Növbəti ölkə Azərbaycan olacaqmı?


4 günlük iş rejiminə keçən ölkələrin sırasına qoşulmaq üçün... gecə-gündüz işləmək lazımdır.

Belçika, Portuqaliya, İspaniya, İngiltərə, Almaniya, o cümlədən Dominikan Respublikası həftədə 4 günlük iş rejiminə keçib. Mütəxəssislər düşünür ki, iş saatının azalması işin daha məhsuldar olması ilə nəticələnir. Çünki insanların dincəlmək fürsəti olur. Ona görə də bir nəfər gümrah və sağlam işçinin gördüyü iş, beş nəfər yorğun işçinin gördüyü işdən dəfələrlə produktiv olur.Belə bir sistemlə işləməyi hər kəs istəyər. Elə Azərbaycanda da. Gününün 80 faizini işə ayıran insan şəxsi həyatına ayırmağa zaman tapmır. Bir yandan da maddi problemlər, psixoloji gərginlik, üstünə sağlıq problemi də gəlirsə, keçmiş olsun…
Maraqlıdır, Azərbaycanın da bu sistemə keçmə ehtimalı varmı? Dövlət, yaxud özəl sektorda iş günlərinin sayının azaldılması, 3 günlük istirahət rejiminə keçilməsi mümkündürmü? Belə bir keçid nəqliyyat infrastrukturundan tutmuş sosial-mədəni mühitə qədər müxtəlif sahələrdə necə effekt verə bilər?
Mövzu ilə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Pressklub.az saytına danışıb. O, deyib ki, bu sistem bəzi Qərb ölkələrində eksperiment səviyyəsində həyata keçirilir.

“Bu eksperimentləri aparan biznes maraqları yalnız işçilərin istirahət vaxtının genişlənməsi ilə məhdudlaşmır. Burada şirkətin öz gəlirləri də var. Biznesmen işçini beş gün işlədib əldə etdiyi hasilat normasını indi artıqlaması ilə dörd gündə əldə edir. Əvəzində müəssisə tutaq ki, bir gün işləmirsə, enerjiyə və resurslara qənaət etmiş olur. Bu zaman hasilat normasında azalma baş vermir, məhsuldarlıq aşağı düşmür, işçinin əməkhaqqı da olduğu kimi qalır. Beləliklə, hər iki tərəf qazanır”.
Müsahibimiz deyib ki, bu sistemi hər yerdə tətbiq etmək mümkün deyil. Dövlət sektorunda isə ümumiyyətlə, mümkünsüzdür.
Sədrin sözlərinə görə, ölkəmizdə elə sahələr var ki, işçiləri 8 saat əvəzinə 12 saat işlədirlər. Hətta dövlət sektorunda, bəzi idarələrdə əməkdaşlar iş saatından artıq qalıb işləməli olurlar və əvəzində heç bir ödəniş almırlar: “Buna görə də Azərbaycanda belə məsələlərdən danışmağın yeri yoxdur. Amma kimsə istəsə, dövlət yox, özəl sektor belə bir rejimi tətbiq edə bilər. Bunun üçün qanunvericilik məhdudiyyəti yoxdur”.
Məmmədov deyib ki, ikinci bir istiqamət dünyada distant, yəni məsafədən işin tətbiqdir. Xarici ölkələrdə bəzi biznes sektorları işçilərə ofisdə yer ayırmır. Onlar məsafədən – evdən işləyirlər. Bununla yenə biznes qazanmış olur. Bu, müasir tendensiyadır və əlbəttə, genişlənəcək.
Həmsöhbətimiz bildirib ki, Azərbaycan və bir çox dünya ölkələri bu cür eksperimentlər apara bilər: “Amma total şəkildə buna hazırlıq kafi deyil. Dörd günlük iş həftəsi əməkdaşın sağlamlığı, işin effektivliyi və trafikin azalması baxımından faydalı olar”. 
Əslində özəl sektor həm işin, həm də işçinin məhusldarlığı baxımından belə bir tendensiya başlada bilər. Sonra bu tendensiya müqayisə prinsipinə əsaslanaraq, zamanla bütün özəl sektorun sabit iş rejiminə çevrilə bilər. Elə dövlət sektorunda da bu addımın atılması çox yaxşı olardı.
Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov mövzunu Pressklub.az-a şərh edərkən bildirib ki, ölkəmizdə dörd günlük iş rejiminin tətbiqi hələ gözlənilmir.

“Bu gün əmək bazarında bir sıra vacib məsələlər var. Onlara daha çox diqqət ayrılmalıdır. Xüsusən də əmək hüquqlarının qorunması ilə bağlı fəaliyyətlərin və tədbirlərin genişləndirilməsinə ehtiyac var”. 
Deputatın sözlərinə görə, özəl sektorda əmək hüquqlarının qorunması ilə bağlı çətinliklər olduğu müşahidə edilir. Əsasən də əmək müqavilələrində əməkhaqqıların tam göstərilməməsi, həmçinin özəl sektorda əmək müqaviləsi olmadan vətəndaşların çalışması halları var. 
Müsahibimiz bildirib ki, Azərbaycanın əmək bazarı üçün indiki məqamda ən vacib addım əmək bazarının daha da leqallaşdırılması, əmək hüquqlarının qorunması ilə bağlı işlərin həyata keçirilməsidir: “Ona görə də dörd günlük iş rejiminə keçilməsindənsə, bu problemlərin həlli daha prioritetdir. Amma gələcəkdə bu iş rejiminin tətbiqinə baxıla bilər”.
Görünür, dünyanın tətbiq etməyə başladığı bu rejimi reallaşdırmaq üçün daha sabit iqtisadi sistem, yüksək əməkhaqqı, əmək hüquqlarını qoruyan güclü mexanizm lazımdır. Onun bərqərar olması isə hələ vaxt aparacaq. Olsun. Ekspertlərimiz də bu perspektivi tam istisna etmirlər. Zamanı gəlincə, Azərbaycan bu sahədə dünyanın qabaqcıl ölkələrinin sırasında yer ala bilər. 
Ümidimizi itirməyək…


Tarix: 11-03-2024, 10:14
Xəbəri paylaş





Xəbər lenti