deyib ki, 2019-cu ildən etibarən baş və qulaq nahiyədən keçirdiyi dörd ağır əməliyyatdan sonra səhhətində ciddi geriləmə olub.

Dediyinə görə, ağır depressiv haldan, baş ağrılarından əziyyət çəkir, gündəlik dərman asılılığı var.

İlk dəfə 2019-cu ilin dekabrında “sağ alın-gicgah post-op sümük deffekti”nə, bir il sonra isə yenidən yerinə maye yığıldığına görə əməliyyat keçirib. Beləcə, iki il sümük defekti ilə yaşayıb.

2021-ci ilin noyabrında isə “sümük defekti plastikası” əməliyyatı keçirib. Həmin mayında isə “xronik sol xolesteatomalı orta qulaq iltihabı”ndan əməliyyat olunub.

Dediyinə görə, əməliyyatına həm xeyirxah insanlar kömək edib, həm də pay torpağını sataraq pulu düzəldib.

“Mənə xəstəxanadan deyirlər ki, həkim kodu sistemə vurmur”

Səhhətindəki ciddi problemlərə baxmayaraq, iki ildir ki, əlillik üçün müraciətlər geri qaytarılır.

Onun sözlərinə görə, xəstəliyi səbəbindən həyat yoldaşı ondan ayrılıb və təkbaşına yaşayır:

“Böyük oğlum İbrahim hərbi xidmətdədir. Yanına iki dəfə getmişəm. O da ciyərinə su gəldiyinə görə xəstəxanada yatırdı. Xeyriyyə təşkilatlarından, icradan yol pulu alıb getmişəm. Əməliyyat vaxtı və sonra dəfələrlə həkim qəbulunda olub müalicə almışam. Dərman hesabına yaşayıram. Çox dərman səhhətimə pis təsir edir. Amma dərmanları qəbul etməyəndə də özümə və ətrafıma zərər verirəm. Bütün sənədləri düzəldib aparıram ki, sistemə vursunlar, ancaq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının həkimi Yusif İsmayılov “Forma-88″-i sistemə vurmur. Bəhanəsi də budur ki, guya imtina gəlir. Sonra da deyir ki, sənə əlillik düşmür. Ancaq mənə xəstəxanadan deyirlər ki, həkim kodu sistemə vurmur. Bunu da məqsədli edir”.

“İntihar həddinə çatıram, kiməsə xətər yetirə bilərəm”

Tənha ana deyir ki, nə gəliri var, nə iş yeri. Səhhəti isə ağır fiziki işdə çalışmasına imkan vermir. Dərmanlarını və ərzaq almaqda çətinlik çəkir. Xeyirxah insanlar ona hərdən yardımçı olsalar da, bundan utanır:

“Səhhətim imkan verəndə hərdən günəmuzd çalışıram. Bilmirəm ki, aldığım 10 manatla dərman alım, qaz, işıq pulu verim, un, ərzaq alım. Nə vaxta qədər kəndimizin xeyirxah camaatı mənə yağ, çay, un alıb verəcək? Utanıram axı. Sağlam vaxtımda bazarlarda alver edib, iki övladıma yaxşı baxmışam. İndi gecə-gündüz dərman atıram ki, yata bilim, əsəblərim sakitləşsin, ağrılarım dayansın. Əməliyyatdan sonra yaddaşımı itirmişəm, əsəbi olmuşam. Sağ gözüm əməliyyatdan sonra zəif görür. Ağrılarım tutanda bilmirəm özümü hara çırpım. İntihar həddinə çatıram, kiməsə xətər də yetirə bilərəm. Sağlam olsam, kiməsə möhtac olmaram. Heç olmasa, əlilliyimi versinlər”.

“Bələdiyyə “torpağın sənədləri Bakıdadır” deyib yola verir”

Ünvanlı Dövlət Sosial Yardımı əlçatmaz hesab edən tənha ana evsizlikdən də əziyyət çəkir. Deyir ki, hazırda kəndlərində uzaq qohumunun köhnə, torpaq daxmasına müvəqqəti sığınıb. Bir müddətdən sonra ev yiyəsi Rusiyadan qayıdıb evi ondan alacaq. İki ildir ki, bələdiyyə sədrindən ev tikmək üçün 6 sot torpaq istəsə də, sədr dolayı yolla imtina edir, torpağı vermək istəmir.

