Məhkəmə qərarlarının icrası DİN-ə verilsə, təminat gerçəkləşər - MƏĞRUR BƏDƏLSOY
Təkcə son dönəmin yox, onlarla illərin başlıca mövzusu məhkəmə qərarlarının icra olunmaması ilə bağlıdır. Bu sahədə özbaşınalıq, korrupsiya o həddədir ki, tələbkar borclu edilir, borclu tələbkardan borcunu ödəməyi tələb edir; hətta Ədliyyə Nazirliyinin icra məmurlarının rüşvətlə, sifarişlə tələbkar(lar)a qarşı saxta cinayət işləri də sifariş etmələri faktları var.Təbii ki, belə işlərin hüquqi əsası olmadığından, dolayı metodlardan- prokurorluq, polis orqanlarının “cinayət, istintaq işi” önə çəkilir. Konkret faktlara keçmək mövzudan yayınmağa gətirə bilər, nədən mövzumuz məhkəmə qərarlarının icrasının çevik mexanizmi haqqındaddır.
Fikrimizcə, məhkəmə qərarlarının icrası Ədliyyə Nazirliyindən alınıb Daxili İşlər Nazirliyinə verilsə, effektli nəticə əldə etmək olar. Fikrimizi əsaslandırmaqdan yana, vurğulayaq ki, onsuz da icra məmurları borcluya qarşı məcburi icra tədbiri qərarı verəndə mütləq qərarın icrasını polis həyata keçirir. Aydın olsun deyə, məsələn, məhkəmə qərarı ilə mənzildən, hansısa sahədən çıxmağa borclu olan şəxs polis gücünə mənzili tərk etməyə məcbur edilir. İcra məmuru isə bu zaman aradan elə çıxır ki, necə deyərlər, polisin adı eldə deyildiyi kimi, bədnam olur. İcra hərəkəti, işi polisə verilsə, daha Ədliyyə Nazirliyinin icra məmurlarının “aradan çıxıb, polisi bədnam etmələrinə” ehtiyac qalmayacaq. Polis əlində məhkəmənin qanuni qüvvəyə mimiş qərarı ilə borclunu icraya elə məcbur edəcək ki, heç inciməyə vaxtı da qalmayacaq.
Ümumiyyətlə, icra işində ən çevik qurumun DİN , polis olması heç kimə gizlin deyil. Məhkəmə qərarlarının qanunla müəyyən edilmiş qaydada, vaxtında icra olunmasını istəyiriksə, icra işi DİN-ə verilməlidir. DİN bu sahədə qanun-qayda yaratmağa qadirdir.
Məğrur BƏDƏLSOY
Tarix: 2-03-2024, 22:45