Yaşa görə pensiya verməmək missiyası davam edir - Pensiya yaşı artdıqca, pensiyaçı sayı azalır...
Ölkədə 2017-ci ildən pensiya yaşı xüsusi metodla hesablanır. Buna qədər kişilər 63, qadınlar 60 yaşında pensiyaya çıxmaq hüququ əldə edirdi. Qadınların daha çox ömür sürməsi tendensiyası nəzərə alınaraq, balans yaradılması qərarı verildi. Üstəlik, hər iki cins üçün pensiya yaşının 65-ə çatdırılması prosesi başladı. Kişilər bu həddə 2020-ci ilin iyulun 1-də çatdı. Qadınlarda bu aydan pensiya yaşı 64-dür. İki il sonra proses başa çatacaq və ölkədə hamı yaşa görə 65 tamam olanda pensiyaya çıxa biləcək.Bizimyol.info xəbər verir ki, son 7 ildə yaşa görə pensiya alanların sayı təxminən 74 min nəfər azalıb. Əslində, rəsmi rəqəmlər ölkədə yaşı 65-ə çatan şəxslərin sayının artdığını deyir. 2017-ci ildə onların sayı 620 minə çatırmış. İndi isə ölkədə 800 mindən çox belə şəxsə rast gəlinir. Amma yaşa görə pensiya verməmək missiyası özünü göstərib. Say kəskin azaldılıb. 2024-cü ilin mayında verilən məlumata görə, ölkədə yaşa görə 708 min nəfər pensiya ala bilir.
Əslində, azalma 74 min nəfər yox, daha çoxdur. Son 7 ildə yaşı 65-ə çatanların sayı 200 min nəfərə qədər artıb. Amma pensiya veriləcək şəxslərin sayında 10 faiz azalma var. Belə rüsvayçı mənzərəyə hər ölkədə rast gəlmək olmur. Elə bil pensiyaçıların “soyqırımı” həyata keçirilir.
Yaşlı adamların təqaüdü xüsusilə ucqar yerlərdə çox işə yarayır. Necə deyərlər, həyatı xilas edir. Çünki bölgələrdə işsizlik faizi yüksəkdir. Kəndlərdə insanlar pul əldə etmək üçün min bir əziyyətə qatlaşırlar. Kənd təsərrüfatı ilə dolanmaq mümkünsüzə çevrilib. Susuzluq, sosial ədalətsizlik insanları əldən salıb. Sosial yardım almaq imkanları hər cəhdlə məhdudlaşdırılır. Bir az ümid pensiyaya qalmışdı. Burada da əhali ciddi zərbə alıb. Ölkədə kişilərin 48 faizi pensiya yaşına çatmadan həyatla vidalaşır. Pensiya yaşının artırılması onları ölümə tərk etməkdir. Hər il pensiyaçı sayında azalma olur. Hələ iki il də belə davam edəcək. Qadın pensiyaçıların ümumi sayında azalmanı görəcəyik. Əhali bir az da divara sıxılacaq. İnsnalar üçün həyat daha dözülməz xarakter alacaq.
Tarix: 27-07-2024, 21:53