ƏMDX qanunsuz ödəniş tələbini TŞ-nin qərarı ilə əsaslandırır
Azərbaycan Respublikasında ən yüksək hüquq qüvvəsinə malik olan
qanunun Azərbaycan Respublikasının Konstitusiyasının olması elə Ana
Qanunun 147-ci maddəsində yazılıb. Konstitusiyanın 149-cu maddəsinin III
hissəsinə görə, qanunların icrası və tətbiqi məcburidir. Di gəl, məcburi
icra edilməli aktları tətbiq etmək dövlət qurumlarının heç yadına düşmür.
Yada salanda isə elə əndrabadi cavablarla, izahatla üzləşirsən ki!
30 ildən çoxdur istifadələrində olan bağ sahəsinə qeydiyyat çıxarışı almaq
istəyən Qarabağ savaşı veteranlarına İqtisadiyyat Nazirliyi, yanındakı
Əmlak Məsələləri Dövlət Xidməti sənədlərlə birlikdə “ ASAN Xidmət”
mərkəzlərinə müraciət etməyi məsləhət görüb. 06.06.2024-cü ildə 5 saylı
“ASAN Xidmət” mərkəzində sənədlər qəbul olunub və 04.07.2024-cü ildə
qeydiyyat çıxarışının hazır olacağı bildirilib. Qarabağ qaziləri “müharibə
veteranı” vəsiqələrini də təqdim edib, “Veteranlar haqqında” qanunun 11-
ci maddəsinə əsasən ödənişdən azad olduqlarını vurğulayıblar. İnsafən,
sənədləri qəbul edən şəxs də bu “azadlığa” “hə” deyib və heç bir ödəniş
tələb etməyib. Heç demə, ödəniş sənəd hazır olandan sonra tələb
edilirmiş.
12.07.2024-cü ildə ƏMDX sms-lə sənədin hazır olduğunu və dövlət
rüsumunun 125 manat, xidmət haqqının 118 manat təşkil etdiyini bildirib.
“Veteranlar haqqında” qanunun 11-ci maddəsinin 2-ci abzası bir daha
“skrin-şot” edilib ƏMDX-nın qanunsuz ödəniş tələb edən diqqətinə
çatdırılıb: “MÜHARİBƏ VETERANLARININ İSTİFADƏSİNDƏ OLAN
DÖVLƏT BAĞLARI VƏ BAĞÇILIQ sahələri ƏVƏZSİZ olaraq onların
ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilir”. Bu diqqətə çatdırmaya cavab verməyi
ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə (DƏDKR)
tapşırıb. DƏDKR-in cavabı elə əndrabadi olub ki, hüquq orqanlarının işə
qarışmasını qaçılmaz edir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz
Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin idarə
heyətinin sədr müavini Elvin Məmmədovun 23.07.2024-cü il tarixində
imzaladığı cavabla bildirilib ki, daşınmaz əmlak üzərində hüquqların
dövlət qeydiyyatı və nəzərdə tutulan ödəmələrlə bağlı yaranan
münasibətlər (?-M.B.) “ Daşınmaz əmlakın dövlət reyestri
haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarla və DİGƏR
QANUNVERİCİLİK AKTLARI (seçdirmə bzimdir- M.B.), eləcə də Tarif
Şurasının 31.07.2023 tarixli 5 nömrəli qərarı ilə tənzimlənir”. Heç
demə, Tarif Şurasının 31.07.2023 tarixli, 5 nömrəli qərarı ilə şəhid
ailələrinin, hərbi əməliyyatlar nəticəsində ƏLİL olmuş hərbi
qulluqçuların və mülki şəxslərin daşınmaz əmlaklarına
hesablanmış xidmət haqqı məbləğlərinə 0.5 əmsalı tətbiq edilir.
Bunu DƏDKR-in müavini Elvin Məmmədov bildirir, amma “daşınmaz
əmlaka hesablanmış xidmət haqqı məbləğinin” nə demək olduğunu və
haradan götürüldüyünü açıqlamır. Eləcə də DİGƏR QANUNVERİCİLİK
AKTLARI ilə nəzərdə tutulan tənzimləmələrə aydınlıq gətirilmir. Axı,
vurğuladığımız kimi, “Veteranlar haqqında” qanunun 11-ci maddəsi
müharibə veteranlarının istifadəsində olan bağ sahələrinin
ƏVƏZSİZ , yəni heç bir xidmət haqqı, rüsum ödənilmədən onların
ŞƏXSİ MÜLKİYYƏTİNƏ verilməsini doğrulayır! İqtisadiyyat Nazirliyi ,
ƏMDX , DƏDKR bəyəm Tarif Şurasının (məsələyə aid olmayan) qərarını
QANUNdan üstün tutur? Belə qanun aliliyi, hüquq üstünlüyü təmin olunar?
Açıq-aşkar qanunun , konstitusiyanın rüşvətə, korrupsiyaya qurban verildiyi
göz önündədir.
Əcəb hüquqdur, TARİF ŞURASI QƏRARLA QANUNU, KONSTİTUSİYANI
LƏĞV EDİB! Yəqin “LƏĞVETMƏ KOMİSSİYASI” da öz sözünü deyər.
Məğrur Bədəlsoy
TEREF
Tarix: 27-07-2024, 22:06