"Paramed" klinikası lisenziyadan kənar tibb fəaliyyətinə görə cəzalandırılır
"Para-Med Klinikası" Qapalı Səhmdar Cəmiyyətinə sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması ilə bağlı qanunvericiliyin tələbini pozduğuna görə cərimə yazılıb.
İqtisadiyyat.az xəbər verir ki, klinika barəsində Səhiyyə Nazirliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İş hakim Elməddin Hüseynovun icraatına verilib.
Klinikanın barəsində protokol tərtib olunan maddədə deyilir ki, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, "Para-Med Klinikası" QSC 20023-cü ildə dövlət qeydiyyatına alınıb.