Nazir müavini yalan danışdı, jurnalistlər də sorğulamadı

Nazir müavini yalan danışdı, jurnalistlər də sorğulamadı


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib ki, ölkədə taksi fəaliyyətində xidmət keyfiyyəti artıb: "Həyata keçirilən tədbirlər və qanunvericiliyin təkmilləşdirilməsi nəticəsində taksi fəaliyyətində xidmət keyfiyyətinin yüksəlməsi müşahidə edilir”. 
O bildirib ki, Bakıda taksilərin sayı 67-70 mindən 35 minə enib: "Qanunla müəyyən edildiyi kimi yaşı çox olan avtomobillər artıq taksi xidmətlərindən kənarlaşdırılıb. Bu avtomobillər taksi aqreqatorlarının sistemindən çıxarılıb”.
AYNA sədri Anar Rzayev isə əlavə edib ki, həyata keçirilən tədbirlərin əsas məqsədi ictimai nəqliyyatın təşviqi və şəxsi minik avtomobillərindən istifadəni azaltmaqdır: "Bu dövrdə 200 avtobus təmir edilərək xidmətə verilib, yeni marşrut xətləri açılıb, ümumilikdə 560 avtobus ictimai nəqliyyat sisteminə əlavə edilib”.
Nazir müavini xidmət keyfiyyətinin hansı meyarla ölçüldüyünü açıqlamayıb. 
Maraqlıdır ki, bunu tədbirdə iştirak edən jurnalistlər də sorğulamayıblar. 
Beynəlxalq standartlarda taksi xidmətinin keyfiyyəti əvvəlki illərlə müqayisəli şəkildə ölçülür. Bura taksi xidmətinin operativliyi, ünvana vaxtında çatması, sürücülərin davranış qaydaları, xidmət göstərən avtomobillərin standartlara tam cavab verməsi, taksi xidmətindən istifadə edən vətəndaşların rəyi, sorğular və s. amillər daxildir. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin isə əvvəlki illərdə belə bir müqayisə apardığına dair heç bir məlumat yoxdur. 
Ekspertlər isə deyirlər ki, nazirliyin belə bir mexanizmi də mövcud deyil. 
İndiki halda isə taksi fəaliyyətinin keyfiyyətini yalnız xidmətdən istifadə edən vətəndaşlar qiymətləndirə bilərlər. Görünür, nazirlik "islahat" adı ilə həyata keçirdiyi addımlara "don geyindirmək" üçün sadəcə, söz xatirinə danışır. Bu da ondan irəli gəlir ki, cəmiyyətdə hesabatlılıq yoxdur, onu bu fikrinə görə sorğulayan da olmayacaq. 
Tarix: 19-07-2024, 23:12
Xəbəri paylaş





Xəbər lenti