Onun sözlərinə görə, icra hakimiyyətindən tutmuş ölkə Prezidentinə qədər müraciət edib. Hətta rayonun deputatı Elman Nəsirova belə müraciət etsə də, onu təkrar bələdiyyə sədrinə yönəldiblər. Bir aydan sonra ordudan qayıdacaq oğlu ilə birgə harada məskunlaşacağını bilmir:

“Dəfələrlə yuxarı qurumlara yazıram, bələdiyyə “Torpağın sənədləri Bakıdadır” deyib yola verir. Bələdiyyə deyirəm ki, soyuq, torpaq evdə ölürəm. Gətirib bir soba veriblər ki, yandır isin. Odun yox, qaz yandırıram, o da pul yazır. Bələdiyyə torpağı vermək istəmir. İki il öncə Elman Nəsirovla müayinə üçün görüşdüm, kömək etmədi. Oğlum Zəngilanda xidmət edir, özü yarımcandır. Tənha anayam, oğlumu hərbiyə apara bilirlər, ancaq ev tikməyə torpaq vermirlər. Bu necə dövlətdir, bu necə ədalətdir?”.

Bələdiyyə sədri Natiq Ağayev isə Meydan TV-yə deyib ki, iki kəndi birləşdirən Qarazəncir bələdiyyəsində torpaq istəyən çoxdur.

Onun sözlərinə görə, hazırda 10 şəhid ailəsi, 20 qazi, 62 müharibə iştirakçısı və gənc ailələr torpaq növbəsindədir. Həyətyanı sahə üçün torpaq bitsə də, o, şikayətçinin də müraciətinin qeydə aldığını və yeni təyinat torpaqdan pay verəcəyini deyib:

“Bələdiyyənin iki ildir ki, həyətyanı sahə üçün ayrılan torpağı bitib. Təyinatı dəyişdirmək üçün 6 hektar yarım pay torpağına görə yenidən aidiyyəti qurumlara müraciət olunub. Sənədləşmə işlərində çatışmazlıq vardı, iki ay öncə onları da əlavə edib göndərmişik. Bir sıra qurum və nazirlikdən rəy alındıqdan sonra biz həmin torpaqları böləcəyik. Növbədə gənclər, müharibə iştirakçıları çoxdur. Hamı torpaq istəyir. 2500 hektar pay torpağımız var. 18 hektar həyətyanı torpaq sahəsi 1999-cu ildə ayrılıb. Ötən 24 ildə əhali sürətlə artdı deyə həyətyanı sahə iki il öncə bitdi. İki kənddə 10 min əhali var”.

“Kəndlər böyüyür, əhali çoxalır, torpağa tələbat artır. Bir ay öncə həmin vətəndaşla da görüşdüm, problemini dinlədim. Torpaqların sənədi gələndə yenidən gəlib bildirsin, istədiyi yerdən ona ayırıb torpaq verəcəyik, söz verirəm. Hətta özü bildirib ki, haradan torpaq istəyir. Torpaq sahəsi ayrılan kimi bizim Ocaqlı kəndində hərə gücü çatandan ev tikintisinə kömək edər. Amma onu da hüquqi cəhətdən deyim ki, valideynləri vəfat etsə də, vərəsə kimi qardaşı ilə birgə qalmaq hüquqi var, ata torpağından ona da pay düşür. İndiyə qədər kiminsə minnətli evində qalınca qardaşı ilə qalardı. Səhhəti zamanla imkan versə, kənddə mebel sexi var, orada işə düzəldə bilərəm, ancaq təmizlik, xadimə işinə söz vermirəm”, – deyə o qeyd edib.

“”Forma-88″ göndərişi rəsmiləşdirilməyib”

Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat xidmətinin rəhbəri Tural Qurbanlı Meydan TV-yə deyib ki, son iki ildə tibb müəssisəsi tərəfindən vətəndaşın müraciətinə dair “Forma-88” rəsmiləşdirilməyib.

Nazirlik rəsmisi cavabdeh tərəf kimi xəstəxana və TƏBİB-i göstərib:

“Cəlilabad rayon sakini İsmayılova Şəfa Nurəddin qızının əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində heç bir müraciəti olmayıb, həmçinin tibb müəssisəsi tərəfindən də bu müddət ərzində “Forma-88” göndərişi rəsmiləşdirilməyib. Belə olan halda isə əlilliyin qiymətləndirilməsi mümkün olmur. Bunun üçün vətəndaş qeydiyyat üzrə tibb müəssisəsinə yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən şəxslə bağlı yeni “Forma-88″ sənədi rəsmiləşdirildikdən sonra onun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. Agentlik tərəfindən vətəndaşla əlaqə saxlanılaraq bu barədə ona məlumat verilib və müvafiq qanunvericilik izah edilib”.

