"Görülən işlər qənaətbəxş deyil" - ETİRAZ

"Görülən işlər qənaətbəxş deyil"
"Bakıda “Abşeronun Ekoloji Bərpası Proqramı” çərçivəsində reallaşdırılan “Bərk məişət tullantılarının vahid idarəçiliyi” layihəsi bərk məişət tullantılarının yığılmasının, utilizasiyasının davamlı və sistemli təşkili şəhərin ekoloji təmizliyi məsələsində ciddi keyfiyyət dəyişikliyinə səbəb olub".

Bunu “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli "Cebhe.info"ya açıqlamasında deyib.

O hesab edir ki, bu cür layihələr ölkənin qərb bölgələrində də həyata keçirilməlidir:

"Gəncə və ətraf bölgələrin şəhər və qəsəbələrində, kəndlərdə toplanan məişət tullantıları bir məntəqədə qəbul edilsə, yaxşı olar. Qərb bölgəsində bu məsələdə vəziyyət acınacaqlıdır. Balaxanıdakı məişət tullantılarının qəbulu və çeşidlənməsi müəssisəsi yaradılmazdan öncə paytaxtda durum acınacaqlı idi.

Mənzil Kommunal İstismar Sahələri (JEK) məişət tullantılarının təmizlənməsinin bir yolunu bilirdi, yandırmaq. Bu zaman ətrafı görülməmiş tüstü dumanı bürüyürdü, atmosferə çoxlu zərərli tulantılar atılırdı.

Bu müəssisə işə düşəndən sonra vəziyyət dəyişdi. İndi Bakıda nadir hallarda tullantıların yandırılması həyata keçirilir. Rayonlarda insanlar məişət tullantılarını çay yataqlarına, kolluqlara və dərəyə atırlar, bu, yolverilməzdir".

Birliyin sədri xatırladıb ki, iki il bundan əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankının “Yaşıl Proqram”ı çərçivəsində Gəncə şəhərində “Bərk məişət tullantılarının idarə edilməsi” layihəsinin maliyyələşdirilməsi üzrə kredit ayrılmasına dair Azərbaycan hökuməti ilə müqavilə imzalanıb:

"Yəni “Bərk məişət tullantılarının idarə edilməsi” layihəsinə əsasən mövcud tullantı parkının təkmilləşdirilməsi və daha “yaşıl” nəqliyyat vasitələrinin tətbiqi, müasir regional sanitar poliqonun tikintisi nəzərdə tutulurdu. Yaxşı olardı ki, bu layihə çərçivəsində işlər sürətləndirilsin, qonşu rayonlar da prosesə cəlb edilsin.

Gəncəətrafı bölgələrdə məişət tullantılarının idarəolunması məsələsində görülən işlər qənaətbəxş deyil. Bölgədə məişət tullantılarının qəbul məntəqəsinin yaradılması əhalinin sağlamlığının və ümumi ətraf mühitin yaxşılaşmasına töhfə verəcək".

Elman Cəfərli sahibsiz heyvanlarla bağlı vəziyyətin də ürəkaçan olmadığını bildirib:

"Bakıda sahibsiz heyvanların sığınacaqları yaradılıb. Orada heyvanlar müayinə edilir, qısırlaşdırılır, çipləşdirilir və təbiətə buraxılır. Bu cür heyvanlar zərərsiz olur, insanlara qarşı aqressiya göstərmirlər. Yaxşı olardı ki, bölgələrdə də bu cür sığınacaqlar yaradılsın.

Son illərdə region insanında sahibsiz heyvanlara yanaşmada düşüncə dəyişikliyini müsbət hal kimi qiymətləndirib. Əvvəllər hansısa quruma zəng edirdilər ki, filan küçədə sahibsiz quduz itlər var.

O zaman həmin heyvanlara qarşı bir mübarizə metodu insanların ağılından keçirdi, canlıları tələf etmək. İndi belə deyil. İnsanlar müraciət edirlər ki, sahibsiz heyvanlara qayğı artırılsın, onlara sığınacaq tikilsin, müayinə edilsin, qısırlaşdırılsınlar.

Əlbəttə ki, sahibsiz heyvanlara da münasibətin müsbətə doğru dəyişməsi yaxşı bir haldır".

Tarix: 13-07-2024, 23:26
Xəbəri paylaş





Xəbər lenti