“Səhiyyə Nazirliyinə etdiyim müraciət iki aydan artıqdır cavablandırılmır” - AXI NİYƏ?
Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində məskunlaşmış Zəngilan rayon sakini Kərim Məmiş oğlu Nəbiyev özəl klinikada burnundan əməliyyat zamanı həkim səhvi ucbatından xəsarət aldığını deyib.
İkinci Qarabağ Müharibəsi iştirakçısı olan şikayətçi Meydan TV-yə bildirib ki, ötən il, sentyabrın 30-da Sabunçuda yerləşən “Medicare” klinikasında həkim Qurban Mikayılov tərəfindən burnunda estetik və çəpər əyriliyindən əməliyyatı olunub. Əməliyyatdan sonra burnunda çapıqlar yaranıb, nəfəs almaqda çətinlik çəkir.
Həkim ikinci əməliyyatla problemin tamamilə aradan qaldırılacağını vəd edib. Bu ilin fevralın 5-də Ağdaş Mərkəzi Xəstəxanasında Q.Mikayılov tərəfindən təkrar əməliyyat olunub.
“İkinci əməliyyatla da xəsarət izləri, nə də kəskin tənəffüs problemi aradan qalxdı. Burnumda çapıqlar, deşiklər qalıb, nəfəs ala bilmədiyimdən hərəkət edə, rahat gəzə, yata bilmirəm. Buna görə də Sabunçu Rayon Prokurorluğuna müraciət etmişəm”,-şikayətçi deyib. Bildirib ki, onu həmin həkimə calaşdıran klinikanın reklam şöbəsinin müdiri Cavanşir Mahmudlu olub. Şikayət edəndən sonra klinikada daha əvvəl hətta ölüm faktlarının baş verdiyini öyrənib.
K.Nəbiyev söyləyib ki, klinikanın baş həkiminə zəng vurub, ona bu müəssisədə hətta ölüm faktlarının baş verdiyindən danışıb. Baş həkim də onunla bağlı polisə müraciət edib. Belə ki, bu ilin martın 13-də onu 12-ci polis şöbəsinə çağıraraq haqqında baş həkim tərəfindən şikayət olunduğunu bildiriblər və izahatı alınandan sonra sərbəst buraxılıb:
“Sabunçu Rayon Prokurorluğuna etdiyim müraciət müstəntiq Fuad Babayev tərəfindən araşdırılır. İki dəfə ekspertizadan keçirilmişəm, lakin işin aparılmasından narazıyam. Müxtəlif vasitələrlə işi yubadırlar. Klinikada baş vermiş qanunsuzluqları, baş vermiş ölüm faktlarını ictimailəşdirdiyim üçün mənə təzyiqlər edilir”.
Şikayətçi qeyd edib ki, Səhiyyə Nazirliyinə etdiyi müraciət iki aydan artıqdır cavablandırılmır. Klinikaya ödəniş etdiyinə dair qəbz tələb edib və buna görə Dövlət Vergi Xidmətinə klinikanın fəaliyyətinin yoxlanılması üçün müraciət ünvanlayıb. Həmçinin TƏBİB-ə də bir neçə dəfə müraciət ünvanlayıb, müraciətinin qeydə alındığına dair bildiriş alsa da, nəticəsindən xəbər yoxdur.
“Mənim burnuma vurulan xəsarət həyatımda, yaşayışımda, səhhətimdə dərin izlər buraxıb. Buna görə də qeyri-peşəkarlıq göstərən həkimin, eyni zamanda həkimi müdafiə edən, nöqsanlara yol verən klinika rəhbərliyinin cəzalandırılmasını istəyirəm”, – K.Nəbiyev bildirib.
Şikayətçi onu da deyib ki, həkim əməliyyat etdiyi ödənişin bir qismini geri ödəyib. Məsələni ictimaiyyətləşdirəndən və Meydan TV-yə müraciətindən sonra zəng edərək ödənişin qalan hissəsini də geri qaytarıb. Amma Nəbiyev digər xəstələrin də başına eyni hadisənin gəlməməsi üçün şikayətinin hərtərəfli araşdırılmasını tələb edir.
Həkim Qurban Mikayılov isə Meydan TV-yə deyib ki, K.Nəbiyev daha əvvəl də əməliyyat olunub, burnunda problem birinci əməliyyat zamanı yaranıb:
“Əməliyyat tamamilə uğurlu alınıb. Nəbiyev özü də mənə şikayət etməyəcəyini, narazılığının olmadığını dedi”.
TƏBİB və Səhiyyə Nazirliyindən isə sorğuya cavab verilməyib.
Klinikaya məxsus telefonları cavablandıran əməkdaşlar da məsələ ilə bağlı danışmaq istəməyiblər.