"Ehtiyat üçün su çənimiz olmasa, keçinə bilmirik" - ŞİKAYƏT

"Ehtiyat üçün su çənimiz olmasa, keçinə bilmirik"
Hələ keçən il məlum olmuşdu ki, “Azərsu” ASC-nin zərəri 8 milyard manatı keçib. Bu qurum növbəti dəfə ziyanla işlədiyini açıqlamışdı.
“Azərsu” adəti üzrə ictimaiyyətə xərclərlə bağlı müfəssəl statistika təqdim etmir. Ümumi ifadələrlə açıqlama verilir. Daha çox qurumun zərərlə işlədiyi vurğulanır. Bir növ büdcədən mədət umulur. Yəni “Azərsu” dotasiyaya göz dikdiyini gizlətmir.

Bizimyol.info xəbər verir ki, sosial platformalarda yenə əhalinin içməli su ilə təminatında problemlər yarandığı bildirilir. Binəqədi rayonu, 9-cu mikrorayon sakini Rəsul Hümbətov iki gündür susuz qaldıqlarını bildirir. Onun yazdığına görə, bununla bağlı heç bir bildiriş almayıblar: “Ümumiyyətlə, sakinlərlə hesablaşmırlar. İstədikləri vaxt suyu kəsirlər. Belə vəziyyətə hazırlıqsız qalırıq. Onsuz da bizim binalarda suyu saatla verirlər - səhər və axşam 3 saat. Ehtiyat üçün su çənimiz olmasa, keçinə bilmirik. İllərdir daimi təminatla bağlı söhbət gedir, amma ortada iş yoxdur. Xeyli binada çənləri də yığışdırıblar. Fikirləşmirlər ki, biz su olmayanda camaat necə yaşayacaq?”

Verilən suyun keyfiyyətsizliyi ayrı mövzudur. Bununla bağlı ardıcıl bir neçə şikayət diqqət çəkir. Yazırlar ki, “Azərsu”nun əhaliyə təqdim etdiyi su ilə paltaryuyan nədir, heç ütü də işlətmək olmaz.

Şükür Cavad şikayətini səhmdar cəmiyyətə heç cür çatdıra bilmədiyini yazıb. Çünki “Azərsu”nun sosial platformalardakı səhifələrində ona blok qoyublar: “Problem bu cür həll edilmir. Yaxşı olardı, xidmət sahəsi olaraq, ilk öncə vətəndaşlara xidmətin keyfiyyətini artırasınız. Ayıb olsun sizə!”

“Azərsu”nun “Facebook”dakı səhifəsində Şükür Cavadın rəyinə rast gəlmək olur. O, Binə Südçülük Sovxozu adlanın ərazidə üç gündür düz-əməlli su verilmədiyini yazıb. Amma bundan sonra səhifənin idarəçiləri onu bloklayıb.

Qumru Şahverdiyeva səhifədə ardıcıl bir neçə şikayət yazıb. Belə görünür ki, abonentin şikayətlərinə baxan yoxdur. Qumru Şahverdiyeva son rəyində “Azərsu”nu məsuliyyəsizlikdə qınayıb.

Mirməcid Mirməcidli Aşağı Güzdək kərpic zavodu yolu deyilən ərazidə üç gündür su olmadığını yazıb.

“Azərsu” bunu magistral su xəttindəki qəza ilə əlaqələndirib. Dövlət qurumu hələ fevralın 25-i günün sonuna qədər bərpa işlərinin tamamlanacağını söz vermişdi. Ərazidə yaşayanlar fevralın 26-da “Azərsu”ya vədə əməl edilmədiyini xatırladıb. Səhmdar cəmiyyətin rəsmi səhifəsində daha məsələyə münasibət bildirilməyib. İstisna olunmur ki, Aşağı Güzdəkdən yazan hər kəs bloklanıb.

“Azərsu” əhaliyə keyfiyyətsiz su təqdim etməyi az deyilmiş kimi, üstəlik, abonentlərə qarşı saymazlıq nümayiş etdirir. İnsanlar günlərlə susuz qalırlar. Onlar səsini lazımi ünvana çatdırmaq üçün bütün vasitələrdən istifadə edirlər, problemin nə vaxt həll olunacağını eşitmək istəyirlər. Amma “Azərsu” danışmır, ağzına su alıb oturub.
Tarix: 28-02-2024, 10:18
Xəbəri paylaş





Xəbər lenti