“Tanımadığım adama imtina səbəbini göstərən deyiləm”

Cəlilabad rayon mərkəzi xəstəxananın inzibati məsələlər üzrə direktor müavini Yusif İsmayılov isə ona yönəlik ittihamı rədd edib və vətəndaşın dediklərini “ağ yalan” adlandırıb. Lakin “Forma-88” göndərişinin niyə verilmədiyini də əsaslandıra bilməyib.

Jurnalistin bununla bağlı sualına isə direktor müavini: “Tanımadığım adama imtina səbəbini göstərən deyiləm. Niyə göstərim ki? Siz bilirsiniz, kimə zəng etmisiniz?”, – deyə sərt cavab verib.

Yeri gəlmişkən, Yusif İsmayılovdan təkcə Şəfa İsmayılova şikayətçi deyil, son on gündə üç rayon vətəndaşı eyni şikayətlə Meydan TV-yə müraciət edərək həkimdən narazılıq ifadə edib.

TƏBİB nə deyir?

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) Meydan TV-yə bildirilib ki, 1983-cü il təvəllüdlü Şəfa İsmayılova 2022-ci il noyabrın 16-da “Sağ alın-gicgah post-op sümük defekti, sümük defektinin autoplastikasından sonrakı vəziyyəti” diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının (RMX) Həkim Məsləhət Komissiyasına müraciət edib.

Onun sənədləri həmin tarixdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza Komissiyasında rəsmləşdirilib, lakin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən imtina qərarı verilib.

Qurumun bildirdiyinə görə, həmin müddətdən sonra isə xəstə Həkim Məsləhət Komissiyasına müraciət etməyib:

“Xəstənin müraciəti ilə əlaqədar telefon əlaqəsi saxlanılaraq 22.02.2024-cü il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına dəvət olunub. Vətəndaşın sənədlərinə baxılıb, 10.11.2022-ci il tarixindən etibarən ixtisaslaşmış müayinə və müalicəsinə aid heç bir yeni tibbi sənədinin olmadığı müəyyənləşdirilib. Xəstə yenidən ixtisaslaşmış müayinə olunması məqsədi ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına göndərişlə təmin edilib. İsmayılova Şəfa Nurəddin qızına müayinə olunduqdan sonra yeni tibbi sənədləri ilə Cəlilabad RMX-nın Həkim Məsləhət Komissiyasına (HMK) müraciət etməsi bildirilib”.

TƏBİB-dən onu da deyiblər ki, vətəndaş ixtisaslaşdırılmış tibb müəssisəsində müayinə və müalicə olunduqdan sonra tibbi rəyləri ilə HMK-ya müraciət etdiyi təqdirdə komissiyadan keçiriləcək:

“Ona təyin olunmuş diaqnoz Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarında” qeyd edilən tibbi göstəriş siyahısında olarsa, tibbi-sosial ekspertiza müayinəsinə göndərişi rəsmiləşdiriləcək”.

“Bu iş Allaha qalıb…”

Şikayətçi Şəfa İsmayılova isə ümidsizdir:

“Mən əvvəldən şübhələnmişdim ki, bu həkim sənədi rəsmləşdirmir, bizi yola verir. Şifahi imtina gəldiyini deyir. Rüşvət verənlərin işi düzəlir. Lazımı sənədləri toplayıb yenidən müraciət edəcəyəm. Onu bilirəm ki, bu iş artıq Allaha qalıb”.

O, bələdiyyə sədrinin dediklərini də yalan adlandırıb:

“Bələdiyyə sədri deyir ki, ata yurdumdan 20 sot torpaq var. Yalandır. Üstəlik, qardaşımın yurdunda gözüm yoxdur, ata yurdu qardaşa, ailəsinə, uşaqlarına qalır. Ev, torpaq onundur. Aliment ödəyir, iki krediti var. Qardaşa necə sığınım? Torpaq alıb oğluma ev tikmək istəyirəm. O da əsgərdir, vətəndaşdır, haqqı çatır. Kiminsə evinə, yurduna niyə sığınaq?“
Tarix: 26-02-2024, 16:35
Xəbəri paylaş





Xəbər lenti