Mediasiya Şurasında işdən çıxarılan iki diplomlu əlil ÇARƏSİZ DURUMDA - NARAZILIQ VAR...


"...Heç bir yerdə işləmirəm, özüm kimi fiziki məhdudiyyətli dostlarımın kiçik əl işlərini məhəlləmizin kənarında oturub satmaqla məşğulam. Özüm ixtisasca hüquqşünasam və iki ali təhsil diplomum var. İncəsənət Universitetinin Teatrşünaslıq fakultəsini və ikinci ixtisas kimi Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Buna rəğmən, mənə heç yerdə iş vermirlər.
Bir neçə il öncə Mediasiya Təşkilatında işləyirdim. Yasamal rayonu İcra Hakimiyyəti mənə yaşayış yerimlə bağlı ciddi problemlər yaratdı və bu qurumla məhkəməlik olduq. Onların mənə yaratdıqları problemlərə görə mətbuata açıqlama verdikdən sonra Mediasiya Şurasından mənə xəbərdarlıq edildi ki, "intizam qaydalarını pozmusan". Çox keçmədən işdən çıxarıldım. Təsəvvür edirsinizmi, bir insanın öz hüququndan istifadə etməsi, öz haqqını qorumağa çalışması, ona nələr bahasına başa gəlirmiş?
Baxın, indi işığımız sönüb və mən pul tapıb, ödəniş edə bilmirəm ki, evdə işıq yansın. Sağ olsun, qonşularımız gözəl insanlardır. Mənə çox böyük köməklikləri toxunub. Bəzən elə işığı, qazı, digər kommunal xərclərimi özləri ödəyirlər. Mən bu xeyirxah insanların qarşısında utanıram.

Mediasiya Şurasında işdən çıxarılan iki diplomlu əlil ÇARƏSİZ DURUMDA

Yasamal İcra Hakimiyyətinə rəsmi müraciət etmişdim ki, heç olmasa, mənə kiçik bir köşk salmağa icazə versinlər, əl işlərini orada satıb, ailəmi dolandıra bilim. Ona da icazə vermədilər. Hal-hazırda altı yüz manata yaxın dövlətdən əlillik pulu alıram və onunla dolanmalı oluruq. Qızımın məktəb, sağlıq problemləri var, özümü hələ çıxıram, demirəm. Yoldaşım da sağlığı ilə bağlı əziyyət çəkir. Əlavə olaraq, o qədər çox xərc çıxır ki, bütün bunları altı yüz manatla qarşılamaq qeyri-mümkündür. Yasamaldakı digər evimi dəyər-dəyməzə satdım, icra hakimiyyəti ilə yaşadığım problem mənə maddi cəhətdən çox zərər verdi. Evin pulunun bir hissəsi ilə o borclarımı ödədim. İndinin özündə də hələ banka külli miqdarda borcum var. İşdən çıxarıldığıma görə borc götürüb, ailəmi dolandırmalı idim, başqa yolum yox idi. İndi həm işsizəm, həm də borclarım üst-üstə yığılıb. Digər tərəfdən, bank da məni məhkəməyə verib. Bu halımla məhkəməyə gedib-gəlməli, əlavə xərc çəkməli oluram. Mən 1997-cu ildə mərhum Heydər Əliyevin təşəbbüsü ilə yaradılan "Əlillərin Zaur Xeyriyyə Cəmiyyəti"nin sədri olmuşam, özüm kimi bir çox fiziki məhdudiyyətli dostlarımıza bacardığım qədər çox kömək etmişəm, ancaq indi özümün köməyə ehtiyacım var. Ölkə rəhbərliyindən xahiş edirəm, mənim müraciətimə baxsınlar".

Birinci qrup əlil, hüquqşünas Zaur Seyidzadə Bizimyol.info xəbər portalına videomüsahibə verərək, ailəsi ilə yaşadığı çətin maddi vəziyyəti ilə əlaqədar cəmiyyətə və ölkə rəhbərliyinə müraciət edərək, Ona və ailə üzvlərinə köməklik edilməsini xahiş edir. Bir zamanlar təşkilat sədri və eyni zamanda hüquqşünas kimi fəaliyyət göstərən Zaur Seyidzadə indi özü kimi fiziki məhdudiyyətli şəxslərin əl işlərini küçədə satmaqla, ailəsini dolandırmağa çalışır. Ona köşk açmağa belə icazə verilmir. Əlil bir şəxsə qarşı bu cür köklü, patoloji nifrətin nədən qaynaqlandığı isə məlum deyil...

Bizimyol.info xəbər portalı hüquqşünasla videomüsahibəni təqdim edir:


Tarix: 14-03-2024, 10:08
Xəbəri paylaş





Xəbər lenti