"Səhhətim işləməyə imkan vermir, amma təqaüdü də ala bilmirəm" - Qarabağ Qazisi NƏ ETSİN?
“11 ildir qazi olduğum üçün aldığım pensiyam və müharibə əlilləri üçün verilən Prezident təqaüdüm 4 il öncə dayandırıldı. Səhhətim işləməyə imkan vermir, amma təqaüdü də ala bilmirəm”.
Bu şikayətlə “Qafqazinfo”ya Birinci Qarabağ Müharibəsinin qazisi Şirxan Əliyarov müraciət edib.
Onun sözlərinə görə, sözügedən müharibə nəticəsində kəllə-beyin travması alıb: “Haradasa 2010-cu ildən mənə təqaüd verilirdi. Lakin 2020-ci ildə aldığım pulu kəsdilər. Müraciət etdim, amma dedilər ki, yenidən müayinədən keçməlisiniz. Müalicə aldıqdan sonra müraciətim zamanı iş qabiliyyətimin olduğunu bildirdilər. Mənim 54 yaşım var, səhhətimlə bağlı və uşaqlarıma baxdığım üçün heç yerə çıxa bilmirəm, qaldı ki, işləyim...”
Qazi onu da bildirib ki, himayəsində olan iki azyaşlı uşaq üçün də sosial yardım düzəltdirə bilmir: “İki uşağım var, anaları yoxdur, onları mən böyüdürəm. Buna baxmayaraq, uşaqlarım üçün də sosial yardım ala bilmirəm. Ona görə də çətinliklərlə üzləşirəm”.
Məsələ ilə bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə sorğu göndərdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sorğumuza cavab olaraq bildirdi ki, bununla əlaqədar son 2 ildə heç bir müraciət daxil olmayıb: “Ağdam rayon sakini Əliyarov Şirxan Teymur oğlunun əlilliyinin qiymətləndirilməsi ilə bağlı son 2 il ərzində heç bir müraciəti olmayıb, həmçinin tibb müəssisəsi tərəfindən də həmin müddətdə onunla bağlı forma-88 göndərişi rəsmiləşdirilməyib.
Əlilliyinin qiymətləndirilməsi üçün Ş.Əliyarov ilk növbədə qeydiyyatda olduğu ərazi üzrə tibb müəssisəsinə müraciət etməlidir. Tibb müəssisəsi tərəfindən onunla bağlı yeni forma-88 sənədi rəsmiləşdirildikdən sonra Ş.Əliyarovun əlilliyi qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcək. Bu barədə Agentlik tərəfindən onunla əlaqə saxlanılaraq məlumat verilib”.
Şirxan Əliyarovun 2 azyaşlı övladına görə heç bir sosial müavinət almaması ilə bağlı Dövlət Sosial Müdafiə Fondu ilə də əlaqə saxladıq. Qurumdan saytımıza bildirildi ki, vətəndaşa əlillik müddəti ərzində aylıq sosial ödəniş edilib: “Əlilliyə görə aylıq sosial ödəniş əlillik müddətində verilir və əlillik müddəti uzadıldığı halda əlilliyə görə həmin ödəniş də davam edir. Əliyarov Şirxan Teymur oğluna da əlillik müddəti ərzində aylıq sosial ödəniş edilib. O, hazırda müharibə veteranı kimi aylıq təqaüd alır.
Ş.Əliyarov ailəsinin ünvanlı sosial yardımla təminatı üçün bu ilin yanvar ayında elektron sistem üzərindən müraciət edib, lakin maddi-məişət şəraitinin müayinəsi üçün qeyd etdiyi ünvana dəfələrlə gedilsə də, həmin ünvanda heç kəs olmayıb.
Fevral ayındakı müraciətinə baxılarkən isə ərizə-bəyannamədə göstərilməli olan bəzi məlumatları qeyd etmədiyi müəyyən edilib və imtina qərarı verilib.
Sonrakı dövrdə isə onun tərəfindən ünvanlı sosial yardımla bağlı elektron sistem üzərindən müraciəti olmayıb”.
Qeyd edək ki, Ş. Əliyarov müharibə əlilləri üçün aldığı Prezident təqaüdündən 300 manat, qazi olması ilə bağlı 500 manat pensiyası və 60 manat sosial müavinəti ilə birlikdə ümumilikdə, 860 manat alırmış.