PULUN ÇATI SALDIĞI BOĞAZ: "Ay oğul, ay atam..." - NORM-un əcaib reklamı mübahisə doğurdu
"İTV-yə futbolda səslə görüntünün üst-üstə düşməməsini bağışlamaq olar, amma NORM-un reklamını əsla! Gələcəyi XAYAL edin-deyə bir 'russkoyazıçnl" oğlan reklam mətni oxuyur".Mia.az xəbər verir ki, bu sözləri tanınmış jurnalist Ləman Ələşrəfqızı sosial media səhifəsində yazıb.
Onun sözlərinə görə, dilimizdə belə söpz yoxdur:
"O, hər dəfə xayal deyəndə mən ölüb yerə girirəm. Ay atam, ay oğul, ay qardaş Azərbaycan dilində xayal sözü yoxdur. Xəyal var. Sən bilmirsən, bilmirsən, İTV-də də bunu bilmirlər???"Jurnalistin bu postuna həmkarı Şakir Eminbəyli maraqlı reaksiya verib: "Reklam çarxını bu və ya digər kanal istehsal etmir. Əlbəttə, sifarişçiyə irad bildirmək kimi ixtiyarları var, amma tək İTV deyil, həmin reklam çarxını nümayiş etdirən bütün televiziya kanalları, hətta Audiovizual agentlik belə buna fikir vermir. Təəssüf".
Ləman Ələşrəfqızı həmkarının şərhini belə cavablandırıb: "Şakir Eminbəyli, başa düşürəm. Dəyişdirsin səsləndirəni. Reklamdır, puldur deyə geri çevirə bilmirlər. Birdən qayıtmaz...
Şakir Eminbəyli: "Ləman xanım, reklam çarxına hər hansı bir dəyişiklik yalnız sifarişçi tərəfindən edilə bilər. Müəllif hüququ sifarişçiyə məxsusdur. Yayım kanalı sadəcə yayımla məşğuldur və dərinə getsək reklam məhsulunun bədii-estetik, eləcə də audio vizual tərəfi onun heç vecinə də deyil.
Pulunu alır, efirə verir".
Ləman Ələşrəfqızı: "Mən də onu deyirəm də. Dəyişdirsin deyəndə özünü nəzərdə tutmuram. Geri çevirsin, dəyişdirtsin, sonra versin efirə. Etmirlər. Qorxurlar, sifarişçi hürküb qaçar".
Tarix: 15-07-2024, 22:20